AZ EN RU

Külüs kəndində canlanan həyat

    ...Burda böyümüşəm, burda deyirlər
    İnana bilmirəm, bilmirəm axı.

Xalq şairi Məmməd Arazın doğulub, boya-başa çatdığı Nursu kəndinin poetik təsviri bu misralarda şairin doğma kəndinə bağlılığında, onun sonsuz gözəlliyinə heyrət içində baxmağından doğur.
Kəndimiz. Kənd həyatı. Kənddə keçən uşaqlıq xatirələri
Bu adlıq cümlələri həyatımızda tez-tez eşidirik. Kimisi üçün uşaqlıq xatirələrinin yaddaşlara hopduğu yer, kimisi üçün ən yaxşı istirahət mərkəzi, kimisi üçün cənnətin yer üzündə əksi, hamımız üçün isə ərazicə kiçik, mahiyyətcə böyükdür kənd.
Mən bu yazını kəndimizdən yazıram. Budur, kəndin ən yüksək yerlərindən birindən – “Armudlu” təpədən kəndi seyr edirəm. Şahbuz rayonunun Külüs kəndi bu yaz fəslində daha da gözəl görünür. Kəndin ortasından axan dağ çayı, dərələrdə, təpələrdə baş qaldıran yemişan, həmərsin kolları, çöl armudları, təzəcə çiçək açıb kəndin yamaclarına xalı kimi sərilən çöl badamları buralara ayrı bir gözəllik qatır. Kəndin yuxarı başında “Armudlu” adlanan ərazi vaxtilə sıx meşəlik idi, burada müxtəlif növdə armud ağacları olub. Təəssüf ki, 90-cı illərin məlum hadisələri, çətinlikləri kənd adamlarının isinmək naminə bu ağacları kəsməsinə gətirib çıxarıb. “Armudlu” massivindən aşağıda illərdir ki, ətrafa boylanan bir ağac var. Söyüd ağacı. Kənd adamları buna “tək söyüd” deyirlər. Çünki bu ağac Külüsün, bəlkə də, son altmış-səksən illinə şahidlik edib. Çətin günlərdən çıxan, ətrafındakı “qohum-əqrəbası” doğrana-doğrana bu günə gəlib çıxan söyüd ağacı indi kənd adamlarının qoruduğu, hətta ətrafında yaşıllıqlar saldığı, əkin-biçin apardığı, müqəddəs saydığı bir ağacdır. Son illərdə muxtar respublikada aparılan ekoloji tədbirlər nəticəsində indi bu yerlər əvvəlki görkəminə qaytarılır. 
Kəndin yeniyetmələrinin at çaparaq, dağların qoynundakı yamaclarda qoyun-quzu otardığını görmək, çiskin bir yağışın altında, təzə çıxan dağ pencərlərini yığan kənd adamları ilə söhbət etmək, hərdən səsini ucaldan dağ çayının səsinə qulaq vermək – seyr etməkdən doymadığım ən gözəl mənzərələr idi:

    Bu da “yəhərləyib” mindiyim boz daş...
    Kövrəlmə, ürəyim, tab gətir, tablaş.
    Ömrümün ləzzəti a köhnə dam-daş,
    Nə yaxşı görüşdük, nə yaxşı yenə!

Haradansa yadıma düşən bu şeiri söyləyə-söyləyə dərənin boğanağında at belində duran gəncə yaxınlaşıram. Müsahibim elə uşaqlıq dostum Nadirdir. Nadir Quliyevlər ailəsinin böyük oğludur. Hazırda Şahbuz rayonunda elektrik şəbəkəsində elektrik çilingəri işləyir. Buna baxmayaraq, Nadir ailəsi ilə birlikdə kənddə böyük təsərrüfat yaradıb. 
Söhbətimiz zamanı Nadir dedi ki, bizlər 2000-ci illərin uşaqları, 2010-cu illərin yeniyetmələriyik. Gözümüzü açıb ölkəmizi müstəqil, firavan görmüşük. Çətin günləri ancaq böyüklərimizdən eşitmişik. Tay-tuşlarımızın hərəsi bir sahədə işləyir, kimi müəllim, kimi həkim, kimi jurnalist, kimi də mənim kimi elektrik çilingəri işləyir. Fikrimcə, kənddə doğulan, necə deyərlər, kənd ilə nəfəs alan insan gərək kəndi unutmasın. İndi biz təsərrüfatçılara da dövlət hər cür şərait yaradıb. Yəni bir ailə təsərrüfatı qurub yaxşıca dolanırıq. Min şükür. Bir sözlə, kənd bizim üçün firavanlıq, əmin-amanlıq və rahat yaşayış deməkdir. 

