AZ EN RU

Konstitusiya-demokratik cəmiyyətin hüquqi əsası

    Konstitusiya dövlətin əsas strukturunu, prinsiplərini və fəaliyyət qaydalarını göstərən və əsas insan hüquqlarını təmin edən üstün hüquqi normalardan ibarətdir. Konstitusiya gələcək qanunların riayət etməli olduğu təməl prinsipləri göstərir. Heç bir qanun və ya digər qayda Konstitusiyaya zidd ola bilməz. Bu baxımdan Konstitusiya bir ölkənin ali və ya Əsas Qanunudur. Konstitusiyanın iki əsas üzərində qurulduğunu deyə bilərik. O, bir tərəfdən dövlətin quruluşunu və fəaliyyətini və onların əsas prinsiplərini müəyyən edir, orqanların bir-biri ilə münasibətlərini idarə edir, digər tərəfdən, hüquq və azadlıqları müəyyənləşdirib özündə əks etdirir. 

    İnsan hüquqlarının təmin edilməsi konstitusionalizmin əsas elementlərindən biri olmaqla əvəzolunmazdır. Konstitusiyalarda təsbit edilən əsas hüquqlar siyasi sferada öz əksini tapmış fərdin öz müqəddəratını təyinetmə idealının təminatıdır. İnsan hüquqları fərdlərə hər cür təzyiqdən qorunaraq, özünü reallaşdırmaq üçün toxunulmaz sahə yaradır. Bu həmçinin onların başqaları ilə könüllü fəaliyyətlə məşğul olmaq potensialını təmin edir, onların dövlət idarəçiliyində iştirakına zəmin hazırlayır. Bir xalqın konstitusiya qəbul etmək niyyəti o xalqın milli, beynəlxalq siyasətin və mədəni  mühitin təlqinlərinə uyğun olaraq cəmiyyəti yenidən qurmaq istəyidir.
    Azərbaycan xalqı 1918-ci ildə öz tarixində ilk dəfə demokratik əsaslarla dövlət yaratmağa nail olsa da, bu dövlətin cəmi 23 ay davam edən qısa ömrü Azərbaycan Xalq Cümhuriyyətinin Konstitusiyasının qəbul edilməsi üçün kifayət etmədi. Müstəqilliyimizin bərpasınaqədərki 70 illik dövrdə artıq 3 Konstitusiya qəbul olunmuş, lakin həmin konstitusiyalar ittifaq konstitusiyalarına uyğun hazırlanmaqla dövrün siyasi rejiminin ideologiyasını əks etdirmişlər. Dövlətimiz müstəqillliyini bərpa etdikdən sonra isə demokratik və hüquqi dövlət quruculuğunun tələblərinə cavab verən yeni bir Konstitusiyanın qəbulu zəruri idi. Milli Məclisin 1995-ci il 02 may tarixli  Qərarı ilə isə Prezident Heydər Əliyevin sədrliyi ilə Konstitusiya layihəsini hazırlayan Komissiyanın tərkibi təsdiq olundu. Ümummilli Lider konstitusiya layihəsinin hazırlanması üzrə komissiyanın sədri kimi yeni Konstitusiyanı belə təsvir edirdi: “Konstitusiya, birinci növbədə, dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyət bölgüsü, ali icra, qanunvericilik, məhkəmə hakimiyyətləri – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır. Dövlət xalqın işi olmalıdır. Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır və bu prinsiplər Konstitusiyamızın əsasını təşkil etməlidir”. Tərkibinə  Ali Sovetin, Nazirlər Kabinetinin, Prezidentin İcra Aparatının, hüquq-mühafizə orqanlarının rəhbərləri ilə yanaşı, Milli Məclisin üzvləri tanınmış ictimai siyasi xadimlər, elm xadimləri, görkəmli hüquqşünaslar, tarixçilər, dilçilər və filosoflar daxil olduğu komissiyanın ardıcıl iclasları keçirilmiş, layihə üzərində gərgin iş getmiş, hazırlanmasında gərgin əmək sərf olunmuşdur.  