AZ EN RU

Könlüm Naxçıvan

Mənim könlüm bir ümmandır ki, ora Vətənimi, ailəmi, dünyamı sığdırmışam. Min illərin tarixini, dünənimi, bu günümü sığdırmışam. Mənim könlüm böyük bir eşqlə, sevgiylə, səadətlə döyünür, elə döyünür ki, bu döyüntüdə hər zaman Vətənimə bağlılığım, xalqıma olan sədaqətim yadıma düşür. Azərbaycan, könlüm mənim, varlığımın təcəssümü, qürurum, Vətənim, şəxsiyyətim, milliyyətim, neçə-neçə hücumlara, neçə-neçə soyğunluğa məruz qalan uca və əyilməz torpaq! Bu torpağın oğulları da, qızları da əyilməzdir. Bu torpaq, bu yurdun oğulları dünyada tanınır, hər bölgəsi, hər tərəfi cənnətməkandır bu diyarın. Əhalisi qonaqpərvər, vətənpərvər, yurd yolunda canını verməyə, qanını axıtmağa hazır olandır. Hər qonşusu ilə mehriban, dürüst və səmimi, sədaqətli olan bu diyar, mənfur bir qonşu ilə, Ermənistan ilə qarşı-qarşıyadır. Bu torpağın hər qarışına göz dikdi daşnak ermənilər. Təkcə torpağımızı yox, musiqimizi, milli yeməklərimizi də oğurlamağa, dünyaya özününkü kimi təqdim etməyə başladı, ancaq alınmadı.

    Bu torpağın bir oğlu var – Nuh diyarı, qəhrəmanlar yurdu, Əlincə vüqarlı, Haçadağ əzəmətli bir diyar. Bu diyar Nuh babamızın məskən saldığı diyardır, bu diyar qəlbimin hakimi, Azərbaycanın canı, ayrılmaz parçasıdır. Azərbaycanın tarixi torpağı, müqəddəs ocağı, cənnətməkandır. Bu diyar anası Azərbaycanın, qardaşı Qarabağın daim yanında olmuşdur. Uzun illər düşmən tapdağı altında olan yurdumuzun, Qarabağımızın xilası yolunda çalışdı, mübarizə apardı bu diyar.    5-7 min il bundan qabaq əsası qoyulan bu ulu şəhərin əvvəllər adı “Apobaterion”, “Naksuana”, “Akçiban” olub. Bu şəhər ululardan öz doğma anası Azərbaycana miras qalıb, bu mirası isə can Azərbaycan layiqincə qoruyub saxlayıb. Mənim könlüm, təkcə mənim yox, bütün Azərbaycanın könlü olan bu doğma diyar özündə möhtəşəm bir tarix daşıyır. Onun qanadları sanki Möminə xatun türbəsi, nəfəsi Batabat, danışan dili Hüseyn Caviddir. Xan sarayı bu torpağın necə tarixi köklərə malik olduğunu göstərir. Öz anasından ayrı düşən bu doğma yurd qonşusu mənfur ermənilər tərəfindən  qəlbinə vurulan hər bir yaraya dözdü, anasından ayrı düşsə də, özünü əzəmətlə göylərə yüksəltdi. Bu torpaqda Mirzə Cəlil,  Qətran Təbrizi yaşadı, yaratdı. Hər birinin könlündə qaldı bu diyar, gələcək nəsillərə miras qoyduqları yazılarla da insanlara Naxçıvanın necə əziz, ziyalı yurdu olduğunu göstərdi. 
    Mənim könlüm ayrılmaz bu diyardan, bu doğma diyar bütün dünyada tanınan tarixi abidələri, əzəmətli dağları, sərin meşələri, müalicəvi qaynaqları ilə məşhurdur.
    Öz doğma diyarını sevməyi ancaq qəlbində Vətən sevgisi olan, daim ürəyi Vətən eşqi ilə döyünənlər bilər. Bu uca torpağı insan ən saf yeri olan qəlbində saxlaya bilər, könlündə yaşada bilər. 
    Əzəmətli, vüqarlı torpağım Naxçıvan mənim könlümün lap dərinliklərindədir, onu orada saxlayıram mən. Günü-gündən gözəlləşir, rənginə rəng, təbiətinə yaşıllıq qatır. Sıra-sıra düzləri, gen dərələri, yaylaqları, sərin bulaqları ilə könülləri fəth edən bu doğma diyarım günü-gündən inkişaf edərək öz yaşam imkanlarını daha da genişləndirir. Muxtar respublika statusu isə bura ayrı gözəllik verir, onu qonşu dövlətlərlə də sıx əlaqələrə sövq edir. Bu doğma diyarın hər qarışı möcüzədir, hər qarışı dərdə dərman, cana məlhəmdir. Məsələn, öz müalicəvi gücü ilə Naxçıvanı bütün dünyada məşhur edən “Duzdağ” Fizioterapiya Mərkəzinə dünyanın bir çox ölkələrindən şəfa tapmaq diləyi ilə gəlir və arzularına çatırlar.  Naxçıvan şəhərindən 10-12 kilometr məsafədə olan bu mərkəzin yarımsəhra landşaftı vardır. Bu dağın cənub tərəfində duz yatağı yerləşir ki, bu da müalicəvi əsaslara malik duzlardır. Həmin dağda 1967-ci ildə baş vermiş uçqun nəticəsində isə qədim daşduz mədəni aşkar olunmuşdur. 
    Naxçıvanın qəlbi, onun lap qədim bir yurd olduğunu aşkar edən, ərazisində tikilən daha bir abidə isə varlığı ilə dillərdə gəzən, tikintisi və cazibəsi ilə nəinki yerli əhalini, bütün dünyanı heyrətə gətirən, Xll əsrdə Məhəmməd Cahan Pəhləvan tərəfindən sifariş verilərək Əcəmi Naxçıvani tərəfindən Naxçıvan-Marağa memarlıq məktəbi üslubunda tikilən Möminə xatın türbəsidir. 25 metr hündürlüyündə olan bu abidə gözqamaşdıran rəngləri və dizaynı ilə dünya memarlarını heyrətə gətirir. Naxçıvanda  arxeoloji qazıntılar zamanı da buranın nə qədər qədim bir diyar olduğu üzə çıxmışdır. Bir çox yazıçı və qələm ustalarının da bu torpaqda doğulub, boya-başa çatması onu göstərir ki, bu yurd yeri öz torpağında necə oğullar yetişdirib:

      Canım, gözüm, torpağım,
      laylam, nəğməm, beşiyim.
      Yurdum, yuvam, ocağım,
      salam, evim-eşiyim.
      Haçadağ kürsüm olsun,
      İlqarından söz deyim
      Atam Naxçıvanımın,
      Anam Naxçıvanımın.
      Tarix vüqar gətirib
      qayasına, daşına.
      Nuhdan xəbər gətirib,
      çatıb müdrik yaşına.
      Günəşimdir, Yer kimi
      Mən dolanım başına,
      dönüm Naxçıvanımın,
      Anam Naxçıvanımın.

    Qəlbi daim Vətən eşqi ilə döyünən Muxtar Qasımzadə bu misralarda öz ruhunun, mənəviyyatının sahibinin Naxçıvan olduğunu göstərir. Bu misralardakı dərin mənanı, ancaq qəlbi və ruhu Vətən eşqi ilə yoğrulan insanlar bilir. Bu sevginin nə qədər olduğunu, necə olduğunu isə demək mümkün deyil, çünki bu diyarın sənə verdiyi rahatlığı, səadəti heç bir yer vermir.

    Məhz elə 44 günlük zəfər müharibəsində Qarabağın çətin günündə, şərəfli yolunda ona dəstək olmaq üçün  Naxçıvan öz igid oğullarını Qarabağa göndərdi  və bu şanlı qələbə ilə Qarabağ anası Azərbaycana qayıtdı. Nuh yurdu oğulları da bu savaşda şəhidlik zirvəsinə yüksəldi. Azərbaycanın ən çox şəhid vermiş ərazilərindən biri də məhz bu qəhrəmanlar yurdu, Naxçıvan oldu. 

Əli YARIYEV
Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə II kurs tələbəsi

Məqalə “Könlüm Naxçıvan” yaradıcılıq müsabiqəsinə 
təqdim olunmaq üçündür

Nəşr edilib : 23.09.2022 18:47