AZ EN RU

Laçın rayonunda fövqəladə hallar zamanı təxirəsalınmaz tədbirlərlə əlaqədar təlim keçirilib

Fövqəladə Hallar Nazirliyi (FHN) Qarabağ Regional Mərkəzi Laçın rayonunun Zabux kənd tam orta məktəbində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi” mövzusunda təlim keçib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, təlimdə FHN-in Qarabağ Regional Mərkəzi, Laçın rayon Yanğından Mühafizə Hissəsi, rayon polis şöbəsi, Təcili Tibbi Yardım Stansiyasının şəxsi heyəti, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin məsul şəxsləri, məktəbin müəllim və şagird kollektivi, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Təlimin keçirilməsində əsas məqsəd məktəb kollektivinin fövqəladə hadisələr zamanı davranış qaydaları üzrə bilik və bacarıqlarının artırılması, bu sahədə praktik vərdişlərin formalaşdırılmasından ibarət olub.

Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayan təlimin nəzəri mərhələsində təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydalarına dair məktəbin kollektivinə ətraflı məlumat verilib, suallar cavablandırılıb.

Praktik mərhələdə isə xüsusi təyinatlı texnikalar və canlı qüvvənin iştirakı ilə şərti olaraq baş vermiş yanğının söndürülməsi, “zərərçəkmişlərin” xilas edilməsi, şərti zəlzələ zamanı təxliyə və ilkin tibbi yardımın göstərilməsi əməliyyatları həyata keçirilib.

Təlimdə məktəbin kollektivinə texnikaların, xilasetmə alət və avadanlıqlarının istifadə qaydaları, taktiki-texniki göstəriciləri barədə məlumat verilib.

Nəşr edilib : 23.05.2024 10:31