Layihə mətbuatda dərc olunaraq ümumxalq müzakirəsinə verilmiş, dərc olunan məlumatda həmçinin göstərilmişdi ki, bütün dövlət orqanlarının, təhsil müəssisələrinin, siyasi partiyaların ictimai birliklərin və vətəndaşların nəzərinə çatdırılır ki, yeni Konstitusiyaya aid qeyd və təkliflərini, Konstitusiya layihəsini hazırlayan Komissiyaya təqdim etsinlər. Mətbuatda çap olunan həmin məlumatdan sonra Komissiyaya 3 mindən artıq təklif daxil olmuş, həmin təkliflər İşçi qrup tərəfindən öyrənilmiş və onların bir çoxundan Konstitusiya layihəsinin işlənməsində istifadə olunmuşdur. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarılmış, referendumda seçicilərin 86 faizi iştirak edərək 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs vermişdir. Əsas Qanun noyabrın 27-də hüquqi qüvvəyə minmişdir.
    İlk dəfə olaraq Konstitusiyada hakimiyyətin yeganə mənbəyinin xalq olması prinsipi deklarativ şəkildə bəyan edildi. Həmçinin hakimiyyət bölgüsü – qanunverici, icra və məhkəmə hakimiyyətləri kimi öz təsbitini taparaq onların səlahiyyətləri, hüquq və vəzifələri dəqiq müəyyən olundu.
    Hüquqi, demokratik və vətəndaş cəmiyyətli dövlət quruculuğunda inamlı və qətiyyətli addımlarını atan müstəqil Azərbaycan Respublikasının 18 oktyabr 1991-ci ildə qəbul etdiyi “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” dan irəli gələn müddəalar 1995-ci ildə qəbul olunmuş ilk milli Konstitusiyamızın da başlıca qayəsini təşkil etdi. Bunu da qeyd etmək kifayətdir ki, Konstitusiyamızın 158 maddəsindən 48-i insan hüquq və azadlıqlarına və onların təminatına həsr edilmişdir. Yeni Konstitusiyamız insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi elan etmiş, ölkədə aparılan irimiqyaslı islahatlar üçün möhkəm qanunvericilik bazası yaratmağa təkan vermişdir.
    Azərbaycan Respublikasının Konstitusiyasında müasir sivil cəmiyyətin inkişaf istiqamətlərini müəyyənləşdirən, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna imkan verən mütərəqqi ideya və dəyərlər geniş şəkildə öz əksini tapmış, insan hüquqlarının və azadlıqlarının təminatları müəyyən edilmişdir. Dövlət müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, qanunun aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, vətəndaşların layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq qalaraq digər xalqlarla dostluq, sülh, əmin-amanlıq şəraitində yaşamaq kimi ülvi niyyətlərin bəyan edilməsi Konstitusiyamızın ali dəyərlərini əks etdirir.
    Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. İstinasız olaraq hakimiyyətin bütün qollarına şamil edilən bu öhdəlik insan və vətəndaş hüquq və azadlıqlarına hörmət etmək, onları müdafiə etmək və dəstəkləmək, eləcə də həyata keçirmək vəzifələrini ehtiva edir.
    İnsan hüquqlarının təmin edilməsi ölkəmizdə gedən böyük demokratik proseslərin tərkib hissəsi kimi daim dövlətin diqqət mərkəzində olan məsələlərdən biridir. Bu hüquqlar gündəlik həyatımızda öz real təminatını almaqla yanaşı, həm də hüquqi-normativ sənədlərdə öz əksini tapır.
    Ölkəmizin ərazisində yaşayan bütün vətəndaşların toxunulmazlıq hüququ Konstitusiya ilə tanınır və dinindən, dilindən, irqindən asılı olmayaraq, ölkə vətəndaşları qanun qarşısında bərabər tutulur. Bununla belə Konstitusiya vətəndaşların dövlət və cəmiyyət qarşısında məsuliyyətlərini özündə əks etdirir. Belə ki, hər bir vətəndaşın hüquq və azadlıqları digər vətəndaşların hüquq və azadlıqlarının başladığı yerdə qurtarır. Heç bir şəxsin öz toxunulmazlıq hüququndan istifadə edərək digərlərinin hüquqlarını pozmasına yol verilmir.