***

Kəndə yağış yağır... Yağış damcılarının səsi sanki nə zamansa oxuyub yarımçıq saxladığım “kənd nağılı”nı tamamlayır...  O damcılar kəndə yeni can, yeni nəfəs verir. Buralara yağan yağışlar, əslində, kənd adamlarının təsərrüfatına heç bir ziyan vurmur, əksinə, kəndin torpaqlarına can verir ki, bu da gələcəkdə bol məhsul deməkdir. Elə yağışı seyr edə-edə sizə kəndimizin tarixi barədə də məlumat verim. Kəndimizin tarixi Orta Tunc dövründən başlayır. Haqqıxlıq, Köhnə Külüs, Dev damı, Əyrək, Şansu ölən, Əşgab, Qaradağ, Sarıdağ, Külüs qalası kimi yerlərdə qədimdə yaşayışın olduğu sübut edilib. Haqqıxlıqda aparılan arxeoloji qazıntılarda eradan əvvəl III-II minilliyə aid tunc xəncər, ox ucu, qablar və əqiqdən muncuqlar, bəzək əşyaları tapılıb. 
Kəndin tarixinə nəzər saldıqda maraqlı bir faktla qarşılaşırsan ki, Osmanlıların 27 avqust 1727-ci ildə tərtib edilən “Naxçıvan sancağının müfəssəl dəftəri”ndə qeyd olunur ki, Külüs kəndi il ərzində dövlətə 9 min axça vergi ödəyir. Bu vergi ölçüsünə görə Şahbuz və Qarababa kəndlərinin ödədiyi vergidən sonra ikinci yerdə idi. Bu isə onu sübut edir ki, Külüsün, o cümlədən qədim Əyrək kəndinin istifadə edilən torpaqlarında taxıl, qaba yem üçün xaşa, yonca, tərəvəzlərdən xiyar, kartof, lobya və başqa bostan bitkiləri əkilirdi.
Yağış kəsir...Təmiz dağ havası, uca dağ zirvələrindən əsən soyuq külək, yağışdan sonra təpələrə qalxan, səs-səsə verib mələşən quzular, dərələrdə yağışdan sonra qoxusu daha da yayılan kəklikotular necə də möhtəşəm mənzərələr yaradır:

    Kəndin hər nemətdən yenə var payı –
    Qayanın kəkotu, dağın qar payı...
    Uzanıb yatdığım çəmən çarpayı,
    Nə yaxşı görüşdük, nə yaxşı yenə!

Külüs kəndində yetişdirilən heyva və gilənar sortları bu gün də Naxçıvanda Külüs albalısı və Külüs heyvası kimi tanınır. Kəndin ərazisindəki “Hacı Müslümün Bağı”nda 30 dan artıq meyvə və giləmeyvə ağacı mövcud olub. Onlar Naxçıvanın və ümumilikdə, Azərbaycanın müxtəlif bölgələrindən gətirilərək yerli iqlimə uyğunlaşdırılıb. Təəssüf ki, 1990-cı illərin məlum hadisələri nəticəsində bu bağ tamamilə qırılıb. Bağı Hacı Müslüm adında bir bağban, təqribən, 19-cu əsrin sonları – 20-ci əsrin əvvəlində salıb.
Bu kəndin maraqlı toponimləri də var. İllərdir ki, kənd adamları ata-babalarından eşitdikləri yer adlarını bu gün də qoruyub saxlayırlar. Külüs kəndindən keçən çayın sol tərəfində yerləşən gümbəzvari Qaradağın, kəndin yuxarı başındakı Əyrək massivinin adı “Kitabi-Dədə Qorqud”da çəkilir. Bu kənd rayon ərazisində yeganə yerdir ki, 5 ziyarətgahı var. Əşgab piri, Kaha piri, Qara pir, Sarı pir və Xəşdaş deyilən ziyarətgahlar indi də müxtəlif bayramlarda, xüsusən də Novruz bayramında kənd adamları tərəfindən ziyarət olunur.

