AZ EN RU

Laçının azadlığı qətiyyətli hərbi-siyasi iradənin təntənəsidir...

    “Bir insan erməni ola bilər, ancaq bir erməni insan ola bilməz...” Tarixin yarıqaranlıq, yarıişıqlı səhifələrini vərəqlədikcə tez-tez alman filosofu, siyasi nəzəriyyəçi, jurnalist Karl Henrix Marksın bu sözlərinə haqq qazandırmaya bilmirik. Elə 1992-ci il mayın 18-də xalqımıza qarşı törədilən növbəti vəhşilik, bəşəriyyət əleyhinə cinayət də bu millətin insanlıqdan kənar utancverici xislətə sahib olduğunu bir daha təsdiqlədi. Bu məqamda, xüsusilə vurğulamaq yerinə düşər ki, mənfurlar tarixboyu xoflandıqları, qorxulu röyalarının rəmzi kimi “Qarabağın qara qapısı” adlandırdıqları Laçını nə vaxtsa zəbt edəcəklərini, soydaşlarımızı o qapıdan çıxaracaqlarını, öz dədə-baba torpaqlarından didərgin salacaqlarını əvvəllər heç xəyallarına belə gətirə bilmirdilər. 1905-ci, 1918-1920-ci illərdə baş verən hadisələrə nəzər yetirəndə bu qorxunun, təşvişin nədən qaynaqlandığı, necə yarandığı gün kimi aydın olur. Belə ki, həmin illərdə Xosrov və Sultan bəy qardaşlarının rəhbərliyi altında bu yurdun qəhrəman oğulları Qarabağda, Laçında erməni təcavüzkarlarına sarsıdıcı zərbələr vurub, xüsusi qəhrəmanlıqlar, igidliklər nümayiş etdirib, uzun müddət ermənilərin çirkin planlarının, məkrli niyyətlərinin reallaşmasının qarşısını alıblar...

