AZ EN RU

Kreativ iqtisadiyyat sənaye cəmiyyətindən intellektual cəmiyyətə keçiddə mühüm rol oynayacaq

    Müasir dünya sürətlə inkişaf edərək dəyişir. Bu inkişafı bizə göstərən və hiss etdirən isə saysız-hesabsız xidmətlərdir. Çünki xidmət sektoru indi əvvəlki anlamı ilə təkcə rasional əhəmiyyət kəsb etmir, həm də yeni və fərqli düşüncələrin, biliklərin praktikada tətbiqi və insanlara faydası ilə diqqət çəkir. Həyatda istənilən yeniliyin tətbiq olunduğu sahə biznes olduğundan xidmətlər də məhz bu vasitə ilə insanlara çatdırılır. Diqqət edək, bu gün dünyanın ən məşhur şirkətləri hansılardır? “Google”, “Meta”, “Tesla”, “Alibaba”, “Microsoft” kimi şirkətlər məgər məhsul istehsal edirlər? Rəmzi mənada edirlər, ancaq, əsasən, xidmət “satırlar”. Bu isə onu göstərir ki, artıq dünya iqtisadiyyatı xidmət sektoruna daha çox meyillənir və insanlara fərqli sahələrdə müxtəlif xidmətlər göstərməyə maraq getdikcə artır. Hansı ki bu xidmətlərin hamısı yenilikçi, bəzən isə qeyri-adi düşüncənin məhsulu olaraq yaranıb. Yəni bu gün müasir dünya daha çox xüsusi biliklərin biznesə çevrilməsi üzərində “baş sındırır”. Elə “kreativ iqtisadiyyat” deyilən sahə də biznesdə yeni meyillərin ortaya çıxması ilə yaranıb. 
    Kreativ iqtisadiyyat, adından da göründüyü kimi, kreativ düşüncənin məhsuludur. Belə iqtisadiyyatın mühüm hissəsini, demək olar ki, patentləşdirilmiş məhsullar təşkil edir. Bu sektorun iqtisadi konsepsiyasını hazırlayanlar əmək və kapital kimi ənənəvi resurslara deyil, cəmiyyət həyatında fərqli dəyərlər yaradan tərəflərə daha çox üstünlük verirlər. Nəticədə, kreativ iqtisadiyyat ənənəvi iqtisadiyyatın inkişafına da mühüm təsir göstərir, insan fəaliyyətinin bütün sahələrinə sirayət edir, elm və istehsalata, ticarətə və əyləncə sahələrinə yeni həyat verir. O, insanların yaşamaq, işləmək və təhsil almaq istədikləri, düşündükləri, kəşflər elədikləri və yaradıcılıqla məşğul olduqları mühiti dəyişdirir. Bir anlığa təsəvvür edək ki, müasir dövrdə mobil telefonlar mövcud deyil, kompüter texnologiyası hələ təşəkkül tapmayıb, turistlərə Azərbaycan haqqında məlumat çatdırmaq üçün ölkədən bir neçə illiyə çıxıb getməli və təbliğat işi aparmalıyıq və sair. Bu baxımdan kreativ iqtisadiyyatın inkişafı insanlara daha çox uğur gətirir və onları məmnun edir. Və bu gün kreativ iqtisadiyyatın inkişafı elə bir səviyyəyə çatıb ki... Təsəvvür edin ki, bu gün dünyanın ən məşhur taksi şirkətinin özünün bir ədəd də olsun, taksisi yoxdur. Yaxud bu gün dünyanın ən böyük otel şəbəkəsinin özünün bir kiçik oteli belə yoxdur! Amma bu şəbəkələrdə işləyən milyonlarla taksi sürücüləri və otel işçiləri var. 
