AZ EN RU

Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması növbəti nailiyyətimizdir

    Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunda sərhəd-nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi dövlətçilik tariximizin mühüm səhifələrdən biri kimi vətəndaşlarımızı qürurlandırdı. Ölkəmizin suveren hüququ və suverenliyinin növbəti təsdiqi hesab edilən bu addım Ermənistanın separatçı əməllərinə təqdirəlayiq cavab, ərazi bütövlüyümüzün tam təmin olunmasının növbəti təzahürü, eyni zamanda Qarabağda yaşayan ermənilərin Azərbaycan hakimiyyətini qəbul etmələri üçün də böyük şansdır. Sərhəd-nəzarət mexanizmi yoldan hərəkət üzrə şəffaflığı, qanunun aliliyini və hərəkətin təhlükəsizliyini təmin edəcək. 

 


Aylardır, davam edən etiraz aksiyası öz 
nəticəsini verdi

Vətən müharibəsində ölkəmizin əldə etdiyi şanlı Zəfərdən ötən müddətdə Ermənistan acı məğlubiyyətin əvəzini müxtəlif çirkin yollarla çıxmağa çalışır, ekologiyamıza zərbə vurur, təbii sərvətlərimizi qanunsuz istismar edirdi. Rusiya sülhməramlı kontingentinin belə qanunsuz fəaliyyətə şərait yaratması və ekoloji terrorun qarşısını ala bilməməsi isə ikrah hissi doğururdu. Ötən ilin dekabr ayından etibarən Azərbaycanın qeyri-hökumət təşkilatlarını təmsil edən ekofəallar, könüllülər və media nümayəndələri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərimizin qanunsuz istismarına qarşı dinc etiraz aksiyası keçirirlər. Həmrəylik və birlik nümayiş etdirən ekofəalların gecə-gündüz, isti-soyuq demədən mübarizəsi və qanuni tələbləri nəticəsində Laçın-Xankəndi yolunda nəzarət de-fakto Azərbaycan tərəfdən həyata keçirilirdi. Ermənistan bu müddətdə dövlətimizə qarşı qarayaxma kampaniyası aparır, guya, “Laçın yolu blokadadadır”, “Azərbaycan Qarabağda yaşayan erməni sakinlərə qarşı genosid törətməyə hazırlaşır” kimi yalançı bəyanatlarla beynəlxalq ictimaiyyəti çaşdırır, Qarabağda yaşayan erməni sakinlərin Azərbaycana reinteqrasiyasına mane olurdu. Lakin ilk gündən Laçın yolu bağlanmamış, Rusiya sülhməramlıları, Beynəlxalq Qırmızı Xaç Komitəsi, humanitar yüklər rahat şəkildə yoldan keçmişdir. Ermənistanın belə təxribatçı addımları Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulmasını labüd etdi. 

Məntəqənin yaradılması ordumuza və vətəndaşlarımıza qarşı təxribatların sayını 
azaldacaq, qanunsuz daşınmanın qarşısını alacaq

    10 noyabr 2020-ci il üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Ermənistan və qanunsuz erməni hərbi birləşmələri yoldan silah-sursat, minalar, qadağan olunmuş digər yüklər, hərbi təchizat vasitələri daşımağa davam edirdi. 
    Hesablamalara görə, son 30 ildə Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində 1 milyondan çox mina basdırıb və 3 min 360-dan çox vətəndaşımız mina terrorunun qurbanı olub. Onların 290-dan çoxu müharibə başa çatdıqdan sonrakı dövrə aiddir. Bu vəhşiliyə dünya ictimaiyyəti hələ də göz yumur. Dəfələrlə ölkə başçımız tərəfindən yüksək səviyyəli görüşlərdə mina xəritələrinin verilməsi barədə çağırış edilsə də, Ermənistan bu çağırışlara məhəl qoymur. Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində 10 min nəfərdən artıq şəxsi heyəti olan ordunun yaradılması isə yoldan sui-istifadənin növbəti göstəricisidir. Ermənistan tərəfindən daim dəstək alan bu qüvvələr mütəmadi olaraq mina terroru və diversiyalar törədirlər. Ermənistanın üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozan bu addımı, sözsüz ki, cavabsız qalmır. Bu gün dövlətimiz işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi üçün lazımi addımları atır. 