    İnsanlığa ləkə salan erməni quldurları havadarları sayəsində ürəkləndilər, ölkəmizdə xalqın taleyi ilə oynayan dırnaqarası siyasətçilərin çıxardığı siyasi qarşıdurmadan, böhrandan, hərc-mərclikdən də cəsarətə gələrək kiçik Qafqaz dağlarının füsunkar təbiətə malik ərazisini, strateji baxımdan mühüm coğrafi mövqedə yerləşən Laçın rayonunu işğal etdilər. Bir şəhəri, bir qəsəbəsi, 125 kəndi, 1835 kvadratkilometrlik ərazisi olan Laçın başdan-başa vandalizmin, vəhşiliyin qurbanına çevrildi.18 may səhəri doğan bahar Günəşi bir anda qış çovğununa, şaxtasına çevrilərək ömürləri, həyatları dondurdu, buza döndərdi Laçında. Bağ-bağçalar barıt qoxusuna büründü, neçə-neçə arzular, ümidlər yarımçıq qaldı, şən-şaqraq uşaq səsləri gələn, ağsaqqal, ağbirçək nəfəsi duyulan həyət-bacalar, evlər miskinlik libası geyindi, ceyran-cüyür qaçan dağlara-dərələrə, qoyun-quzu mələşən yaylaqlara vahimə düşdü, “ay Laçın, can Laçın, mən sənə qurban Laçın!” sözləri qəlblərini göynətdi öz doğma elindən, obasından didərgin salınan insanların...
    İşğal nəticəsində 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi, mədəniyyət və dini abidələrimiz dağıdıldı, 13 min 745 yaşayış evi, 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə, 462 ticarət, 96 məişət və digər obyektlər bütün əmlakı ilə birlikdə talan edildi, məhvə düçar oldu. 72 min hektarlıq yaylaq sahəsi, 34 min hektar nadir və zəngin meşə zolağı olan Laçın rayonunda ictimai və şəxsi təsərrüfatlarda bəslənən 25 min baş iribuynuzlu heyvan, 200 min başdan artıq davar, minlərlə arı ailəsi, əhalinin bütün varidatı qarət olundu. Müxtəlifrəngli mərmər, kobalt, bazalt, civə, qızıl, dəmir, uran, qranit yataqları, yeraltı və yerüstü sərvətlərimiz işğal müddətində talan edilərək çirkin məqsədlər üçün istifadə edildi. Bütövlükdə, o dövrkü qiymətlərlə rayona dəymiş ziyanın miqdarı 7 milyard ABŞ dollarından çoxdur. Ən ağrılı, dözülməz hadisə, təbii ki, köməksiz, əliyalın laçınlıların düşmənin amansızlığı ilə üz-üzə qalması idi. Rayon sakinlərindən 238-i ermənilər tərəfindən ağır işgəncələrlə, insanlığa yaraşmayan üsullarla öldürüldü, 66 nəfər itkin düşdü, 120 nəfər müxtəlif bədən xəsarəti alaraq şikəst oldu, yüzlərlə uşaq bir valideynini, 31 uşaq isə hər iki valideynini itirdi. Bütün bu sadalanan faktlar erməni quldurlarının vəhşiliyinin misligörünməmiş səviyyədə olduğunu açıq şəkildə göstərməklə yanaşı, həm də özünü demokratik haqları müdafiə edən hüquqi dövlət, qurum kimi tanıtmağa çalışan dünyanın bir sıra nüfuzlu beynəlxalq təşkilatlarının, ölkələrin iç üzünü ortaya çıxardı, ermənipərəstliyi, ikili standartları ifşa etdi...
    Qarabağda, Azərbaycanda hər zaman mühüm strateji mövqeyi ilə yanaşı, həm də qədim tarixi, güclü iqtisadi, turizm potensialı, zəngin təbii sərvətləri, əsrarəngiz gözəlliyi ilə sayılıb-seçilən bir bölgə kimi tanınıb Laçın. Məskunlaşmanın tarixi eramızdan əvvəl II-I minillikdən başlayan, ərazisindəki IX əsrə aid Ağoğlan qəsri, XI əsrə aid Dəmrovlu pir məbədi, XII əsrin abidəsi Malik-Əjdər türbəsi, XV əsrin yadigarı Uşaq qalası, XVII əsrin nişanələrini saxlayan Kar günbəz, orta əsrlərin yadigarları olan birtağlı və ikitağlı körpülər, su dəyirmanları, Mirik kəndindəki Qaranlıq kaha, Bayqara mağaraları, Hoçaz kəndindəki mağara-məbəd ululuğundan, türk tayfalarına məxsusluğundan söz açır bu yurdun. Şərqində yerləşən Qarabağ silsiləsinin cənub-qərb yamacları, şimalındakı Mıxtökən silsiləsi, cənub-qərb hissəsini tutan Qarabağ yaylası, hündürlüyü 3594 metr olan ən yüksək dağ zirvəsi Qızılboğaz coğrafi quruluşunun fərqliliyini dilə gətirir, heyvandarlığın inkişafından bəhs edir. Araza qovuşan, bol su ehtiyatlarına malik Şəlvə, Minkənd, Həkəri çayları, Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turş-tiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqları, zəngin meşələri, yaylaqları rayonun güclü turizm potensialından xəbər verir. Başdan-başa canlı muzeyi xatırladan Laçının təbiətində 28 il ərzində ermənilərin çapıb-taladığı, viran qoyduğu sərvətlər saymaqla bitməz xərcləməklə tükənməz idi... 
