AZ EN RU

Kövrək və sevincli anların bir arada yaşandığı gün – Məzun günü

    Bir millətin, cəmiyyətin, xalqın parlaq gələcəyini, tərəqqisini təşkil edən təhsildir. İnkişaf etmiş və etməkdə olan, yüksəliş dövrünü yaşayan hər bir dövlətin bünövrəsinin möhkəmliyi məhz təhsildən asılıdır. Təhsili isə bizə məktəb verir. Bizi həyatla tanış edən, bir şəxsiyyət kimi formalaşdıran məktəb bizim ikinci evimizdir. Ömrümüzün ən mənalı illəri olur məktəb illəri. Əlifbanı öyrənməklə qədəm qoyduğumuz məktəbi Məzun günü ilə bitiririk. Məzun günü və ya Son zəng bayramı isə ölkəmizdə, təhsil ocaqlarında böyük təmtəraqla keçirilir. Tələbəliyə addım atan məzunlar həm 11 ilin həsrətini, həm də arzuladıqları maraqlı tələbəlik həyatına qovuşacaqlarının sevincini yaşayırlar. Özüm də bu hissləri yaşamışam. İllərlə bir masa arxasında əyləşərək elmlərin ilkin sirlərinə yiyələnməyimizdə mühüm yer tutan müəllimlərimizdən, 11 il bir yerdə təhsil aldığımız sinif yoldaşlarımdan ayrılmaq çox çətin olur. Bu ayrılığı daha yaddaqalan edən isə son zəngdir. Hər il, eyni ay, eyni gündə məzun sözünün mənasını dərk edən hər kəs xəyalən öz məzun olduğu vaxta geri qayıdır, bir anlıq o şirin xatirələri yada salır... Azərbaycan Respublikasının Dövlət Himni səslənir... İllərlə valideyn kimi əziyyətimizi çəkən dəyərli müəllimlərimizin çıxışı ilə tədbirlər başlanır... Söz musiqiyə, nəğməyə verilən zaman isə gül-çiçək yağışına bürünmüş məktəb həyətindəki şənlik əsrarəngiz gözəlliyə çevrilir. Son zəng ərəfəsində duyğulu anlar yaşayan müəllimlər, məzunlar və onların valideynləri bu kövrək, bir o qədər də sevincli dəqiqələrdə zəngin ovqata köklənirlər. Unudulmaz gün üçün toplaşanlar arasında müəllimlər məzunlara könül dolusu uğurlar arzulayıb, məktəbdə ilk kövrək addımlarını atan birincilərə mübarək qədəmlər, bol uğurlar diləyirlər. Məzunlar üçün son zəng çalınır, onların yeni həyat yolu başlayır. Sabahımız, gələcəyimiz olan bugünkü məzunlar, siz Azərbaycanın işıqlı gələcəyisiniz. Bu yolda hər biriniz üçün qayğılı-qayğısız, rəngarəng həyat yolu, ölkəmizin ümid bəslədiyi layiqli vətəndaş kimi ömrünüzün yeni mərhələsinə qədəm qoyursunuz. Bu hal sevindiricidir, ümidvericidir, qürurvericidir.
    Bu gün ölkəmizdə 101 915 şagird məzun olur. Onların qarşısında yeni üfüqlər açılır. “Şərq qapısı” qəzeti olaraq məzunları təbrik edir, gələcək həyatlarında uğurlar arzu edirik.

Sürəyya QƏDİMƏLİYEVA 

Nəşr edilib : 14.06.2023 23:26