AZ EN RU

Korsika parlamentində yerli dilin qadağan edilməsi dünya mediasında böyük əks-səda doğurub - FOTOLAR

Fransaya məxsus Korsika adasının yerli parlamentində Korsika dilinin qadağan edilməsi ada sakinlərini yenidən qəzəbləndirməklə yanaşı, beynəlxalq aləmdə və mətbuatda böyük əks-səda doğurub və etirazlara səbəb olub.

Fransanın “France24” telekanalının saytında yayılan “Korsika liderləri adanın parlamentində yerli dildən istifadəyə qadağa qoyulmasını tənqid edirlər” sərlövhəli məqalədə Korsikanın muxtariyyətinin tərəfdarı olan siyasətçilərin məhkəmənin adanın yerli parlamentində Korsika dilinin istifadəsini qadağan etməsindən sonra ayağa qalxdıqları bildirilib. Diqqətə çatdırılıb ki, italyan dilinə daha yaxın olan və təxminən 150 min nəfərin ana dili hesab edilən Korsika dili UNESCO tərəfindən “tamamilə məhv olmaq təhlükəsi ilə üzləşmiş” hesab olunub.

Adanın İcraiyyə Şurasının prezidenti Jil Simeoni və Korsika Assambleyasının prezidenti Mari-Antuanet Mopertüi Bastiya şəhər məhkəməsinin verdiyi qərarın “Korsika parlamentinin üzvlərinin debatlar zamanı öz dillərində danışmaq hüququndan məhrum etmək” demək olduğunu vurğulayıblar.

Onlar birgə bəyanatlarında bu vəziyyətin qəbul edilməsinin onlar üçün ağlasığmaz olduğunu vurğulayıb, bu qərardan apellyasiya şikayəti verəcəklərini bildiriblər. Eyni zamanda, qeyd ediblər ki, Korsika dilinin "yaşaması və inkişafı" üçün fransız dili ilə yanaşı, ona da rəsmi statusun verilməsi lazımdır.

Korsikanın müstəqilliyinin tərəfdarı olan "Core in Fronte" partiyası tviter hesabında bu qərarı “rüsvayçı” hesab edib.

“Korsika Xalq Partiyası”nın rəhbəri Jan-Kristof Angelini tviter hesabında qərarın “bizim üçün təhqir” kimi səsləndiyini yazıb və bunu "haqsızlıq və biabırçılıq" adlandırıb.

Le Monde” nəşri də Korsika parlamentinin sözügedən qərarına biganə qalmayıb. Pol Ortolinin müəllifi olduğu “Korsika parlamentində Korsika dilinin istifadəsi qadağandır, çünki Konstitusiyaya zidd hesab olunur” sərlövhəli məqaləsində Bastiya inzibati məhkəməsinin qərarını mərkəzi hökumətlə Korsika arasında gərgin münasibətlərdə daha bir “sədd” olduğunu bildirib. Vurğulanır ki, Korsika İcraiyyə Şurasının prezidenti, millətçi Jil Simeonu bu qərardan şikayət vermək niyyətində olduğunu təsdiqləyib. O deyib: “Məhkəmənin fransız dilindən başqa bir dildə aparılan müşavirənin qanunsuz olmasına qərar verməsi təəssüf doğurur. Bu, mütləq zorakılıqdır, həm də korsikalılar və fransızlar arasında həmrəsmiliyin absurd əsaslandırılmasıdır. Bu istiqamətdə Konstitusiyaya yenidən baxılmalıdır”.

“Le Figaro” qəzetində dərc olunan məqalədə də ada rəsmilərinin bu qərardan etiraz etdikləri görünür. Yazıda bu vəziyyətin ağlasığmaz olduğu bildirilib. Diqqətə çatdırılıb ki, Bastiya məhkəməsi qəbul etdiyi qərarla ada sakinləri ilə münasibətləri heç də yaxşı olmayan sabiq prefekt Paskal Lölarjın yerli parlamentdə Korsika dilində müzakirələrin ləğv edilməsi tələbi ilə 2022-ci il iyunun 15-də və 2023-cü il yanvarın 27-də verdiyi şikayətləri məqbul hesab edib.

İcraiyyə Şurasının prezidenti Jil Simeoni və Korsika Assambleyasının prezidenti Mari-Antuanet Mopertüi bu qərarın Korsikanın seçilmiş nümayəndələrini Korsika Assambleyası, Korsika İcraiyyə Şurası və ictimai həyat aktları daxilində müzakirələr zamanı öz dillərində danışmaq hüququndan məhrum etməyə bərabər olduğunu bəyan ediblər.

Bildirilib ki, bu məhkəmə qərarı və onun təsirləri Konstitusiyaya yenidən baxılmasının mütləq zərurətini təsdiqləyir. Bu, xüsusilə Korsika dilinin həmrəsmilik statusunu təmin etmək, onun yaşaması və inkişafı üçün vacib şərtdir.

“Core in Fronte” Partiyası tviter hesabında bu məhkəmə qərarını pisləyib, onu Korsika dilində “utancverici” adlandırıb.

Korsika Xalq Partiyasının sədri Jan-Kristof Angelini bu qərarın onlar üçün təhqir hesab edildiyini vurğulayıb. “Bu, haqsızlıq və biabırçılıqdır. Biz anlamırıq”, - deyə o qeyd edib.

Fransanın “la-croix.com”, “Francetvinfo” və digər portallarında da mövzu barədə materiallar dərc olunub, Korsika rəsmilərinin etirazları oxucuların diqqətinə çatdırılıb.

İsveçrə “Le Matin” portalında dərc olunan “Fransa məhkəməsi korsikalıları yerli assambleyadan qovdu” sərlövhəli məqalədə Bastiya məhkəməsinin qərarının müstəqilliyin tərəfdarları üçün təhqir olduğu bildirilib. Vurğulanıb ki, adanın səlahiyyətli şəxsləri bu qərara kəskin etirazlarını bildiriblər.

Diqqətə çatdırılıb ki, son onilliklərdə “Gözəllik adası”nın Fransa hökuməti ilə münasibətləri mürəkkəbləşib, orada muxtariyyət və ya müstəqillik tərəfdarı olan milli hərəkatlar, gizli qruplar formalaşıb. Muxtariyyət tərəfdarları 2015-ci ildən adanın hakimiyyət orqanlarına rəhbərlik edirlər.

Qeyd edək ki, ötən həftə Bastiya inzibati məhkəməsi yerli parlamentdə müzakirələrin Korsika və fransız dilləri olduğunu bildirən prosedur qaydalarının müddəalarının ləğvi barədə qərar qəbul edib. Məhkəmə hesab edib ki, bu müddəa Fransa Konstitusiyasının 2-ci maddəsinə ziddir.

Nəşr edilib : 13.03.2023 18:02