AZ EN RU

Layihənin bağlanış mərasimi keçirilib

    Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “İdeyanı reallaşdır – 2022” qrant müsabiqəsinin qalibi “TAP-MAT intellektual şahmat oyunu üzrə birincilik” layihəsinin final mərhələsi olub. 

    Tədbirdə çıxış edən universitetin rektoru, dosent Elbrus İsayev layihənin missiyası, tələbələrə qazandırdığı bilik və təcrübə, həmçinin tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün belə layihələrin həyata keçirilməsinin önəmini vurğulayıb. 
    Sonra Naxçıvan Dövlət Universiteti Tələbə-Gənclər Təşkilatının sədri Əziz Qasımov və layihə rəhbəri Adəm Məmmədov çıxış ediblər. Qeyd olunub ki, layihə çərçivəsində muxtar respublikada yerləşən ali və orta ixtisas təhsili müəssisələrində seçim turları keçirilib. Seçim turunda 96 tələbə-gənc iştirak edib və hər təhsil müəssisəsindən qaliblər oyunun final mərhələsinə vəsiqə qazanıb.
    Sonda videoçarx nümayiş etdirilib. Seçim turlarında və finalda qalib olan iştirakçılar diplom, medal və kubokla təltif olunublar. 
    Qeyd edək ki, “TAP-MAT” intellektual şahmat oyunu Naxçıvan Dövlət Universitetinin əməkdaşları tərəfindən hazırlanıb, Əqli Mülkiyyət Agentliyi tərəfindən müəlliflik hüququ şəhadətnaməsi alıb.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və 
ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 24.02.2023 22:19