AZ EN RU

Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsində Azərbaycan Bayrağı ucaldılıb

Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.

DSX-nın mətbuat mərkəzindən bildirilib ki, yeni yaradılan məntəqədə Azərbaycan Bayrağının ucaldılması mərasimi baş tutmuş və sərhəd-buraxılış məntəqəsindən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə məruzə edilib.

Qeyd edək ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.

Nəşr edilib : 26.04.2023 11:55