    Azərbaycan Respublikası Konstitusiyasının qəbulu nəticəsində ölkəmizdə genişmiqyaslı qanunvericilik və məhkəmə-hüquq islahatları aparılmış, həmin islahatlar nəticəsində müstəqil məhkəmə hakimiyyətinin yaradılması üçün zəruri qanunvericilik bazası formalaşdırılmış, yeni üçpilləli məhkəmə sistemi təsis edilmişdir ki, bu da vətəndaşların qanuni maraq və mənafelərinin ədalət mühakiməsi yolu ilə birinci instansiya, apelyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən daha etibarlı şəkildə müdafiə olunmasına öz müsbət təsirini göstərmişdir. Təsadüfi deyil ki, Konstitusiyada təsbit edilmiş hakimiyyətlərin bölgüsü prinsipinə müvafiq olaraq məhkəmə hakimiyyəti orqanları həm də keyfiyyətcə yeni funksiyalar əldə etmişdir.
    İlk dəfə olaraq Azərbaycan Konstitusiyasının “məhkəmə hakimiyyəti” fəslində demokratik təsisat olan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi haqqında müddəa öz əksini tapdı. Konstitusiyanın 130-cu maddəsində Konstitusiya Məhkəməsinin say tərkibi, onun formalaşdırılması qaydası, vəzifələri və səlahiyyətlərinin əsas prinsipləri qeyd olundu.
    Konstitusiyamızın gətirdiyi digər yeniliklərdən biri də ilk dəfə yerli özünüidarəetmə orqanları olan bələdiyyələrin statusunun konstitusion səviyyədə təsbit edilməsi olmuşdur. Milli Konstitusiyamızın qəbulundan sonra Azərbaycanda ilk dəfə yerli özünüidarəetmə orqanı – bələdiyyələr yaradılmış və fəaliyyətə başlamışdır.
    Konstitusiyaya ilk əlavə və dəyişikliklər 24 avqust 2002-ci ildə, son əlavə və dəyişikliklər isə 26 sentyabr 2016-cı ildə referendum yolu ilə edilib. 24 avqust 2002-ci ildə Konstitusiyanın 22 maddəsinə, ümumilikdə, 31, 2009-cu ilin martın 18-də keçirilən referendumla Azərbaycan Respublikası Konstitusiyanın 29 maddəsinə, ümumilikdə, 41 əlavə və dəyişiklik edilib. 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyanın 23 maddəsinə əlavə və düzəlişlər, habelə yeni 6 maddə əlavə edilib.
    Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bütün bu illər ərzində qanunçuluğun təkmilləşdirilməsi işində qazanılan uğurları çıxışlarının birində belə ifadə edir: “Keçən illər ərzində Konstitusiya humanist, dinamik və realist bir sənəd olduğunu sübut etmişdir. Onun əhatə etdiyi bütün sahələrdə – hüquqi dövlət quruculuğu, bazar iqtisadiyyatı prinsiplərinin tətbiqi, siyasi həyatın demokratikləşdirilməsi, insan haqlarının və azadlıqlarının təmin olunması və sair ilə bağlı mühüm irəliləyişlər baş verir”.
    Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarının cəmiyyətin ictimai, siyasi institutlarının fəaliyyətini, dövlətin özünü idarə sistemini tənzimləyir, vətəndaş cəmiyyətinin formalaşmasının və inkişafının hüquqi təminatçısı qismində çıxış edir. Odur ki, Konstitusiyanın qəbulu çağdaş tariximizin ən mötəbər hadisələrindən biri hesab olunmağa layiqdir.

Naxçıvan Muxtar Respublikası 
Ali Məhkəməsinin mətbuat xidməti

 

Nəşr edilib : 08.11.2023 20:13