AZ EN RU

Layihənin moderatoru: “Bookfest” Naxçıvan Kitab Festivalında 900 çeşiddə, 70 minə yaxın kitab və digər nümunələr sərgilənir”

Mayın 8-də Naxçıvan şəhərindəki  “Saat Meydanı”nda konüllülərin fləşmobu ilə başlayan “BOOKFEST” Naxçıvan Kitab Festivalı uğurla davam edir. Bu gün muxtar respublikanın dövlət rəsmilərinin iştirakı ilə “COP29” və “Bütün nailiyyətlərimizə görə borclu olduğumuz insanlar” mövzularında aktual panel müzakirələri olacaq. Eyni zamanda Ümummilli Lider Heydər Əliyevin 101 və Naxçıvanın 100 illiyinə həsr olunmuş “Naxçıvanın tərənnümü” etüd sərgi-müsabiqəyə də start verilir. Sərgi 60 şagird və tələbənin iştirakı ilə  keçirilir, müsabiqənin sonunda təşəkkürnamə ilə təltifetmə olacaq.
Bu sözləri “Şərq qapısı”na müsahibəsində kitab festivalının moderatoru, "Şərq qapısı" qəzetinin əməkdaşı Fariz Əhmədov söyləyib. 
O deyib: “Festivalda 900 çeşiddə, 70 minə yaxın kitab və digər nümunələr sərgilənir. Kitablar oxuculara 30 və 70 faiz endirimlə təklif olunur. Tanınmış yazarların imza, oxu və şeir saatları, panel-müzakirələr gənclərdə “Bookfest”ə böyük maraq oyadır. Ümid edirik ki, gərgin əməklə ərsəyə gətirilən bu sərgi hər birimizin ürəyincədir. Sevilən ifaçıların bir-birindən maraqlı mahnı, musiqi nömrələri də sərgiyə əlavə rəng qatır”  
“Naxçıvan Kitab Festivalında “Kitab hədiyyə et, dəyər qat” marifləndirici aksiya da keçirilir. Aksiya çərçivəsində dünən cəzaçəkmə müəssisəsi üçün kitablar hədiyyə edildi, sonuncu gün Ordubad şəhər İnternat tam orta  məktəbində, Şahbuz rayon Ahıllar Evində də kitabsevərlərə kitablar təqdim olunacaq”- deyə Fariz Əhmədov əlavə edib. 


Nail ƏSGƏROV

Nəşr edilib : 10.05.2024 13:11