AZ EN RU

Kükü kənd məktəbinin yaranması və ilk yarıməsirlik fəaliyyəti haqqında atamın xatirələri

Kükü məktəbi-100

(Məktəbin yetirməsi, Naxçıvan Dövlət Universitetinin dosenti, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Cavanşir Quliyevlə müsahibə)

Bu günlərdə Naxçıvan Muxtar Respublikasının təhsil ictimaiyyəti əlamətdar hadisələrin şahidi olmaqdadır. Naxçıvan şəhərindəki Heydər Əliyev adına məktəbinin 20 illiyi və Şahbuz rayon Kükü kənd orta məktəbinin 100 illik yubileyinin qeyd olunması istər muxtar respublikanın, istərsə də ölkəmizin ictimai-mədəni həyatında mühüm hadisədir.

Naxçıvan Muxtar Respublikasında özünün tarixi və təhsilin inkişafına verdiyi töhfələrə görə seçilən xeyli sayda məktəblərimiz vardır. Şübhəsiz, Şahbuzun ucqar dağ kəndi Kükü məktəbi kimi yaşı bir əsrə çatan təhsil ocaqlarımız haqqında söhbət düşəndə ancaq keçmiş gözəl xatirələr, ömrünü təmənnasız olaraq gənclərin yetişməsinə həsr etmiş qocaman müəllimlər və onların əməyinə dəyər verməyi bacaran yetirmələr yada düşür. Ona görə də 1924-cü ildə fəaliyyətə başlamış Şahbuz rayonu Kükü kənd tam orta məktəbin 100 illik yubileyinin keçirilməsi haqqında verilmiş Qərar təkcə bu məktəbdə fəaliyyət göstərən pedaqoqların, yaxud burada ömür qoymuş müəllimlərin övladlarının deyil, ümumilikdə, bütün kükülülərin və təhsil ictimaiyyətinin böyük sevincinə səbəb olmuş, minnətdarlıqla qarşılanmışdır. Odur ki, Kükü məktəbi haqqında keçmiş xatirələrin yenidən yaşadılması, qiymətli tarixi sənədlərin gün işığına çıxarılması üçün bu məktəbin yetirmələri olan ziyalıların, kənd ağsaqallarının yaddaşlarına böyük ehtiyac vardır. Müxtəlif tarixi dövrlər keçmiş bu təhsil ocağı ilə bağlı yazılar, müxtəlif sənədlər və fotoşəkillər bu gün 100 illik yubileyə daha da dəyər qazandıran xatirələrdir.

Kükü kənd tam orta məktəbinin fəaliyyəti, onun yetirmələri və dolayısı ilə Kükü kəndi və ətraf yaşayış məntəqələrinin iqtisadi-mədəni inkişaf səviyyəsi haqqında 100 illik mətbuat orqanı olan Şərq qapısı qəzetinin qızıl arxivində olduqca dəyərli materiallar vardır. Yubiley baxımından onlardan biri, bəlkə də, ən maraqlısı hələ 70 il əvvəl, qəzetin 1954-cü il 1 may nömrəsində həmin vaxt məktəbin direktoru olmuş və mənim də ibtidai sinifdə oxuduğum illərdən hafizəmdə xatırladığım Xudayar Quliyevin “Kükülülərin minnətdarlığı” başlıqlı yazıdır. 2021-ci ildə qəzetimizin 100 illiyi ilə bağlı apardığım araşdırmada rast gəldiyimi həmin məqalədəki informasiya bu gün təkcə Kükü kənd məktəbi haqqında deyil, eləcə də bütün kəndimiz haqqında olduqca maraqlı məlumat mənbəyidir. 70 il əvvəl bizim məktəbdə oxuyan şagird sayı, yaxud həmin dövrə qədər məktəbdən məzun olmuş yetirmələrin nailiyyətləri hər baxımdan maraqdoğuran faktlardır.

