AZ EN RU

“Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 944-VIQD nömrəli Qanununun tətbiqi və “Kredit büroları haqqında” Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 384-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 dekabr tarixli 1145 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü 6 iyul tarixli 944-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun 7.6-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 7.6-cı maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 944-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. “Kredit büroları haqqında” Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 384-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 dekabr tarixli 1145 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2063; 2018, № 5, maddə 907) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bənddə “2.0.9-cu, 7.1.1-ci” sözləri “7.1.1-ci, 7.6-cı” sözləri ilə əvəz edilsin;

3.2. 2.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.5. həmin Qanunun 7.6-cı maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 iyul 2023-cü il

Nəşr edilib : 31.07.2023 14:07