Tezliklə Laçın daxil olmaqla digər azad olunmuş ərazilərə

mülki insanlar köçürüləcək

Dövlətimizin öz suveren hüququndan istifadə edərək ərazilərini qanunsuz müdaxilələrdən qorumasına və sərhəd-keçid məntəqələrində nəzarəti təmin etməsinə beynəlxalq ictimaiyyət də hörmətlə yanaşır. Ermənilərin Laçın yolundan sui-istifadə etməsi mülki insanlarımızın həyatı üçün də təhlükə yaradırdı. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Sərhəd təhlükəsizliyinin təmin edilməsi, habelə hərəkətin təhlükəsizliyinin həyata keçirilməsi Azərbaycan Hökumətinin preroqativi və milli təhlükəsizlik, dövlət suverenliyi, qanunun aliliyi üçün zəruri şərtdir. Üçtərəfli bəyanat üzrə öhdəliklərə uyğun olaraq Laçın yolundan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə Azərbaycan Respublikası tərəfindən təhlükəsizlik zəmanəti olan bu əlavə tədbir çərçivəsində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin bu məntəqədən hər iki istiqamətdə Ermənistana və Azərbaycana şəffaf və nizamlanan keçidi üçün müvafiq şərait yaradılacaq”. Bununla belə xunta rejiminin Xankəndidə toplanmış “Təhlükəsizlik Şurası”nda “aprelin 23-də Laçın-Xankəndi yolunda Azərbaycanın sərhəd-nəzarət-buraxılış məntəqəsi yaratması qarabağlı ermənilərin birmənalı olaraq Azərbaycanın girovuna çevrilməsi deməkdir” kimi bəyanatları, qarabağlı ermənilərin üzləşdikləri təhlükəsizlik və humanitar problemlərin həllinə “canıyananlıq”la yanaşmaları onların ikiüzlü siyasətinin növbəti təzahürüdür. Ermənistanın birtərəfli qaydada Laçın-Xankəndi yolunun üzərində qurduğu postun əksinə olaraq bu məntəqə ermənilərə maneələr yaratmayacaq. Nəinki işğal dövründə yurd-yuvalarından didərgin salınmış Laçın sakinləri geri dönəcəklər, eyni zamanda Azərbaycan bayrağı altında yaşamaq istəyən ermənilər üçün də imkanlar yaradılacaq. Qarabağda yaşayan ermənilər Azərbaycan Prezidenti Administrasiyasının təklifini qəbul edib reinteqrasiya məsələləri üzrə təmaslara başlamalı, Azərbaycan vətəndaşlığını qəbul etməyən ermənilər isə ölkə ərazisini tərk etməlidirlər.

Yolda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin postunun qoyulması qanuni və tənzimlənən gediş-gəliş üçün imkan yaradır

Bəli, Qarabağda yaşayan mülki ermənilər yoldan istifadə edə bilərlər. Bununla bağlı erməni tərəfi və onun havadarlarının verdiyi əks-bəyanatlar tamamilə əsassızdır. Separatçılar, revanşistlər, qanunsuz hərbi birləşmələr və terrorçular Azərbaycan ərazilərində yaşaya bilməzlər. Aprelin 18-də Prezident cənab İlham Əliyev Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibəsində bir çox məsələlərə, həmçinin Qarabağın erməni əhalisinin gələcəyi məsələsinə toxunaraq dedi: – “Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da başqa yaşayış yeri axtarmalıdırlar. Separatçılar da bilməlidirlər ki, onların iki seçimi var: ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər”. Ölkə başçısı məcburi köçkünlərin Laçın şəhərinə qaytarılması ilə bağlı dedi ki, keçmiş köçkünlər bu ilin sonuna qədər Laçın şəhərinə qaytarılacaq. Beləliklə, 700-dən çox ailə bu ilin yay aylarında Laçın şəhərində yerləşdiriləcək. Eyni zamanda qanunsuz olaraq məskunlaşma siyasəti aparılan Zabux və Sus kəndlərində işlər aparılır ki, o kəndlərə də ilin sonuna qədər keçmiş köçkünlər qaytarılacaq. 

Praqa və Soçi sənədləri ilə Ermənistan rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü və 
suverenliyini tanıyıb

Ötən ilin oktyabr ayında keçirilən Praqa və Soçi görüşləri Azərbaycanın Ermənistan üzərində növbəti diplomatik qələbəsi idi. Ölkə başçısı Soçi görüşündə Dağlıq Qarabağ münaqişəsinin tarixdə qaldığını vurğulayaraq növbəti dəfə bəyan etdi ki, Qarabağ bölgəsində yaşayan erməni əhalisi bizim vətəndaşlarımızdır və biz indi onların öz ərazimizdə həyatını necə təşkil edəcəyimizi heç bir beynəlxalq oyunçu ilə müzakirə etməyəcəyik...Praqa görüşündə isə Azərbaycanın irəli sürdüyü 5 prinsip əsasında sülh müqaviləsinin imzalanması əsas məsələ kimi irəli sürülmüşdü. Beləliklə, Praqa və Soçi görüşlərində Azərbaycan və Ermənistan 1991-ci il Almatı bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini qarşılıqlı şəkildə tanıdıqlarını bəyan etmiş, həmçinin Ermənistan Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımışdır. Yaxşı olar ki, Ermənistanın rəhbərliyi və digər rəsmi şəxsləri Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təhdid edən açıqlamalar vermək yerinə sülh üçün çalışsınlar.
    “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik”  ölkə başçısının bu fikirləri bu gün də öz təsdiqini Laçın-Xankəndi yolunda Dövlət Sərhəd Xidmətinin sərhəd-buraxılış məntəqəsində Azərbaycanın üçrəngli bayrağının qaldırılması ilə tapdı. Bu tarixi və strateji əhəmiyyətli qərar dövlətimizin, yenilməz, cəsur Azərbaycan Ordusunun növbəti mühüm nailiyyətidir. 

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 25.04.2023 15:30