AZ EN RU

Koreya Respublikasındakı səfirliyimizdə səsverməyə başlanıb

Növbədənkənar Azərbaycan Respublikası prezidentinin seçkiləri ilə əlaqədar Koreya Respublikasındakı səfirliyimizdə yaradılan seçki məntəqəsində yerli vaxtla səhər saat 8:00-da (Bakı vaxtı ilə 03:00) səsverməyə start verilib. Bakı ilə saat fərqinə əsasən, səsvermə prosesi ilk olaraq ölkəmizin Seuldakı səfirliyində yaradılan məntəqə seçki komissiyasında başlayıb.
Səsvermə prosesi Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılır. Məntəqə lazımi əyani vəsaitlərlə təmin edilib, burada səs verən seçicilərin siyahısı tərtib olunub. Yaşı 18-ə çatmış və aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları Azərbaycan Respublikasının etibarlı pasportu və ya şəxsiyyət vəsiqəsi ilə səsvermədə iştirak edirlər.
Seçicilərin öz iradələrini azad və sərbəst şəkildə bildirmələri üçün lazımi şərait yaradılıb.
Azərbaycanın Koreya Respubikasındakı səfirliyində yaradılan məntəqədə bu ölkədə yaşayan vətəndaşlarımızla yanaşı, müxtəlif səbəblərdən Seulda olan səsvermə hüququna malik seçicilər də səs verə bilirlər. Səsvermə yerli vaxtla saat 19:00-da başa çatacaq.
Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasından sonra ölkəmizdə keçiriləcək ilk seçki olan növbədənkənar prezident seçkilərində ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan Azərbaycan vətəndaşlarının səsvermə hüquqlarının təmin olunması məqsədilə 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb. Bu məntəqələr üzrə 23 minə yaxın seçici siyahıya alınıb. Ölkələrin yerli saat qurşaqlarına uyğun olaraq, dünya üzrə Cənubi Koreyada başlayan səsvermə prosesi ölkəmizin ABŞ-nin Los-Anceles şəhərindəki baş konsulluğundakı məntəqədə başa çatacaq.
Müasir Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri olan növbədənkənar prezident seçkiləri müzəffər Azərbaycan ordusunun tarixə qızıl hərflərlə yazılan Qarabağ zəfəri sayəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasından sonra ilk seçkidir.

Nəşr edilib : 07.02.2024 08:17