AZ EN RU

Konsertlər, tamaşalar, sərgilər

   Ötən ay hansı mədəni tədbirlərlə yadda qaldı?

 Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən noyabr ayında müvafiq fərman və sərəncamların, qəbul edilmiş Dövlət proqramlarının icrası diqqətdə saxlanılıb, müxtəlif mədəni-kütləvi tədbirlər keçirilib, insanların mədəni istirahətinin təmininə həssaslıqla yanaşılıb.

    “Heydər Əliyev İli” çərçivəsində Heydər Əliyev Muzeyi tərəfindən dahi liderə həsr olunmuş albom-kataloqun hazırlanması işi davam etdirilib. Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı Sədərək rayonunda, Filarmoniyanın Kamera Orkestri Türkiyə Cümhuriyyətinin Trabzon şəhərində konsert proqramı ilə çıxış edib. Rayon mədəniyyət saraylarında, kitabxana və muzeylərdə Ulu Öndərə həsr olunmuş müxtəlif tədbirlər, müzakirələr, konsertlər keçirilib.
    Muxtar diyarın bütün sahələrdə inkişafına hesablanmış “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ötən dövr ərzində bir sıra işlər görülüb. Belə ki, Təfsilatlı Tədbirlər Planının müvafiq maddələrinin icrası ilə əlaqədar qurumların mütəxəssislərindən ibarət komissiyanın yaradılması ilə bağlı Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə müraciət edilib və qərar layihəsi hazırlanıb.
    Naxçıvan şəhərində Muzey Mərkəzinin tikilməsinin layihələndirilməsi, Naxçıvan Dövlət Filarmoniyası və Naxçıvan Dövlət Uşaq Filarmoniyası, Naxçıvan Dövlət Kukla və Uşaq teatrları üçün yeni binaların tikintisi ilə bağlı layihə sənədlərinin hazırlanması, dövlət teatr və konsert müəssisələrinin, uşaq musiqi məktəblərinin, yaradıcı kollektivlərin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı hazırlanmış layihə tapşırıqlarına rəy verilməsi, eyni zamanda Təfsilatlı Tədbirlər Planında əsas icraçısı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi olan yarımbəndlərinin icrası ilə bağlı qarşılıqlı iş aparılması barədə həmin quruma müraciət edilib. Həmçinin nazirliyin tabeliyindəki mədəniyyət müəssisələrinə lazım olan kompüter və avadanlıqların satın alınması ilə əlaqədar, Naxçıvan Dövlət Filarmoniyasının və “Şərur” Xalq Yallı Ansamblının kollektivləri üçün səhnə geyimlərinin satın alınması üzrə, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə, Naxçıvan Dövlət Filarmoniyasına və Naxçıvan Dövlət Uşaq Filarmoniyasına ehtiyac olan musiqi aləti və texniki avadanlıqların satın alınması, yerində quraşdırılması və sazlanması üzrə  və nazirliyin tabeliyindəki mədəniyyət müəssisələrinə ehtiyac olan səs və işıq avadanlıqlarının satın alınması üzrə “etender.gov.az” portalı vasitəsilə açıq tender elan olunub. 
    Ötən ay Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin qarşısında Zəfər Günü münasibətilə keçirilən “Milli qürur günümüz” adlı konsert maraqla qarşılanıb, Əlahiddə Ümumqoşun Ordunun Naxçıvan Muxtar Respublikası ərazisində dislokasiya olunmuş hərbi hissə və bölmələrinin şəxsi heyətinə şəhər və rayon mədəniyyət idarə və şöbələrinin musiqi kollektivləri tərəfindən  konsert proqramları təqdim edilib. Eyni zamanda Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində “Xarıbülbül əfsanəsi”, “Oğul” sənədli filmləri nümayiş olunub.  
    Mədəniyyət Nazirliyi tərəfindən noyabr ayı ərzində Qərbi Azərbaycanla bağlı işin aparılması diqqətdə saxlanılıb, Mədəniyyət evləri tərəfindən qərbi azərbaycanlı sakinlərdən yer adları və folklor nümunələri toplanıb. Eyni zamanda ölkəmizdə ilk dəfə olaraq Naxçıvanda keçirilən “Qərbi Azərbaycana qayıdış” festival-konqresinin hazırlanıb keçirilməsi ilə bağlı iş aparılıb, Heydər Əliyev Sarayında festivalın sərgisi hazırlanıb. Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyası, rayon mədəniyyət idarə və şöbələrinin musiqi kollektivləri tərəfindən Qərbi Azərbaycanla bağlı yallılar, saz havaları, mahnılar təqdim edilib.
    Ötən ay Naxçıvan teatrlarında repertuardakı tamaşaların nümayişi ilə yanaşı, yeni tamaşaların məşqləri də aparılıb, dövlət teatrları tərəfindən, ümumilikdə,  17 tamaşa oynanılıb. Naxçıvan Dövlət Milli Dram Teatrı “Qonaq teatr” layihəsi çərçivəsində  “Edama məhkumun son günü” tamaşası ilə Bakı şəhərində qastrol səfərində olub. Babək Rayon Xalq Teatrı tərəfindən “Ezop”, Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrı tərəfindən “Ana” tamaşaları nümayiş olunub.
   Muxtar diyarda noyabr ayında nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılıb, muzeylərdə müxtəlif tədbirlər, seminarlar keçirilib, 34 açıq dərs və 21 mühazirə gerçəkləşib. Hesabat dövrü ərzində muzeyləri 30 min 244 nəfər yerli, 16 min 87 nəfər əcnəbi olmaqla, ümumilikdə, 46 min 331 nəfər ziyarət edib, muzeylərə 57 yeni eksponat daxil olunub. 
    Noyabr ayında kitabxanalarda  keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılıb, yubileylər, əlamətdar və tarixi günlərlə bağlı  tədbirlər keçirilib,  sərgilər qurulub, sağlamlıq imkanları məhdud 24 uşağa səyyar kitabxana xidməti göstərilib. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Elektron kitabxanasında elektron kataloqda kitabların sayı 36 min 349-a çatdırılıb. Ay ərzində elektron kitabxanadan lokal şəbəkədən 397, qlobal şəbəkədən 101 olmaqla, 498  oxucu istifadə edib. 
    Noyabr ayında klub müəssisələrinin fəaliyyəti də diqqət mərkəzində saxlanılıb, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması istiqamətində iş aparılıb, Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəz tərəfindən Qərbi Azərbaycan adət-ənənələri ilə bağlı 2 ssenari mətni hazırlanıb, müxtəlif tədbirlər keçirilib. 
    Naxçıvan Dövlət Film Fondu tərəfindən Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı filmlərin nümayişi diqqətdə saxlanılıb, ümumilikdə, 19 film nümayiş olunub.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 19.12.2023 18:45