***

Kəndimizin adı ilə, suyunun dadı ilə fərqlənən bulaqları da var. “Hümüşün bulağı”, “Dadaşın bulağı”, “Çay bulaq”, “Cücü bulağı”, “Ölü bulağı”, “Kəklik bulağı” və adını çəkmədiyim neçə-neçə bulaqlardan vaxtilə məhəllə uşaqları ilə birlikdə çox su daşımışıq. İndi bu bulaqların yarısı quruyub, adı qalıb, yarısını da kənd sakinləri öz həyətlərinə çəkiblər. 
Hər dəfə söhbətimin yaşlı insanlarla yaxşı tutduğunu bilirəm, elə buna görə də həmyaşıdlarımı da götürüb, bizə Azərbaycan dili və ədəbiyyatı sevdirən orta məktəb müəllimimiz Dadaş müəllimi ziyarətə gedirik. Bizi görəndə bir az kövrələn, amma gözlərindəki fərəh hissini duyduğum Dadaş müəllimin yaşı, deyəsən, öz işini görüb. Əlindəki əsası ilə bizə tərəf gələn müəllimimizlə hal-əhvaldan sonra söhbətə başladım. Dadaş müəllim deyir ki: “Külüs kəndi meyvəsi, təbiəti, buz bulaqları ilə məşhur olduğu kimi, həm də ziyalıları ilə ölkəmizdə şöhrət tapıb. Vaxtilə biz qocaman müəllimlərin yetirmələri olan alimlərimiz, həkimlərimiz, rəssamlarımız, iqtisadçılarımız, jurnalistlərimiz kəndimizin fəxrləridir. Kəndimizdən ən çox rəssam və şair çıxıb, bilirsiniz niyə? Çünki buraların gözəlliyi, təbiətin al-əlvanlığı şairi də, rəssamı da ilhama gətirə bilir”.
Hələ sovetlər dönəmindən bu kəndin ziyalılarının çox olduğunu deyən təqaüdçü müəllim deyir ki: “Kəndimizin məktəbində o zamanlar şərait yox idi. Uçuq-sökük məktəb binası, kömür sobaları pedaqoji kollektivi təngə gətirmişdi. Amma buna baxmayaraq, şagirdlərimizin biliyə, təhsil almağa marağı çox idi. Kamal müəllim, Vəliyullah, Sevindik, Yavər, Qiblə, Rövşən müəllim var idi. Allah onlara rəhmət eləsin. (Dadaş müəllimin gözləri dolur) Onlar kimi savadlı müəllimlərimizin sayəsində bu gün Külüs kəndində elm-təhsil ənənəsi hələ də davam etdirilir. Sizin kimi, alitəhsilli, vətənpərvər, istiqanlı gəncləri görəndə isə sanki bir az da yaşamaq üçün ömür qazanıram”.
Yaşı səksəni ötmüş kəndin ağsaqqal müəllimlərindən olan Dadaş müəllimlə şirin söhbətimizi sonlandırıb, sağollaşıram. Rahat asfalt yollar, təmir olunan qırmızı, yaşıl dam örtüklü evlər, kənd adamlarının yaşam tərzini göstərən şəxsi avtomobillər bu kəndi şəhərdən heç də fərqləndirmir.

