AZ EN RU

Kövrək və sevincli anların bir arada yaşandığı gün- Məzun günü

Təhsil millətin gələcəyidir” deyən dahi rəhbər Heydər Əliyevin bu dəyərli kəlamı əbəs yerə dillər əzbəri deyil. Bir millətin, cəmiyyətin, xalqin  parlaq gələcəyini, tərəqqisini təşkil edən təhsildir. İnkişaf etmiş və etməkdə olan, yüksəliş dövrünü yaşayan hər bir dövlətin bünövrəsi təhsilli xalqına bağlanır. Dünyaya göz açandan sonra birinci ailəmizdirsə, ikincisi məhz məktəbdir deyərdim, bizi həyatla tanış edən,  bir şəxsiyyət kimi formalaşdıran. Elə buna görə də məktəb bizim ikinci evimizdir.  Ömrümüzün ən mənalı, ən öyrədici illəri olur 11 məktəb ili. Əlifba bayramı ilə qədəm qoyub məzunlar günü ilə bu maraqlı günləri, təhsil aldığımız illəri bitiririk. Bu, məzunlar günü vasitəsi ilə  daha da yadda qalan edilir. Azərbaycanın gələcəyini yaradan gənclərin “Son zəng” bayramı  ölkəmizdə, təhsil ocaqlarında böyük təm-təraqla keçirilir.  Tələbəliyə addım atan şagirdlər 11ilin həsrətini ayrı, maraqlı tələbəlik illərinə keçəcəklərinin sevincini isə ayrı yaşayırlar.  Çünki özümdə məhz bu hisslərə dərindən bələdəm. İllərlə bir masa arxasında əyləşərək vaxt keçirdiyimiz həyatımızda mühüm bir yer tutan müəllimlərimizdən, sinif yoldaşlarımdan ayrılmaq çox çətin olur. Bu ayrılığı daha yadda qalan edən isə son zəngdir. Bir müddət əvvəldən hazırlanan  mahnılar,  şeirlər, rəqs və milli musiqi nümunələri yaddaşımızda xüsusi bir iz buraxır.  Zaman keçib, vaxt yetişəndə isə yaşanılan həyəcan hər birimizə tanış gəlir.  Əminəm ki, bu qəzeti oxuyan hər kəsin məzun günü gözlərinin önündə canlanır. Hər il, eyni ay, eyni gündə məzun sözünü duyan hər kəs öz məzun olduğu vaxta geri qayıdır, biranlıq o şirin xatirələri yada salır.  Adəti üzrə əvvəlcə Azərbaycan Respublikasının  Dövlət Himninin sədaları  səslənir.   Daha sonra isə illərlə valideyin kimi əvəzsiz  əziyyətimizi çəkən dəyərli müəllimlərimizin çıxışı ilə  tədbirlər başlanılır. Məzunların hazırladıqları göstərilər hamının diqqətini çəkir. Söz musiqiyə, nəğməyə verilən zaman isə gül-çiçək yağışına bürünmüş məktəb həyətindəki şənlik  əsrarəngiz gözəlliyə çevrilir. Son zəng ərəfəsində duyğulu anlar yaşayan müəllimlər, məzunlar və onların valideynləri bu  kövrək, bir o qədər də sevincli dəqiqələrdə zəngin ovqata köklənirlər. Unudulmaz gün üçün toplaşanlar arasından müəllimlər məzunlara könül dolusu uğurlar arzulayıb,  məktəbə  ilk kövrək addımlarını atacaq birincilərə mübarək qədəmlər, bol uğurlar diləyirlər. Və son dəfə olaraq zəng çalınır və məzunların yeni həyat yolu başlayır. Sabahımız, gələcəyimiz olan bu günkü məzunlar, siz Azərbaycanın işıqlı gələcəyisiniz. Bu  yolda hər biriniz üçün  qayğılı-qayğısız rəngarəng həyat yolu, ölkəmizin ümid bəslədiyi layiqli vətəndaş kimi ömrünüzün yeni mərhələsinə qədəm qoyursunuz. Bu hal  sevindiricidir... ümidvericidir... qürurvericidir...

      Bu gün yurdumuzda 102  minə yaxın şagird məzun olur. Onların qarşısında yeni üfüqlər açılır. “Şərq qapısı” qəzeti olaraq  məzunları  təbrik edir, gələcək həyatlarında uğurlar arzu edirik.

                                                                                              Sürəyya Qədiməliyeva

Nəşr edilib : 14.06.2023 09:26