Bu gün özünün təhsil ənənələri ilə seçilən Şahbuz rayonunda Kükü kənd məktəbinin xüsusi yeri vardır. Hər il yüksək nəticələrlə buradan məzun olan şagirdlər rayon üzrə keyfiyyət göstəricilərinin yüksək olmasında xüsusi paya sahibdirlər. Hər il ənənəvi olaraq Kükü məktəbini bitirmiş şagirdlər arasında rayon və muxtar respublika birinciləri olmuş, hətta bir dəfə də 690 balla ölkə birincisi məzunumuz da olmuşdur. Məktəbin yetirmələri arasında ölkəmizin ictimai, iqtisadi və mədəni həyatında tanınmış ziyalılar vardır. Odur ki, Kükü məktəbinin uzaq keçmişi haqqında maraqdoğuran daha çox məlumatlar almaq üçün kəndimizin yetirmələrindən fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, Naxçıvan Dövlət Universitetinin dosenti, Cavanşir Quliyevlə görüşüb həmsöhbət olduq.

Cavanşir müəllim, məktəbimizin ilk direktoru olmuş Xudayar Quliyevin oğlu və bir ziyalımız kimi sizdə məktəbimizin yaranma tarixi haqqında hansı məlumatlar vardır?

Əsrlərlə bu torpaqlarda məskunlaşmış zəhmətkeş Kükü sakinləri əməyinin bəhrəsi ilə yaşamaqla, eyni zamanda elmə marağı ilə də seçilmiş, təhsilə də üstünlük vermişlər. Tarixdən məlumdur ki, hələ keçən əsrin əvvəllərindən başlayaraq xalqımız kütləvi savadsızlığa qarşı mübarizəyə girişmiş və bu sahədə də böyük nailiyyətlər qazanmışdır. Təbii ki, bu proseslər Kükü kəndində də 1923-1924-cü tədris ilində əsası qoyulmuş ilk təhsil ocağının hesabına formalaşmışdır. Məhz həmin vaxtdan indiki Kükü kənd tam orta məktəbinin tarixi başlanır.

Kükü kənd məktəbi haqqında çox sayda tarixi mənbələr vardır. Elə sizin əməkdaşı olduğunuz “Şərq qapısı” qəzetində də ötən əsrin 40-50-ci illərindən başlayaraq bu barədə xeyli sayda məqalə və xəbərlər vardır. Elə sizin də qeyd etdiyiniz kimi 1954-cü ildə dərc olunmuş məqalədə, yaxud 20 dekabr 1983-cü ildə “sovet Naxçıvan” qəzetində dərc olunmuş “60 yaşlı kənd məktəb” başlıqlı yazını qeyd edə bilərəm. Onu da bildirim ki, bu yazılar sovet hakimiyyəti zamanı dərc olunduğu üçün o dövrün məlum ideya-siyasi mühiti nəzərə alınaraq, bəzi məlumatlar əks olunmamışdır. Amma, halbuki məktəbimizin yaranma tarixi ilə bağlı atamın xatirələrindən elə məlumatlar vardır ki, bunların indi qələmə alınması həm oxucularınız, həm də o dövrün iqtisadi-mədəni həyatı ilə maraqlananlar üçün olduqca maraqdı olardı. Belə ki, o vaxt “60 yaşlı kənd məktəb” başlıqlı yazıda Kükü kənd məktəbinin yaranmasını sovet hökumətinin mədəni-maarif işi olduğunu əsas tutaraq, məktəbin o zaman yaşamış Əlimərdan bəyin müsadirə olunmuş yaşayış binalarında təşkil olunduğu yazılır. Əslində isə o zaman məktəbin ilk şagirdlərindən biri olmuş atamın xatirələrinə əsaslanaraq qeyd edə bilərəm ki, 1924-cü il kimi mürəkkəb hadisələrin cərəyan etdiyi dövrdə məktəbimizin təşkilində həmin Əlimərdan bəyin müstəsna əməyi olmuşdur. Əlimərdan bəyin kimliyi və şəxsiyyəti haqqında danışsaq görərik ki, çar Rusiyası dövründə ölkə əyalətlərə, əyalətlər qəzalara, qəzalar isə bəylərbəyliyi kimi inzibati idarəetmələrə bölünürdü. Həmin dövrlərdə mərkəz Kükü kəndində olmaqla, 7 kəndi əhatə edən bəylərbəyliyi, Kəngərlilər sülaləsinə məxsus Hüseynqulu xanın qohumu olmuş Əlimərdan bəy tərəfindən idarə olunurdu. Atamın dediklərinə görə bəy çox mərhəmətli, səxavətli, kəndlilərlə mehriban davranan, onların qayğısına qalan, həmçinin dünyagörüşlü bir insan idi. Əlimərdan bəy 1908-1910-cu illərdə Almaniyanın Münhen şəhərində aqronomluq üzrə orta ixtisas təsili almışdır. O, bir neçə dildəərəb, rus, alman dillərində sərbəst danışmışdır. Dövrünün mətbuatını izləyir və həmişə mütaliə edirdi. O zamanlar, hətta ayda bir dəfə onun üçün Moskvadan “İzvestiya” qəzeti gəlirdi.

