AZ EN RU

“Ləzzət Qida Sənaye” MMC-də yeni istehsal sahəsi yaradılır

    Azərbaycanda həyata keçirilən genişmiqyaslı iqtisadi siyasətin əsas nailiyyətlərindən biri də sənayenin müxtəlif istiqamətlərinin müəyyən olunması və inkişaf etdirilməsidir. Bu baxımdan son dövrlərdə neftdən əldən edilən gəlirlərin yeni istehsal müəssisələrinin yaradılmasına yönəldilməsi təsadüfi deyildir. Artıq bu istiqamətdə çox mühüm və ardıcıl layihələr həyata keçirilir. Dövlətimizin başçısının müvafiq tapşırıq və sərəncamlarına uyğun olaraq müasir istehsal sahələrinin yaradılması və istifadəyə verilməsi iqtisadiyyatın gücləndirilməsinə xidmət edir. Bu da ölkədə rəqabətədavamlı və keyfiyyətli məhsullar istehsal etməyə geniş imkanlar açır.

    Naxçıvanda “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətində salfet istehsalı sahəsinin yaradılması sənayenin bu sahəsinin inkişafını daha da sürətləndirəcəkdir. Belə müəssisələr həm də rəqabətədavamlı məhsul istehsal etməklə ölkə­mizdə gedən iqtisadi inkişaf proseslərinə mühüm töhfə verəcəkdir. 
    Yaxın zamanlarda məhsul istehsalına başlayacaq müəssisə Sahibkar­lığın İnkişafı Fondu tərəfindən verilmiş güzəştli kredit və “Ləzzət Qida Sənaye” MMC-nin vəsaiti hesabına inşa olunub. Müəssisədə artıq tikinti işləri yekunlaşıb, hazırda sınaq istehsalı və avadanlıqların tənzimlənməsi işləri aparılır.
    İstehsal sahəsində yüksəkkeyfiyyətli kağız məmulatları – salfet, mətbəx dəsmalı, tualet kağızı, qutu salfetlər və digər çeşidlər istehsal olunacaqdır. Müəssisənin istehsal gücü gündə 8 ton hazır məhsul çıxarılmasına imkan verir. Türkiyənin bu sahədə aparıcı şirkətlərinə məxsus avadanlıqlar vasitəsilə istehsal olunacaq məhsullar bazar şəraiti və rəqabət mühitinə uyğun şəkildə istehlakçıya təqdim olunacaqdır.
    Bu layihənin Naxçıvan ərazisində həyata keçirilməsi şəhərin sosial-iqtisadi inkişafında və əhalinin məşğulluğunun təmin olunmasında mühüm əhəmiyyətə malikdir. Müəssisənin tam şəkildə işə düşməsi nəticəsində 20 nəfərlik yeni iş yerinin açılması nəzərdə tutulur. 
    Layihənin əhəmiyyəti ilə bağlı digər vacib məqam yerli kadr bazasının gücləndirilməsi, beynəlxalq standartların tələblərinə uyğun olan istehsal prosesinin daha geniş şəkildə öyrənilməsi, eləcə də gələcəkdə bu sahənin muxtar respublikada təkmilləşdirilməsi və inkişafıdır.
    Qeyd olunmalıdır ki, ilkin mərhələdə məhsulların daxili bazarda və Azərbaycanın digər regionlarında satışı nəzərdə tutulur, növbəti mərhələdə isə ixracın təşkil edilməsi planlaşdırılır.

Naxçıvan Muxtar Respublikası 
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 10.02.2023 13:25