AZ EN RU

Las-Veqas şəhərində keçirilən beynəlxalq konqresdə muxtar respublikamız uğurla təmsil olunub

    Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin Stomatologiya kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru Rauf Cəfərov Amerikanın Las-Veqas şəhərində keçirilən ICOI (Beynəlxalq İmplantoloqlar Konqresi) yaradılmasının 50 illiyi ilə bağlı yubiley mərasimində iştirak edib. Konqresə Azərbaycandan, ümumilikdə, 15 nəfər stomatoloq-implantoloq qatılıb. Yubiley tədbirində muxtar respublikamızı implantoloq Rauf Cəfərov təmsil edib.
    Simpozium iştirakçılarına implantologiyada tətbiq olunan müasir metodlar, yeni implantoloji üsullar barədə ətraflı məlumat verilib. “Ziqomatik implantlar” adlanan üsulla tanış olan stomatoloqlara bildirilib ki, bu implantın digərindən fərqi ondadır ki, atrofiyalaşmış (sümüyü itmiş)  çənələrdə digər ağır əməliyyatlar aparmamaq şərtilə bu implantoloji üsuldan istifadə etməklə diş sırası qüsurunu tam şəkildə bərpa etmək olur. Simpozium iştirakçılarına, həmçinin bu implantların yerləşdirilməsi ilə bağlı ustad dərsləri keçirib. 
    Qeyd edək ki, proqram çərçivəsində qonaqlar üçün Las-Veqas şəhərinin gəzməli yerlərinə helikopterlə şəhər gəzintisi təşkil olunub. Səfər müddətində iştirakçılar Los-Anceles şəhərində Hollivudu da ziyarət ediblər. 

Səadət ƏLİYEVA

Nəşr edilib : 22.11.2022 21:15