AZ EN RU

"Kulina" jurnalının baş redaktoru Tahir Əmiraslanov: "Qrant layihə çərçivəsində Qərbi Azərbaycan şirniyyatlarını özündə birləşdirən bir kitab hazırlayırıq"

Şahbuz rayonunun Batabat yaylağında keçirilən "Qərbi Azərbaycana qayıdış"  festival-konqresində diqqəti çəkən məqamlardan biri də Naxçıvan, Qərbi Azərbaycan və digər bölgələrimizin həm dadıyla, həm də gözoxşayan görüntüsü ilə zövq oxşayan mətbəxi oldu. "Şərq qapısı" qəzetinə danışan Əməkdar incəsənət xadimi, "Kulina" jurnalının baş redaktoru Tahir Əmiraslanov Qərbi Azərbaycan mətbəxi haqqında öz fikirlərini bizimlə bölüşdü: – Bu gün burada gördüyünüz kimi, həm Qərbi Azərbaycan, həm də digər bölgələrimizin mətbəxləri öyrənilir və nümayiş olunur. 2000-ci illərin başlanğıcında Ulu Öndər Heydər Əliyev region mətbəxlərinin öyrənilməsi məsələsini ortaya qoymuşdu. Elə məhz həmin vaxtdan da biz region mətbəxlərini daha da geniş öyrənməyə və tətbiq etməyə başladıq. O vaxtlar biz Naxçıvan kulinariya mərkəzi yaratmağa çalışdıq və buna nail olduq. Nəticədə, Naxçıvan mətbəxini əks etdirən kitab çap etdirdik. Düzdür, biz hələ də hesab edirik ki, bu kitab Naxçıvan mətbəxini hərtərəfli əks etdirmir və Naxçıvana layiq deyil. Biz çalışmalıyıq ki, Naxçıvan mətbəxini dünyada birinci edək. Necə ki bir vaxtlar İrəvan mətbəxini dünyada birinci etdik. Naxçıvan mətbəxi çox genişdir və qədim adət-ənənələrlə zəngindir. Buraya sufi mətbəxi, saray mətbəxi, satış mətbəxi, xalq mətbəxi və sair daxildir. Yəni Naxçıvanın hərtərəfli inkişaf etmiş mətbəxi var. Hətta bu gün Naxçıvan mətbəx ənənələri İraqda belə saxlanılır. İraq mətbəxinin özü də çox böyük mətbəxlərdəndir.  Prezidentimiz cənab İlham Əliyev indiyə qədər nə deyibsə yerinə yetirib, bu gün də deyibsə Qərbi Azərbaycana qayıdırıq, deməli, qayıdacağıq.  
Bununla bağlı sərgimizdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi bizim üçün bir qrant layihə təşkil edib. Həmin qrant layihə çərçivəsində də biz Qərbi Azərbaycan şirniyyatlarını özündə birləşdirən bir kitab hazırlayırıq. Elə bu festival tərkibində də, demək olar ki, biz həmin layihənin kiçik təqdimatını edirik. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Naxçıvan rəhbərliyi və Naxçıvan Dövlət Universitetinə bu gün burada Azərbaycan mətbəxinin inkişafına verdikləri dəstəyə və festivalın keçirilməsinə görə təşəkkürlərimi bildirirəm. Çox mükəmməl bir tədbirdir.

Nəşr edilib : 22.06.2024 21:46