AZ EN RU

Könüllülər Vətən müharibəsi iştirakçıları ilə görüşüb

"Naxçıvan Könüllülərinin Birlik Həftəsi" çərçivəsində bir qrup könüllü gəncin Vətən müharibəsi iştirakçıları ilə görüşü keçirilib. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondununun birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Gənclik Mərkəzində reallaşan tədbirdə qazilərimiz – baş gizir Malik Cəbiyev, gizir Pərviz Muradov və kiçik gizir Məhəmməd Əhmədov iştirak ediblər.

Təşkilatçı qurumların nümayəndələri çıxış edərək bütün hərbçilərimizə ali xidmətlərinə görə minnətdarlıq edib, Vətən uğrunda canlarını fəda edən şəhidlərimizə Allahdan rəhmət diləyiblər. Qeyd olunub ki, ölkəmizdə gənc nəslin vətənpərvər ruhda böyüməsi, azərbaycançılıq ideologiyası və milli dövlətçilik prinsiplərinə sadiq vətəndaş kimi formalaşmasına xüsusi önəm verilir, bu istiqamətdə müxtəlif işlər həyata keçirilir. Bununla yanaşı, qəhrəman hərbçilərimizin Vətənə, xalqa olan bağlılığı, döyüşlərdə göstərdiyi şücaət, mərdlik gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından çox mühüm əhəmiyyətə malikdir.

Müharibə iştirakçıları döyüş xatirələrini bölüşüb, gənclərə tövsiyyələr verib, o cümlədən onları maraqlandıran sualları cavablandırıblar. Gənclər şəhidlərimizin timsalında qəhrəman döyüşçülərimizin gənc nəslə ötürdüyü vətənpərvərlik mirası ilə qürrələndiklərini ifadə edib, qazilərimizə şəfa diləyiblər.

Naxçıvan Muxtar Respublikası Gənclər və

İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 04.12.2023 12:21