AZ EN RU

Könüllülər və tələbələr üçün tədbir keçirilib

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə ekologiya könüllülərinin və Naxçıvan Dövlət Universitetində təhsil alan tələbələrin iştirakı ilə tədbir keçirilib. Əvvəlcə gənclərə Nazirliyin akt zalında Naxçıvanın tarixi, florası, faunası və təbiət abidələri barədə məlumatlar verilib, onlara xüsusi mühafizə olunan təbiət əraziləri barədə videoçarx izlədilib. Sonra Naxçıvan Muxtar Respublikasının fauna ehtiyatlarının mühafizəsi, həmçinin artırılması məqsədilə Culfa rayon Ərəfsə kəndi yaxınlığında yerləşən Ordubad Dövlət Təbiət Yasaqlığının qalın qarla örtülmüş dağlıq ərazisində biotexniki tədbir keçirilib. Biotexniki tədbirdə aktiv iştirak edən gənclər Zəngəzur Milli Parkının əməkdaşları ilə birgə əraziyə 10 kip qaba yem və 200 kiloqram daşduz dağıdıblar. Sonra gənclər Xanəgah kəndində yerləşən, Nazirlik tərəfindən təbiət abidəsi statusu alması üçün müvafiq işlərin görüldüyü, tarixiliyi, həmçinin əzəmətliliyi ilə göz oxşayan tarixi memarlıq abidəsi Əlincə qalasına qalxaraq qalanın möhtəşəm mənzərəsinə şahidlik ediblər. Sonda gənclər qalanın muzey fondu ilə tanış olublar.

Nəşr edilib : 09.02.2024 20:46