AZ EN RU

Külüs kəndinin yarıməsrlik nümunəvi ailəsi

Ölkəmizin bütün bölgələrində olduğu kimi, muxtar respublikada da ailə dəyərlərinin qoruyub saxlayan və yaşadan nümunəvi ailələrimizin sayı çoxdur.  Belə gözəl nümunəvi Azərbaycan ailələrindən biri Şahbuz rayonunun Külüs kəndində yaşayan, yarım əsrə bir ömür sığdıran Məmmədovlar ailəsidir. Bir-birinə tanış olduqları gündən ehtiramla, ülvi, təmiz sevgi ilə yanaşan  mehriban ailə uzunömürlü münasibətlərinin sirlərini bizimlə bölüşdü. Ailə başçısı Qalabəyi Məmmədovun dediklərindən: “Uzunömürlü ailənin sirri ilk olaraq təməli sevgi üzərində qurulan mehribançılıq, qarşılıqlı hörmətdən başlayır. Böyüklərimizin nəsihətidir “Mehribanlıq olan yerdə din-bərəkət də olar”. Bu cür dəyərlər ailədə formalaşmalıdır ki, evdəki uşaqlara da örnək olsun”.

5 uşaq, 15 nəvə, 7 nəticə sahib olan ailə bacardıqları qədər övladlarının tərbiyəsində ailə dəyərlərini aşılamağa çalışırlar. Övladlarının bu gün də onlara qarşı olan ehtiramından ağızdolusu danışır və düşünürlər ki, bundan sonra da bu ənənə Məmmədovlar ailəsinin əsas təməl prinsipi olaraq qalacaq.

Evin xanımı Şəfiqə Məmmədova bu günə kimi xoşbəxt ailə sürüb, balalarının bəhrindən və keçmişdə necə əziyyətlərə qatlaşmasından danışdı.  O deyir: “İndiki zəmanə ilə ovaxtkı yaşam tərzi bir az fərqli idi. Biz çətinliyə dözürdük, səbirlə yanaşırdıq, amma  indiki gənclər bir az dözümsüzdür. Təbii ki, müsair düşüncəli gənclərimizi də qınamaq olmaz, onların da fikrinə hörmətlə yanaşmaq lazımdır. Ailələrdən sağlam övladlar böyüyüb, tərbiyə almalı, cəmiyyətə faydalı nəsil yetişməlidir. Ailə quran gənclərimiz bilməlidir ki, ailədə yaxşı günlə bərabər, çətinliklər də ola bilər. Bunların hər birinə birgə qatlaşmaq lazımdır”.

Qeyd edək ki, Məmmədovlar ailəsi Külüs kəndində təsərrüfatla məşğul olur. Bu  gün də ailələrinin firavan yaşaması üçün öz zəhmətləri hesabına gəlir əldə edib dolanışıqlarını təmin edirlər. Onlar ailələrinin 50 illik yubileyini qeyd etsələr də, bir-birinə hələ də tanış olub, könül bağladıqları yaşdakı kimi məhəbbət bəsləyirlər. Buna bir daha şahid olduq ki, həqiqətən də, belə dəyərli ailələrimiz bir məktəb kimi gənclərimizə nümunədir.  

                                                  Aidə İBRAHİMOVA

Nəşr edilib : 06.07.2024 20:48