Əlimərdan bəy olduqca vətənpərvər bir insan olub. Həmin dövrlər o, torpaqlarımızın erməni işğalçılarından qorunması üçün də böyük işlər görmüşdür. O, şəxsi vəsaiti hesabına silah alaraq erməni quldurlarına qarşı vuruşmaq üçün, kiçik qardaşı İldırım bəyin başçılığı ilə silahlı dəstələr yaratmış və onlar da ermənilərə qarşı qəhrəmanlıqla vuruşmuşlar. Sonra həmin dəstələr Qafqaz İslam ordusunun tərkibində ermənilərə qarşı döyüşməyə davam etmişdilər. Hətta onlardan bir neçəsi Həzi, İslam, Səfi və sair həmin ordunun tərkibində qalaraq sonadək vuruşmuşlar.

Atamın dediklərinə görə Əlimərdan bəy 20-ci illərin ictimai-siyasi mühitindən yaxşı xəbərdar olub. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu onu çox məyus etmişdi. Ölkəmizdə sovet hakimiyyətinin qurulması isə yeni dövrün başlanğıcı demək idi. Əlimərdan bəyin kənd camaatından fərqli olaraq, bütün bu proseslərdən xəbəri var idi. O, yeni hökumətlə ünsiyyət qurub, ölkədə gedən bütün ictimai, siyasi, mədəni, quruculuq işlərinə qoşulmağa səy göstərir, təhsilə də ciddi önəm verirdi. Və Əlimərdan bəy könüllü olaraq kənddəki malikanəsindəki otaqlarından bir neçəsini məktəb üçün ayırır. Orada “Bir dərəcəli, 5 sinifli oğlan məktəbi” açmaq üçün qəza rəhbərliyi ilə razılaşır və bütün təşkilati məsələlərə də özü rəhbərlik edir. Belə ki, əvvəlcə məktəbdə tədris olunacaq ana dili, riyaziyyat və təbiət fənlərinin tədrisi üçün Cəhri kəndindən gəlmiş və Tbilisidə gimnaziya təhsili almış Mirzə Sadiq müəllimi dəvət etmişdir. Bir müddət sonra isə Mirzə Həbib müəllim də öz həmyerlisinə kömək üçün dəvət olunmuşdur. Artıq 1926-1927-ci dərs ilində məktəbdə tədris olunan fənlərin sayı artaraq 5-ə (hüsnxət, ədəbiyyat, tarix, rus dili, bədən tərbiyəsi), müəllimlərin sayı isə 4 nəfərə çatmışdı. Qısa müddətdə Şahbuzkənd məktəbindən Əli müəllim, Nehrəm kəndindən Mirzə Cəfər müəllim bu məktəbdə dərs deməyə başladılar. 1927-1928-ci dərs ilində təbiətşünaslıq və coğrafiya fənlərinin tədrisi üçün Naxçıvan şəhərindən Tələt müəllim də bu kollektivə qoşularaq peşəkarcasına fəaliyyət göstərən pedaqoji heyət yaratdılar. İlk olaraq məktəbə rəhbərliyi Mirzə Sadıq aparsa da, məktəbin bütün işçi kollektivi çox həvəslə işləyirdi.

Kükü məktəbi 1924-1925-ci tədris illərindən Naxçıvan Təhsil İdarəsinin nəzarətində fəaliyyət göstərmiş və müəllimlər üçün müəyyən miqdarda məvacib də ödənilirdi. Lakin yenə də əsas köməklik bəyin və kənd camaatının üzərinə düşürdü. Məktəbin şagirdlərinin də sayı ildən-ilə artmağa başlamışdır. Qonşu kəndlərdən bizim məktəbə gələn uşaqların hesabına şagirdlərin sayı daha da artaraq ilk buraxılış ilinə qədər 23 nəfər olmuşdur. Siniflərdə şagirdlərin yaş fərqi ilk illərdə fərqlənsə də, son illərdə azalaraq 8-12 yaş təşkil edirdi.

