AZ EN RU

Laçında müasir kitabxana istifadəyə verilib

 Bu gün Laçın şəhərində “LaCinema” kinoteatrının nəzdində yeni, müasir kitabxananın açılışı olub. “Simurq” adı verilmiş kitabxananın əsas özəlliyi funksionallığındadır.
"Şərq qapısı" AZƏRTAC-a istinadən xəbər verir ki, açılış mərasimində Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, “Laçın Abadlıq Xidməti”nin rəhbəri Nəsimi Əsədov, şəhərin ziyalıları, ictimaiyyət nümayəndələri, sakinlər iştirak ediblər. Tədbirə şəhərdə və Zabux kəndində fəaliyyət göstərən məktəblərin müəllim və şagird heyəti də qatılıb.
Açılış mərasimində Azərbaycanın ən böyük mobil kitab tətbiqi “Audiokitab”ın kitablar və onların müəllifləri ilə bağlı keçirdiyi oyun-müsabiqədə məktəblilər fəal iştirak ediblər. Burada hər həftə kitab təqdimatları, uşaqlar üçün bu gün start verilən “Audiokitab” müsabiqələri keçiriləcək.
Açılış, həmçinin “Mən səni araram” adlı konsert ilə də yadda qalıb. 
Böyük kitabxanaların, qalereyaların açılacağı şəhərdə səyyar kitabxanalar da olacaq. Əhalinin kitaba, mütailəyə olan ehtiyacı nəzərə alınaraq, müxtəlif nəqliyyat vasitələri ilə hərbi hissələrə, köç həyata keçirilmiş yaşayış yerlərinə kitablar göndərilərək.
Kinoteatr, kinopavilyondan sonra bu kitabxananın da şəhərin mədəniyyət mərkəzlərindən birinə çevriləcəyi gözlənilir. Şəhərdə qurulacaq böyük kitab mərkəzləri hazır olana qədər sözügedən kitabxana sakinlərin ehtiyaclarını qarşılayacaq.

Nəşr edilib : 04.02.2024 17:54