AZ EN RU

Laçında avtomobil karvanı mərkəzi küçələr boyunca yürüş keçirib

Növbədənkənar prezident seçkilərində İlham Əliyevin inamlı qələbəsi Laçın sakinlərinin də sevincinə səbəb olub. Şəhərin mərkəzi küçələrinə çıxan laçınlılar avtomobillərlə yürüş keçiriblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səhər saatlarından səsvermədə mütəşəkkil iştirak edən sakinlər günün sonunda bayram ab-havası ilə şəhərə çıxıblar. Laçının mərkəzi küçələrində milli musiqi sədaları altında avtomobillərin yürüşü keçirilib. Həmçinin şəhər sakinləri sevinc və qürur hisslərini bir-biriləri ilə bölüşüblər.

Qeyd edək ki, ABŞ-ın “Oracle Advisory Group” təşkilatı, “Rəy” Monitorinq Mərkəzi və Sosioloji Tədqiqatlar Mərkəzi Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində apardıqları “exit-poll”arın nəticələrini açıqlayıblar. “Oracle Advisory Group” təşkilatı İlham Əliyevin seçicilərin 93,9 faizinin, “Rəy” Monitorinq Mərkəzi 92,60 faizinin, Sosioloji Tədqiqatlar Mərkəzi isə 92,4 faizinin səsini qazandığını bildiriblər.

Nəşr edilib : 07.02.2024 23:03