    Haqq nazilər, amma üzülməz, – deyiblər. Üzülmədi də, əksinə, daha da bərkidi, möhkəmləndi, “Dəmir yumruğ”a çevrildi qüdrətli dövlətimizin, yenilməz xalqımızın birliyi, bərabərliyi sayəsində. Ümummilli liderimiz Heydər Əliyevin yoluna sədaqət göstərən Müzəffər Ali Baş Komandan, qətiyyətli ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın müddətdə əzəli yurdumuz Qarabağın əbədi azadlığa qovuşması uğrunda siyasi, iqtisadi, informasiya, hərbi, ümumiyyətlə, bütün sahələrdə haqlı savaşımızı apardıq. Və nəhayət, uğurlu Aprel döyüşləri, Günnüt əməliyyatı ilə başlanan Zəfər yürüşümüz 44 günlük Vətən müharibəsində qazanılan Böyük Qələbə ilə yekunlaşdı. Ölkə­mizin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi              4 qətnaməyə, eləcə də Qarabağ müharibəsi ilə bağlı Avropa İttifaqı, Avropa Şurası və digər beynəlxalq təşkilatların qərarlarına məhəl qoymayan Ermənistan müzəffər Ordumuzun, qəhrəman əsgərlərimizin səriştəsi önündə təslim oldu, döyüş meydanında diz çökdü, Ali Baş Komandanın qətiyyətli addımları, hərbi-siyasi mövqeyi qarşısında ağ bayraq qaldırdı. Ölkə Prezidenti cənab İlham Əliyevin də dediyi kimi “...Biz şəhidlərimizin canı, qanı bahasına, qəhrəman əsgər və zabitlərimizin fədakarlığı sayəsində bu gün bu torpaqlardayıq. Heç kim bu torpaqları bizə bağışlamayıb, heç kim bu torpaqları bizə danışıqlar yolu ilə qaytarmayıb. Beynəlxalq təşkilatlar, o cümlədən BMT, onun Təhlükəsizlik Şurası, ATƏT işğalçı dövləti məcbur edib buradan çıxarmalı idi. Ermənistana qarşı sanksiyalar tətbiq edilməli idi. Bunların heç biri görülmədi. Əksinə, bu işğalı əbədiləşdirmək üçün Ermənistan, dünya erməniliyi və onların xaricdəki havadarları birləşərək bu çirkin niyyəti həyata keçirmək istəyirdilər. Mən isə həmişə deyirdim ki, Azərbaycan xalqı buna heç vaxt razı olmayacaq. Həmişə deyirdim ki, məsələ sülh yolu ilə həll olunmasa, bunu hərb yolu ilə həll edəcəyik və etdik...” Qarabağımızın digər əraziləri kimi, Laçının da 28 illik nigarançılığına, laçınlıların həsrətinə, hicranına son qoyuldu, doğma ana Vətənə, Azərbaycana qovuşdu bu gözəl, səfalı yurdumuz. Birinci Qarabağ müharibəsində böyük itkilərlə itirdiyimiz torpağa ölkə başçısının da qeyd etdiyi kimi, bir güllə atmadan, bir şəhid vermədən, hərbi-siyasi iradə sayəsində, üçtərəfli Bəyanata əsasən qayıtdıq. Xüsusi strateji əhəmiyyətini, çətin relyefi, həmin vaxt qarşıdan gələn ağır, soyuq iqlimi nəzərə alsaq, Laçın və Kəlbəcər rayonlarının hərbi deyil, siyasi yolla azad edilməsi həm vaxt, həm də itkilər baxımından böyük üstünlük qazandırdı. Laçının yerləşdiyi mövqedən, bu ərazidən keçən dəhlizdən düşmən tərəfi vaxtilə Qarabağın əsas açarı kimi də istifadə edib. Məhz Birinci Qarabağ müharibəsində də Laçının işğalı, digər rayonların, ümumilikdə, Qarabağın tamamilə Azərbaycandan qoparılmasına yol açdı. Çünki Ermənistan həmin dəhliz vasitəsilə silah-sursat, canlı qüvvə göndərirdi ki, bu amil də, əlbəttə ki, bizim üçün böyük itkilərə gətirib çıxardı. Bu baxımdan Laçın dəhlizi II Qarabağ müharibəsinin də taleyində, xüsusilə Şuşanın işğaldan azad edilməsində böyük, həlledici rol oynadı. Hərbi ekspertlərin, müharibə qəhrəmanlarının da dediklərinə görə Ermənistanın Qarabağla əsas əlaqə yolu sayılan həmin dəhliz ordumuzun bölmələri tərəfindən tam bağlandıqdan sonra düşmən faktiki olaraq məğlubiyyətə düçar olduğunu anladı və kapitulyasiya aktına imza atmağa məcbur qaldı...