***

Külüs kəndi üzük qaşı kimi dağlarla əhatə olunub. Kəndin hündür dağ zirvələrində may-iyun aylarında da qar örtüyünə rast gəlmək olur. Burada min illərə şahidlik edən Qaradağ, Sarıdağ, Əmirsəyyad, Quş qayası, Əhməd qayası kimi zirvələr özünün zəngin flora və fauna aləmi ilə seçilir. Kəndin “Xornu” adlanan massivindəki Sarıdağdan Araz çayını, həmsərhəd ölkələrin ərazisini, Qaradağdan isə Haçadağın zirvəsini uzaqdan seyr etmək olur. Hətta “Dədə Qorqud” filminin Naxçıvandakı çəkilişi zamanı kəndin yüksək zirvələrindən olan Sarıdağ epizodlarda göstərilir. Ümumiyyətlə, əksər kəndlərdə dağların “sarı” və “qara” adlandırılması təkcə rənginə görə deyil, türk mifologiyasında “qara” sözünün böyük, uca, “sarı” sözünün isə günəşin rəngi mənasında olması ilə əlaqədardır. Külüs kəndindəki qaya adları, əksər dağ zirvələrinin adları da sübut edir ki, kənd qədim türklərin yurdu olub. Kəndin yaxınlığında yerləşən qonşu Keçili kəndinin “Üçqardaş”, “Camal qayası” kimi dağ zirvələri Azərbaycan əsgərinin sahibləndiyi, qoruduğu və mətin dayandığı yerlərdir. Öz ordusuna, güclü dövlətinə güvənən kənd adamları bu dağların yamaclarını, yaylaqları həm də təsərrüfat məqsədilə istifadə edir. Kənddə artıq təsərrüfatçılar qoyun sürülərini dağlara qaldırıb. Külüs kəndinin sakinlərinin əksəriyyəti bu cür mal-qara ilə məşğul olur, bir az havalar isinən kimi kənd adamları dağlara doğru qalxır.
Enişli-yoxuşlu, dolanbac yolları qət etdikdən sonra həmin uca zirvələrdən kəndə boylanıram. Bu dağlardan görünən qonşu Nursu kəndinin dağları, Məmməd Araz şeirlərində yaşayan Toxlu qayası yadıma bu misraları salır: 

    Ümmanlar dağları udar, bitirər,
    Dağ ağlar – göz yaşı çıxar dizinə.
    Çaylar ümmanlara soraq gətirər,
    Dağ – həyat özgəyə, qənim özünə.
    Mən uca dağlara babam demişəm,
    Ərköyün balayam dağlar yanında.
    Zirvələr qaşına yuvam demişəm,
    Əyilməz qalayam dağlar yanında.

Külüs kəndinin dağları müxtəlif dərman bitkiləri, dağ pencərləri ilə də zəngin olur. İlin, günün bu vədəsində artıq kənd sakinləri dağlarda pencər yığırlar. Cacıq, şomu, kiriş, qazayağı, xıncılovuz, yarpız kimi şəfalı bitkilər yurdumun insanının sağlam və ekoloji cəhətdən təmiz qida mənbələridir. Xüsusən may ayında kəndin dağlarında bitən dağ göbələklərinin də dad-tamı tamam fərqli olur. Min bir dərdin dərmanı olan bu bitkilər, kənd sakinlərinin qida mənbəyi olmaqla yanaşı, həm də bazara çıxartdıqları ekoloji cəhətdən təmiz məhsullardır.
Deyirlər, hər bir insan üçün onun doğulub, boya-başa çatdığı yer dünyanın ən gözəl yeri olur. Qəlbimizdə hər zaman xoş xatirələrlə andığımız, bəzən darıxdığımız, bəzənsə yaxşıca dincəldiyimiz böyük Vətənimizin kiçik parçası olan kəndlərimiz bizim yurd yerlərimiz, tarixi dəyərimizdir. Şahbuz rayonunun Külüs kəndi də özünün tarixi dəyəri, təbiəti, dağlarının vüqarı, əzəməti ilə seçildiyi kimi insanlarının qonaqpərvərliyi ilə də diqqəti cəlb edir: 

    Qədəm ki, vermişdi o dağlar mənə,
    Getməsəm, o dağlar od ağlar mənə,
    Bir qaya dibində yer saxlar mənə...
    Bircə boz daşına yazılsa adım,
    Bəlkə, o yerlərə bir də qayıtdım…

Mətin KAMAL
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Nəşr edilib : 18.05.2024 19:31