AZ EN RU

Layihə rəhbəri: 2026-cı ildə STEAM məzmununun əhatə dairəsinin 280 min şagirdə çatdırılması planlaşdırılır

STEAM Azərbaycan Festivalı üçüncü ildir ki, beynəlxalq səviyyədə keçirilir. STEAM 2019-cu ildən başlayaraq 396 məktəbdə 150 minə yaxın şagirdi əhatə edir.

Bunu STEAM Azərbaycan layihəsinin rəhbəri İqrar Nəzərov SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalının açılış mərasimində söyləyib. O bildirib ki, 2026-cı ildə STEAM məzmununun əhatə dairəsinin 280 min şagirdə çatdırılması planlaşdırılır.

Bu il Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin açılışı olduğunu xatırladan İqrar Nəzərov bu məktəb də daxil olmaqla ölkədə 25 STEAM mərkəzinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

“Builki tədbirimiz Bakı Ekspo Mərkəzi ilə yanaşı, Bakı Dəniz Limanında da keçirilir”, - deyə İ. Nəzərov qeyd edib.

Layihə rəhbəri festivalda 11 ölkənin iştirak etdiyini söyləyib: “Festivalda 96 münsif və hakim iştirak edir. Hazırda final mərhələsində 1027 nəfər mübarizə aparır. Onlardan 520 nəfəri Bakı, 348 nəfəri regionlar, 159 nəfəri isə xarici ölkələrdən festivala qatılıblar".

SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalı dekabrın 8-dək davam edəcək.

Nəşr edilib : 04.12.2023 11:14