Məktəbin ilk buraxılış sinfinin 1928-1929-cu dərs ilində 6 nəfər məzunu olmuşdur. Həmin ildə məzunlardan 3 nəfəriməktəbi əla qiymətlərlə qurtaran Xudayar, Sərvər və İbrahim təhsilini davam etdirmək üçün öz arzuları ilə və Əlimərdan bəyin təşəbbüsü və birbaşa maddi köməyi ilə Naxçıvan şəhərində fəaliyyət göstərən Pedaqoji Texnikuma daxil olmaq üçün yola düşürlər. Onlar müvəffəqiyyətlə imtahan verərək texnikumun tələbəsi adını qazanırlar. Atam söyləyərdi ki, biz texnikumda təhsil alan zaman Əlimərdan bəy tez-tez bizə baş çəkər, bizə maddi cəhətdən köməklik göstərər və kənd sovqatları gətirərdi. Bizimlə fəxr etdiyini qeyd edər, bizə məsləhətlər verər və deyərdi: “Yaxşı oxuyun, siz xalqa çox lazım olacaqsınız!”

Atam deyərdi ki, 30-cu illərdə Azərbaycanda da kollektivləşmə başlamışdı. Bütün imkanlı adamların əmlakları müsadirə olunurdu. Təəssüf ki, bu proses Əlimərdan bəydən də yan keçməmişdi. Lakin o, dövlət orqanlarının tələblərini gözləmədən özü könüllü olaraq bütün əmlaklarını: mal-qara, torpaq sahələri, ilxısı, qoyun sürülərini və cəmisi iki otağını özündə saxlamaqla bütün “saray” otaqların dövlətə təhvil verdi. Kəndfirqə (kənd soveti) qurulduğu zaman bir vaxtlar bəyin nökəri olmuş firqə sədri, bəyin minik atını da əlindən alır və deyir: “Daha bu atı sən minə bilməzsən, mən minəcəyəm”. Bəy bu hadisədən çox pis təsirlənir və deyir: “Minməyinə minəcəksən, lakin çox uzağa gedə bilməyəcəksən!” Doğrudan da 70 ildən sonra sovet hökuməti artıq yox idi. Əlimərdan bəy isə bu təqiblərə qarşı çıxaraq nəinki kəndi, ölkəni tərk edərək xarici ölkəyə köçdü.

Bəli, bir zamanlar Kükü “Bir dərəcəli, 5 sinifli oğlan məktəbi” kimi əsası qoyulmuş məktəbimizin şagirdləri içərisində sonradan respublikanın müxtəlif ali və orta ixtisas məktəblərində təhsil alan onlarca məzun oldu ki, onlar elm dalınca gedərək dirçəliş və quruculuq illərində xalqımızın ictimai-mədəni həyatında mühüm rol oynadılar. İlk məzunlardan Xudayar Quliyev, Sərvər İbadov, İbrahim Məmmədov, Yusifəli Quliyev və başqaları respublikanın müxtəlif şəhər və kəndlərində məktəb quruculuğu işlərində iştirak etdilər. Hidayət Axundov Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyində, Nurməmməd Axundov isə Dövlət Təhlükəsizlik Komitəsində yüksək vəzifələrdə çalışdılar. Nəcəf Muradov isə Dilçilik İnstitutda böyük elmi işçi kimi çalışırdı. Təəssüf ki, İkinci dünya müharibəsi onun elm karyerasına son qoydu.

 Cavanşir müəllim, bəs sonrakı illər barəsində Xudayar müəllimin xatirələrindən nə yadda qalıb?

Məktəb 1931-1932-ci tədris ilində natamam orta məktəb adını almışdır. Bəydən qalan digər yaşayış otaqları da uyğunlaşdırılaraq 8 sinif və 1 müəllimlər otağı kimi hazırlanmışdır. Sonrakı illərdə məktəbdə savadsızlığın ləğvi kursları açıldı. Kurslarda müəllim heyəti çatışmadığı üçün yuxarı sinfin yaxşı oxuyan şagirdləri də dərs deməyə cəlb olundu. 30-cu illərin ortalarında məktəbi bitirən şagirdlərdən əksəriyyəti respublikanın ali və orta ixtisas məktəblərində müxtəlif ixtisaslar üzrə təhsil almağa başladı. Həmin illərdə məktəbin müəllim heyəti, hələlik, kənardan gələn müəllimlər hesabına formalaşırdı. 1934-35, 1935-36-cı tədris illərində məktəbin 8 nəfərdən ibarət müəllim kollektivi var idi. Şıxəli müəllim (direktor), Şirxan müəllim, Eynalı müəllim, Mahirə müəllim, Əlirza müəllim, Rəşxəndə müəllimə, Hidayət müəllim və Əli müəllim kənd camaatının böyük hörmət və rəğbətini qazanmış müəllimlər idi.

