AZ EN RU

Könüllərdə sevgi ilə yaşadılan Naxçıvan

    Azərbaycanın qədim və zəngin tarixə, mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan diyarı mürəkkəb və çətin inkişaf yolu keçmişdir. Əvvəlki illərin təcrübəsində yeniliklərin, tərəqqinin, innonativ təcrübənin, təşkilati proseslərin vəhdətindən ibarət tədbirlərin məkanına çevrilən muxtar respublikamız bu gün də bu ənənələrə sadiq qalmaqda davam edir. 

    Ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan quruculuq xəttinin uğurla davam etdirildiyi Naxçıvan Muxtar Respublikası bu gün yeni inkişaf mərhələsinə qədəm qoyub. Əldə olunan uğurlar muxtar respublikanın hər bir ərazisini əhatə etmiş müasirliyin, intibahın, tərəqqinin, bir sözlə, xoş məram və niyyətin ən gerçək ifadəsinə çevrilmişdir. Ümummilli liderimiz Heydər Əliyev həmişə Naxçıvanın inkişaf etməsini, abadlaşmasını istəyirdi. Dahi şəxsiyyət deyirdi: “İstəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin”. Keçən müddət ərzində muxtar respublikada iqtisadi və sosial sahələr üzrə aparılan məqsədyönlü tədbirlər milli inkişafa öz töhfəsini vermişdir.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Naxçıvanın uğurlu inkişafı Azərbaycanın uğurlu inkişafı deməkdir. Bizim müstəqilliyimizin möhkəmləndirilməsi deməkdir. Burada gedən işlər məni çox sevindirir. Mən əminəm ki, bu gözəl ənənələr gələcək illərdə də davam etdiriləcək və Naxçıvan Muxtar Respublikası həm iqtisadi inkişaf səviyyəsinə görə, həm də infra­struktur layihələrinin səviyyəsinə nəinki bu regionda, hətta dünya miqyasında qabaqcıl yerlərdə olacaqdır”. Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi altında ötən dövrdə muxtar respublikada yüzlərlə sənaye müəssisələri, inzibati və yaşayış binaları, təhsil, səhiyyə və mədəniyyət müəssisələri tikilmiş və ya yenidən qurulmuş, tarixi abidələr bərpa olunaraq istifadəyə verilmişdir.
    Naxçıvanın bugünkü inkişafı, ağ günlərə çıxması asan başa gəlməyib. Əvvəllər enerji qıtlığından əziyyət çəkən, ciddi problemlər məngənəsində sıxılıb qalan muxtar respublikanın ötən dövrdə əldə etdiyi ən böyük uğurlardan biri də enerji təhlükəsizliyinin təmin edilməsidir. Bir zamanlar enerjini idxal hesabına əldə edən Naxçıvan Muxtar Respublikası indi enerji ixracatçısına çevrilib. Bu gün ölkə üzrə Günəş Elektrik stansiyalarında istehsal olunan elektrik enerjisinin 78 faizdən çoxu muxtar respublikanın payına düşür. Eyni zamanda Naxçıvan Muxtar Respublikasında elektrik enerjisinə olan tələbatın 65 faizdən çoxu alternativ və bərpa olunan enerji mənbələri hesabına ödənilir ki, bu da inkişaf etmiş Avropa ölkə­ləri üçün çox nadir göstərici hesab edilir.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” əhalinin məşğulluğuna yönəldilən tədbirlərin davamlılığına nail olunmasına, yeni iş yerlərinin yaradılmasına və özünüməşğulluğun təmin edilməsinə, əmək bazarında real vəziyyətin təhlil edilməsinə, eyni zamanda tələbata uyğun kadr hazırlığının aparılmasına, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin məşğulluğunun təmin edilməsinə yeni imkanlar yaratmışdır. 
    Bu gün dövlətin hərtərəfli qayğısı ilə əhatə olunan Naxçıvan Muxtar Respublikası elmin, təhsilin, müasir tədqiqatların inkişaf etdirildiyi bir regiona çevrilmişdir. İqtisadiyyatın sahə strukturunun təşkilatlanması məhz bütün tərəfləri ilə yanaşı, həm də gənclərin təhsili, savadlanması firavan yaşaması, asudə vaxtlarının səmərəli keçirilməsi, ölkənin ixtisaslaşdırılmış kadr potensialının inkişafına təkan olmaq kimi vacib məsələlərin təşkilinə istiqamətlənib. Məhz buna görə də muxtar respublikamızın ən ucqar kəndlərində belə təhsilə göstərilən qayğının nəticələrini görürük. 
    Bununla bərabər, Naxçıvan Muxtar Respublikasında gənclərin dövlət qayğısı ilə əhatələnməsi istiqamətində də tarixi dövr yaşanmaqdadır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən sosial-iqtisadi və hüquqi islahatların davam etdirilməsi dövlətin digər sahələrlə yanaşı, gənclər siyasəti də diqqətdə saxlamasının zəruri təzahürüdür. Təsadüfi deyil ki, bu gün muxtar respublikamızda gənclər dövlət qulluğunda yüksək vəzifələrə irəli çəkilir, onlara böyük etimad göstərilir.
    Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu strategiyasını uğurla davam etdirən Ali Baş Komandanın rəhbərliyi ilə muxtar respublikadakı ordu, birləşmə və hissələr də böyük təşkilatlanma və inkişaf yolu keçib. Torpaqlarımızın işğaldan azad olunmasında Əlahiddə Ümumqoşun Ordunun uğurlarına toxunan ölkə Prezidentinin dediyi kimi: “İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri – həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər”.

    Bütün bu nailiyyətlərin nəticəsi olaraq qürurverici hisslə deyə bilərik ki, Azərbaycan Respublikası eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası artıq beynəlxalq miqyasda müasir və hərtərəfli inkişaf modeli ilə seçilir. Görülən işlər gələcəkdə daha böyük uğurların qazanılacağına inam yaradır. 

Səadət Qasımova 
Naxçıvan Dövlət Universitetinin Magistratura üzrə Gənclərlə İş
 (Sosial İş) ixtisasının 2-ci kurs tələbəsi

Məqalə “Könlüm Naxçıvan” yaradıcılıq müsabiqəsinə
 təqdim olunmaq üçündür

 

Nəşr edilib : 29.09.2022 19:03