    Hələ yeni minilliyin əvvəllərindən ABŞ psixoloqları iddia edirdilər ki, riyaziyyat nə qədər dəqiq elm sayılsa da, bu elmin iqtisadiyyatda tətbiqi getdikcə azalır. Çünki biz indiyədək iqtisadi düşüncənin daha çox riyazi modellərin üzərində qurulduğunu qəbul edirdik. Ancaq zaman irəlilədikcə insanların istədiklərinin daha çox psixoloji düşüncə əsasında reallığa çevrilməsinin şahidi oluruq. Bu psixoloqların fikrincə, insanlar öz davranışlarında rasional hərəkət etmirlər. Onların etmək istədikləri həmin an üçün malik olduqları psixoloji vəziyyətlə bağlıdır. Bir dəfə yazıların birində bu məsəli çəkmişdim, indi yenə də təkrar edirəm:“Apple”in yaradıcısı Stiv Cobs bu mükəmməl ideyasını həyata keçirərkən bunu heç də riyazi biliklərinə əsaslanaraq etməmişdi və bu işi ilə dünyanın axarını dəyişdirəcəyini proqnozlaşdırmırdı. İstədiyi, sadəcə, insanlara yardım etmək, onlara bir çox vasitələrin əlçatan olmasını yaratmaq idi. Bunu “Alibaba”nın, “Amazon”nun, “Whatsapp”nın qurucuları haqqında da demək olar. 
    Kreativ iqtisadiyyatın maraqlı tərəflərindən biri də budur ki, bu cür xidmətlərə insanlar tədricən alışırlar. Məsələn, bu gün dünyada bir sıra iş və xidmət sahələri var ki, bu cür yerlərdə işləmək üçün işə gəlmək vacib sayılmır. Düzdür, işəgötürənlər hibrid işləməyi sevənləri qəbul etməkdə çətinlik çəkirlər. Onların gətirdikləri arqumentlər belə olur ki, işdə məhsuldarlıq aşağı düşəcək, kollektivdə kommunikasiya aradan qalxacaq, idarəetmədə problemlər yaranacaq və sair. Amma məsələ ondadır ki, bu cür kreativ xidmət sahələri zamanla ənənəvi iş qaydalarını da dəyişəcək. Hazırda isə insanlar buna hazır deyil. Həm texnoloji baxımdan, həm də vərdiş və ənənələr baxımından. Çünki indiyə kimi mövcud olan, effektiv idarəetmə metodlarının hamısı bizim illərlə tabe olduğumuz ənənəvi iş yeri qaydalarına hesablanıb. 
    Yeri gəlmişkən, dünyada kreativ iqtisadiyyatın payı hər il durmadan artır. Hazırda ABŞ, Çin, Yaponiya kimi ölkələrdə kreativ sənayenin ümumi daxili məhsulda payı (təxminən, 6-10 faiz arasında dəyişir) çox olmasa da, bu rəqəmin tezliklə artacağı şübhə doğurmur. Amma ÜDM-də bu faiz belə az sayılmamalıdır. Təsəvvür edin ki, pandemiyadan öncə – 2018-ci ildə Amerikanın patentləşdirilmiş məhsul istehsalı Rusiyanın ümumi daxili məhsul istehsalından 15 faiz çox idi.
    Bu gün kreativ sənaye iqtisadi xeyirlə bərabər qeyri-maddi dəyərlər də yaradır və istiqaməti insan tərəfə yönəlmiş stabil inkişafa çevirir. Bu mənada, innovasiyalı iqtisadiyyatda kreativ inkişafın rolu böyük əhəmiyyət daşıyır. Artıq sənaye cəmiyyətindən intellektual cəmiyyətə keçid əsnasında məsələlərin həll edilməsində yaradıcı yanaşma rəqabətədavamlılığı vacib amilə çevirir. Ümid edək ki, bu iqtisadi proses elmi dairələrin, ali təhsil müəssisələrinin yaxın gələcək üçün fəaliyyətlərində əsas istiqamətlərdən olacaq. Çünki dünyada artan rəqabətə hazır olmaq, rəqabətli insan kapitalı formalaşdırmaq ölkə başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan-2030: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da müəyyənləşdirilib.

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 24.08.2023 20:48