1940-cı illərdə artıq məktəbin öz məzunları hesabına yerli kadrlar təmin olunmağa başladı. Atam Xudayar Quliyevin müəllimlik fəaliyyəti 1930-1931-ci illərdən başlasa da, o keçən 10 il ərzində dövlət və partiyanın göstərişi ilə müxtəlif kəndlərdə Keçili, Türkeş, Zırnel, Güney Qışlaq və sair müəllim və məktəb direktoru olmuş, kolxoz quruculuğu işlərində partiya təşkilat katibi olaraq yaxından kömək etmişdir, 1939-1940-cı tədris illərdən başlayaraq atam Kükü kənd natamam orta məktəbində əvvəl müəllim sonra 1940-1941-ci tədris ilindən direktor vəzifəsinə təyin olunmuşdur. Onunla yanaşı, yerli kadrlardan Adil Seyidov, Sərvər İbadov, Əzim Əliyev və Mirhüseyn Hüseynovun adlarını çəkmək olar. 1930-cu illərdən məktəbə qız şagirdlərinin və həmçinin evdar qadınların savadlanma kurslarına cəlb edilməsi başlanmış və illər keçdikcə bu proses intensiv xarakter daşımışdır. Məktəbin ilk qız şagirdləri Zəhra və Bənövşə olmuşlar. Aşağı siniflərdə və savadlandırma kurslarında yuxarı sinfin yaxşı oxuyan qız şagirdlərindən müəllimə kimi istifadə olunmuşdur.

İkinci Dünya müharibəsinin bütün ölkəyə olan təsiri Kükü məktəbindən də yan keçməmişdi. Müəllimlərdən bir qrupu, o cümlədən məktəbin direktoru olan atam 1942-ci ildə cəbhəyə yollandılar. Məktəbin fəaliyyəti isə iflic vəziyyətinə düşdü. Bu ağır illər ərzində qız şagirdlərdən Dostuxanım, Milvari, Zəhra yaşlı müəllimlər ilə çiyin-çiyinə məktəbi bu vəziyyətdən qurtarmağa çalışırdılar. 1943-cü ilin dekabrında müharibədə ağır yaralanıb geri qaytarılan atam yenidən məktəb direktorluğuna davam etdi. Təbii ki, müharibə məktəbdə müəllim çatışmazlığına səbəb olmuşdu. Xudayar müəllim natamam orta təhsilli məzunları göndərişlə Pedaqoji Texnikuma göndərərək, bu boşluğu doldurmağa çalışdı. Müəllim kadrlarının hazırlanması üçün orta və ali ixtisas pedaqoji məktəblərinə göndərilən məzunlardan İman Salahov, Allahqulu Quliyev, Əbdüləli Nəbiyev, Mirabdulla Seyidov, həmçinin Əzim müəllim, Nadir müəllim və başqaları təhsilini başa vuraraq məktəbə qayıtdılar və məktəbin kadr bazasını genişləndirdilər. Məzunlardan bəziləri isə digər məktəblərə işləməyə getdilər.

Atamın məktəbdəki fəaliyyəti o zaman yüksək qiymətləndirilmişdi. O, 1942-ci ildən Sov.İKP-nın üzvü, 1946-cı ildən isə Azərbaycan KP Naxçıvan Vilayət Partiya Komitəsinin büro üzvü seçilmişdi. Atamın pedaqoji və siyasi fəaliyyəti 30 aprel 1947-ci ildə Naxçıvan MSSR Ali Soveti Rəyasət heyətinin Fəxri fərmanı ilə mükafatlandırılmışdır.

