AZ EN RU

Laçın postunda qoyulan son diaqnoz

    İkiüzlü siyasətçilərin gözünə soxulub, dırnaqarası amalı “yaratmaq” olan, əsl feldə isə yalan, fitnə və yaltaqlıq ustası olan hayların və onların ölkəmizin içərisinə sızmış uzantılarının keçmiş əməlləri üzə çıxdıqca dünya Qarabağ gerçəklikləri ilə daha yaxından tanış olur. Bu gerçəkliklər hələ 1988-ci ildən başlayaraq azərbaycanlılara qarşı ermənilərin törətdiyi hər cür vəhşilik, quldurluq, öldürülən insanlar, qəsb olunan əmlak, yurdundan sürgün edilən vətəndaşların yaşadığı acılarla dolu tarixin səhifələri idi. Belə qanlı əməllərə imza atıb, xəstəlik bəhanəsi ilə İrəvana qaçmaq istəyən, amma Uca ədalətin cəzasından qaça bilməyən erməni terrorçusu Vaqif Xaçaturyana bu  günlərdə Azərbaycanın Laçın postunda qoyulan son diaqnoz isə onun və onun kimi digər erməni cəlladlarının tutulduğu xəstəliyin adını bir daha dünyaya faş edir: erməni terrorizmi! 

    Qarabağın düşmən tapdağından azad olunması ilə nəticələnmiş 44 günlük müharibədən sonra hələ də özlərinə gələ bilməyən ermənilərin xaotik çırpıntıları davam etdikcə onlar indiyə qədər görünməmiş hiyləgər  və hiyləgər olduğu qədər də komik və axmaq hərəkətləri ilə dünyaya gündəm olmağa çalışırlar. Keçmişdə törətdikləri bədnam əməllərə görə səksəkəyə düşüb gah gizli yollarla sərhədi keçməyə çalışan, gah humanitar yük adı altında silah daşıyan, gah da acından öldüklərini iddia edərək hay-küy qoparan ermənilər nə qədər tülkü donuna girsələr də, sonunda haqq-ədalət qarşısında cavab verməli olduqda onlara deyiləcək tək bir söz vardır: erməni ki, erməni! 
    1988-ci ildə Azərbaycana qarşı ərazi iddiaları ilə yenidən baş qaldıran ermənilərin 30 ildən sonra düşdüyü bu son vəziyyət öz bədnam əməllərinə görə heç kimin cəzadan qaça bilməyəcəyinin tam bir sübutudur. Hələ 1990-cı illərdə indiki kimi internet və foto-videofaktların geniş olmadığı dövrdə də azğınlaşmış bir erməni saqqallısının əməllərinin insanların göz və qulaq yaddaşında yaşayacağını, keçəl qılıfına girib qızının arxasında pərdələnməyə çalışsa da, Azərbaycanın işinin peşəkarı olan qəhrəman sərhədçilərinin gözündən yayına bilməyəcəyini biləndən sonra Xankəndidəki bütün separatist dəstənin tək bir çarəsi qalmışdır: oyunun sonunu gözləmək! Oyun isə artıq bitmişdir. Artıq nə Xaçaturyan kimi özünü xəstəliyə vurub, xaç maşınında gizlənməyin, nə də getməyinə az qalmış rus əsgərinə rüşvət verib özünə çıxış yolu axtarmağın heç bir faydası yoxdur. Əgər Xankəndidə keçmişi təmiz olan bircə nəfər erməni varsa, o da yaxşı bilir ki, Azərbaycan dövlətinin əlində nəinki onun, hətta xaricdəki ermənilərin də bu ötən 30 ildə baş vermiş hadisələrin, onların faillərinin və şahidlərinin dəqiq məlumatları vardır. Ona görə də özünü məsum göstərib cəzadan qaçmaq istəyən Xaçaturyan kimi bütün cinayətkarların son yeri həbsxana olacaqdır. 
    Azərbaycan bu gün qalib dövlət kimi məğlub Ermənistanla aparılan danışıqlarda şərt qoyan tərəfdir. Ölkə rəhbərimiz apardığı qətiyyətli siyasətlə bütün Cənubi Qafqaz regionunda davamlı sülhün və regional əməkdaşlığın gec-tez bərqərar olunması üçün hər cür konstruktiv danışıqlara hazır olduğunu dəfələrlə bəyan etmişdir. Ancaq xalqımıza qarşı cinayət törətmiş, silahsız mülki şəxslərə, qadınlara, uşaqlara qarşı soyqırımı törətmiş istənilən şəxsin cəzasının veriləcəyini açıq bəyan edən dövlət başçımız bununla bütün  dünyada bir daha belə əməllərin törədilməməsi üçün hər kəsi həmrəy olmağa çağırır. Lakin bu gün hələ də erməni mətbuatında yaxalanmış terrorçu Vaqif Xaçaturyanın cinayətkar əməllərindən susqunluqla keçilməsi, tam əksinə, onu dəstəkləyən dırnaqarası mitinqlərin işıqlandırılması bu toplumun nə qədər bataqlıq içində olduğunu açıqca göstərir. Ancaq ermənilər bilməlidirlər ki, qızının haray-həşirinə baxmayaraq, öz günahlarını yaxşı bilən və səssizcə təslim olan Vaqif Xaçaturyan tipi bundan sonrakı günlərdə bütün hayastan üçün yeni bir “simvola” çevriləcək. Həmin gün həm də dinc sakinlərə qarşı amansızlığı ilə erməni qəhrəmanına çevrilmiş cinayətkarların sonunun gəldiyi gün kimi də tarixə düşəcək. Burada yazılacaq ki, necə oldu ki, 30 il əvvəl qadınları, uşaqları qəddarca qətlə yetirən 68 yaşlı terrorçu Laçın postunda yaxalandığında hətta qızının belə üzünə dik baxa bilmədən onunla son dəfə yollarını ayırdı! Bəli, bu tarix yazıldı. Həmin gün, əslində, bütün dünya erməniliyinin sonu idi!

Əli CABBAROV

Nəşr edilib : 02.08.2023 19:31