AZ EN RU

Lələtəpəyə bayraq sancan şəhidim

Zülfü Zülfəli oğlu Rzayev

09.05.1993-27.09.2020

Zülfü kiçik yaşlarından dəcəl uşaq idi. Məktəbdən bir şikayət olan kimi tez Zülfüdən şübhələnirdim. Amma böyüdükdən sonra başqa uşaq oldu. Onun hərəkətləri yadıma düşdükcə fikirləşirəm ki, Zülfü, həqiqətən, şəhid doğulub. 

Zülfü çox diqqətcil, mehriban idi. Şəhid olduqdan sonra cib dəftərçəsi əlimizə gəlib çatdı. Baxdıq ki, nə qədər qohum-əqrəba var, böyükdən-balacaya onların hamısının doğum tarixlərini dəftərə qeyd edib. Hər dəfə kimin ad günü olurmuş mütləq zəng vururmuş. 
Hərbiyə gedəndən sonra sürprizləri çox sevərdi. O heç vaxt evə gələndə bizə deməzdi. Səhər dururduq ki, ayaqqabıları qapının ağzındadır. Gedib yerinə baxırdıq ki, yatıb. Soruşurduq, niyə belə edirsən? Gələndə de. Deyirdi, kəşfiyyatçıyam, belə də olmalıdır.
Ən böyük arzusu Zəngəzur yolunun açılması idi. Deyirdi, ana, bu yol açılsa, Füzuliyə çox tez-tez gedib-gələcəksən. Mənim payımı özün gətirəcəksən. Heç kimlə göndərmərsən. 
Arzularından biri də altı övladının olması idi. Amma övlad sahibi ola bilmədi. Deyirdi, birinci qızımın adını Lalə qoyacağam. Çünki Lələtəpəyə özüm bayraq sancmışam. Oğlum olsa, Cəbrayıl, Füzuli qoyacağam. İndi də o arzu mənim arzumdur. İnşallah, Fuad oğlumun övladlarına Zülfünün istədiyi adları qoyacağam. 
Bir dəfə dedim ki, Zülfü, evlənəndən sonra da məni bu qədər çox istəyəcəksən? Dedi, ana, mən indi səni nə qədər çox istəyirəmsə, onda da istəyəcəyəm. İnanın ki, mənimlə nəfəs alırdı. Çox zarafatcıl idi. Hər sözə zarafatdan ibarət bir qarşılıq tapırdı. 
Fikri Fuadın yanında idi. Atası çox tələbkar idi. Hər zaman deyirdi, belə oturun, belə durun, ağır olun. Zarafatla deyirdi, ana, mən qaçdım getdim, Fuad qaldı. Bir də ən böyük arzusu idi Fuadı həkim görmək. Elə hey deyirdi ki, Fuadı Türkiyədə ixtisasını artırmaq üçün oxumağa göndərəcəyəm. Çox istəyirdi, savadlı həkim olsun.
Zülfü Vətəni, milləti, bayrağı o qədər sevirdi ki, canını bu torpağa qurban verdi. Vurulduqdan sonra son sözü o olub ki, bu tezlikdə gözləmirdim. Çünki o daha çox döyüşdə olmaq istəyib. Mənim Zülfüm də digər şəhidlərimiz kimi sevdiyi torpağa qovuşdu. Nə deyim, çox qürurluyam. Amma çox da ağırdır. 

Nəşr edilib : 12.06.2024 12:11