    2020-ci il dekabrın 1-də Laçın rayonu işğalçılardan azad edilsə də, Ermənistanı Xankəndi ilə birləşdirən avtomobil yolu şəhərin ortasından keçdiyi üçün həmin vaxt Azərbaycan Ordusu Laçın şəhərini tam nəzarətə götürə bilmədi. Üçtərəfli Bəyanata əsasən aparılan danışıqlar nəticəsində qalib ölkənin Prezidenti cənab İlham Əliyevin təkidilə alternativ yolun çəkilişi sənəddə təsbit edildi. Hər zaman üzərinə götürdüyü bütün öhdəlikləri qısa müddətdə, tam şəkildə yerinə yetirən Azərbaycan tərəfi razılaşmaları daha tez bir zamanda başa çatdırdı, Rusiya tərəfi ilə marşrut xətti təsdiqləndi və təxirəsalınmaz tədbirlər görülərək yolun çəkilişi aparıldı. Bir il 8 aydan sonra artıq alternativ yol hazır vəziyyətə gətirildi və beləliklə, 2022-ci il avqustun 5-də Azərbaycan Laçın şəhərini qaytarmalı idi. Lakin Qarabağda qanunsuz məskunlaşan ermənilər müraciət edərək onlara avqustun 25-nə qədər əlavə vaxt verilməsini xahiş etdilər. Ölkəmizin rəhbəri öz böyüklüyünü bir daha göstərərək, humanist prinsiplərinə sadiq qalaraq bu dəfə də təmkinini qorudu və avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərinə daxil oldu, Zabux, Sus kəndlərini nəzarətə götürdü.  44 günlük Vətən müharibəsində insanlıqdan uzaq ümumbəşəri cinayətlərindən əl çəkməyən mənfur düşmən postmüharibə dövründə də bu naqis əməllərini törətməkdə davam etdi. Müzəffər Ordumuz isə hər zaman olduğu kimi, yenə də mənfurlara layiq olduğu yeri göstərdi, “Qisas” və “Qətiyyətli cavab” əməliyyatları ilə düşmənin revanşist istəyi, olan-qalan xülyası da suya düşdü...
    Sentyabrın 12-13-də təxribata əl atan erməni silahlı birləşmələri müzəffər Ordumuz tərəfindən qətiyyətli şəkildə geri oturdulandan bir həftə sonra dövlət başçısı cənab İlham Əliyevin Laçın şəhərinə səfəri, rayon mərkəzində üçrəngli bayrağımızı ucaltması, qədim yurdumuzun küçələrində rahat şəkildə gəzməsi, Laçın şəhərinin azad edilməsini tarixi hadisə adlandırması, söylədiyi dərinməzmunlu nitq düşmənə, onun havadarlarına gözdağı verdi, növbəti sərt siyasi mesaj oldu: “Nəticə etibarilə, sentyabrın 13-də bizə qarşı növbəti təxribat törədilərkən Azərbaycan Ordusu cavab verərək düşməni yenə də yerinə oturtdu. Ümid edirəm ki, nəhayət, bu onlara dərs olacaq. Çünki gördülər ki, bizi heç kim və heç nə dayandıra bilməz. Heç kimin zəngi, heç bir bəyanat, heç bir təşəbbüs bizi dayandıra bilməz. Biz öz torpağımızdayıq və öz torpağımızı qoruyuruq. Sərhəd boyunca əldə etdiyimiz mövqelər imkan verir ki, biz istənilən erməni təxribatını qabaqcadan görək və lazımi tədbirlər görək”. Ali Baş Komandanın dediyi kimi, Laçın şəhərinin azad edilməsi həmişə tarixdə qalacaq. Laçının azadlığı qətiyyətli hərbi-siyasi iradənin parlaq ifadəsi, təntənəsidir. 44 günlük müharibədə bütün dünyaya göstərdik ki, biz xalq olaraq nəyə qadirik, torpaqlarımızı hərbi-siyasi yolla, zorla, güclə azad etmişik və bununla fəxr edirik, bütün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları bununla qürur duyur. Böyük şairimiz Bəxtiyar Vahabzadənin, xüsusilə Vətən müharibəsindən sonra dillərdə dastan olan misralarında da deyildiyi kimi:

  Hardan sənin oldu bizim Qarabağ?
  Adı sahibini demirmi aşkar?
  Xoşluqla verməzlər torpağı ancaq
  Qanla möhürləyib, zorla alarlar.

    Azərbaycanımızın hər yerində, Naxçıvanda, Qarabağda, o cümlədən də Laçında ucalan, Zəfərimizin rəmzi sayılan üçrəngli bayrağımızın əbədi dalğalanması, Qələbəmizin, qüdrətimizin, həmrəyliyimizin əbədiyyət qazanması diləyi ilə...

Nail ƏSGƏROV

Nəşr edilib : 30.11.2022 19:33