AZ EN RU

Laçın Sukanal Sahəsində 9 nəfər işlə təmin edilib

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi 9 nəfəri Laçın Sukanal Sahəsində işlə təmin edib.

Məlumata görə, doğma yurdlarına qayıtmış keçmiş məcburi köçkünlərin məşğulluq imkanlarının genişləndirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Laçın şəhəri, Zabux və Sus kəndlərində yaşayan sakinlərin işlə təmin olunması barədə müraciətlərinə baxılıb. Laçın şəhərində keçirilən tədbirdə Agentlik sədrinin müşaviri Etibar Məmmədov bildirib ki, dədə-baba yurdlarına qayıdan insanların məşğulluğu əsas prioritetlərdən biridir, bununla bağlı Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Agentliyin Qarabağ Regional Sukanal İdarəsi yaradılıb: "İdarənin işçi heyətinin komplektləşdirilməsi zamanı işğaldan azad olunmuş rayonların sakinlərindən daxil olan müraciətlərə xüsusi həssaslıqla yanaşılır: İşə qəbulla bağlı müraciət edən insanlar əvvəllər müsabiqədə iştirak etmək üçün Bakıya dəvət olunurdular. Artıq yeni yanaşma tətbiq olunur. Agentliyin rəhbərliyinin tapşırığı ilə əməkdaşlarımız işğaldan azad olunmuş ərazilərə ezam edilir. Qərara alındı ki, Xüsusi nümayəndəlik, Dövlətqaçqınkom və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə işə qəbul üzrə müsabiqə Laçında keçirilsin və burada məskunlaşan əhalinin bir qismi işlə təmin olunsun”

Laçında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin ilk dəfə əhalinin işə qəbulu ilə bağlı görüş keçirdiyini deyən Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov isə bildirib ki, sakinlərin işlə təmin olunması “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına müsbət töhfələr verəcək: “Proqram çərçivəsində şəhərlərimiz, işğaldan azad olunmuş ərazilərimiz bərpa olunur, əhali dədə-baba yurdlarına köçürülür. Burada əsas diqqət yetirilən məsələlərdən biri də əhalinin rahat yaşaması və məşğulluğunun təmin olunmasıdır. Agentliyin təqdim etdiyi vakansiyalar üzrə işə qəbulla bağlı keçirilən görüşdə sakinlərimiz işlə təmin olunacaq”.

Görüşdə Laçın rayonunda yaşayan 23 nəfərin müraciəti yerində dinlənilib, onlardan 9-nun ixtisasına və peşə bacarıqlarına uyğun olaraq Laçın Sukanal Sahəsində işlə təmin olunması qərara alınıb.

Nəşr edilib : 27.05.2024 15:01