Əllinci illər, atamın imzası ilə 1 may 1954-cü il tarixdə “Şərq qapısı” qəzetində dərc olunmuş məqalədən də göründüyü kimi, məktəbin inkişaf dövrü olmuşdur. O zamanlar orta təhsilini Şahbuzkənd orta məktəbində başa vurmuş məzunlardan Sabir Quliyev, Abbas Cabbarov, Xeybər Cabbarov, Əli Məmmədov, Əhliman Məmmədov, Məmmədhüseyn Hüseynov və başqaları respublikanın müxtəlif ali və orta ixtisas pedaqoji məktəblərində təhsil alaraq məktəbin müəllim kollektivinə daxil olurlar. Beləliklə, məktəbin pedaqoji kollektivi yerli kadrlarla zənginləşir. Misal üçün, 1950-51-ci tədris ilində məktəbin 10 nəfərlik müəllim kollektivindən yalnız 1 nəfəri kənardan gəlmə idi.

Məktəbin orta məktəb adı alması 1951-52-ci tədris ilindən başlayır. Bu məsələnin həlli haqqında atam deyərdi: Naxçıvan Vilayət Partiya Komitəsinin büro iclasında məktəbin vəziyyəti haqqında məlumat verərkən bildirdim ki, orta məktəb olmadığı üçün şagirdlərimiz çətin vəziyyətdə qalaraq uzaq məsafə (15-20 kilometr) qət etməklə Şahbuzkənd orta məktəbində təhsillərini tamamlamaq məcburiyyətindədirlər. Məktəbin orta məktəbə çevrilməsi təklifi büroda bəyənildi... Sədr Haqverdiyevin göstərişi ilə növbəti ildən bu məktəb “Kükü kənd tam orta məktəbi” adlandırıldı.

Sonrakı illər məktəbin inkişaf tarixinin ən yüksək mərhələsi adlandırıla bilər. Məktəb nəinki rayon məktəbləri hətta muxtar respublika məktəbləri arasında ən yüksək göstəricilərə malik oldu. Bu illərdə məktəbin direktoru olmuş Xudayar Quliyevin xalq maarifi sahəsində fəaliyyəti Azərbaycan SSR Baş Sovetinin Prezidyumu tərəfindən qiymətləndirilərək 5 noyabr 1954-cü il tarixdə, muxtar respublika üçün ilk olaraq Azərbaycan SSR Əməkdar məktəb müəllimi fəxri adını vermişdir. Xudayar müəllimin iş prinsipi başqa idi. O, nəinki şagirdlərin təhsili ilə, eyni zamanda ev şəraiti, yaşayış tərzi ilə də maraqlanırdı. Belə ki, dərsə gəlməyən uşaqlarla evində maraqlanır, səbəbini araşdırır və bu problemi həll etmək üçün əlindən gələn köməyi göstərirdi. Maddi təminatı olmayan və uşaqları məktəbdən yayınan ailələr üçün onların valideyninin işlə təmin edilməsinə köməklik edərdi.

50-ci illərin axırları məktəbdə həm şagird sayında, həm də müəllim kadrlarının sayında artım olmuşdur. Bütün fənlər demək olar ki yerli ixtisas müəllimləri tərəfindən tədris olunurdu. 1957-58-ci tədris ili məktəbdə 234 nəfər şagird təhsil alırdı. Onların 108 nəfərini qızlar təşkil edirdi. Həmin il məktəbi bitirən 19 nəfər şagirdin 18 nəfəri respublikanın müxtəlif orta ixtisas və ali məktəblərinə qəbul olmuşdu. Həmin şagirdlərdən 8 nəfəri sonralar müxtəlif elm sahələri üzrə elmlər namizədi və elmlər doktoru adını qazandı. Məktəb həmin il Azərbaycan Respublikası üzrə sosializm yarışında 2-ci yerə çıxmışdır.

Bir vaxtlar Kükü kənd orta məktəbində mənə də dərs demiş Cavanşir müəllimə olduqca maraqlı müsahibə  üçün minnətdarlıq  edib, bir daha fikirləşirəm ki, bəli,  bu gün 100 illik yubileyi keçirilən Kükü kənd orta məktəbi bir təhsil ocağı kimi çətin yol keçsə də yaratdığı təhsil ənənələri ilə həmişə seçilmişdir.  Məktəbimizin ötən illərdəki yetirmələrinə baxdıqda başlanğıcını 100 il əvvəldən götürmüş bu təhsil ocağındakı uğurlu estafetin sonrakı illər də davam etdirildiyini görürük.

Yüz ilin mübarək, doğma məktəbimiz!

  Əli CABBAROV

Naxçıvan Dövlət Universitetinin dosenti

Nəşr edilib : 14.05.2024 17:59