AZ EN RU

Kompleks və zallar qış aylarına tam hazırdır

    Azərbaycanın bütün regionlarında idmanın kütləviliyinin təmin edilməsi, uşaq, yeniyetmə və gənclərin bu sahənin müxtəlif növləri ilə daim məşğul olması üçün bu idmanın maddi-texniki bazası gündən-günə gücləndirilir. Muxtar respublikamızda yetişən idmançıların çıxış etdikləri beynəlxalq arenalarda, yarışlarda, turnirlərdə qazandıqları uğurların getdikcə artması bu sahəyə olan dövlət qayğısından xəbər verir. Belə ki, bu gün diyarımızda gənc nəslin sağlam böyüməsi, onların fiziki və mənəvi inkişafı, beynəlxalq arenalarda iştirakı, ölkəmizi layiqincə təmsil etmələri daim diqqət mərkəzindədir. Sağlam həyat tərzinin formalaşması, gənclərin düzgün istiqamətə yönəlməsində isə idmanın rolu danılmazdır.

Fəallıq artıb

    Cəmiyyətin inkişafını təmin edən ən vacib sahələrdən biri olan idman sağlamlıqdır, sağlam həyat tərzi deməkdir. Muxtar respublikamızda insanların fiziki cəhətdən və ruhən sağlam olmaları, zərərli vərdişlərdən uzaq durmaları üçün müasir tələblərə cavab verən idman kompleksləri, zalları, obyektləri fəaliyyət göstərir. İdman infrastrukturlarının hava şəraitindən asılı olmayaraq, bütün tələblərə cavab verməsi, uşaq və yeniyetmələrin daim bu sahə ilə məşğul olmalarına zəmin yaradır. Biz də bu günlərdə kompleks və zalların fəaliyyəti ilə yaxından tanış olduq. 
    2019-cu ilin may ayında əsaslı təmirdən sonra qapılarını idmançıların üzünə yenidən açan Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində bütün zəruri infrastruktur yenilənib, tavan və döşəmələr dəyişdirilib, işıqlandırma, havalandırma və istilik sistemləri yenidən qurulub. Hər biri 220 tamaşaçı tutumu olan iki idman zalında minifutbol, basketbol, voleybol, güləş, karate, boks, ağır atletika və digər idman növləri üzrə yarış və məşqlərin keçirilməsi üçün lazımi şərait yaradılıb. Yarış nəticələrinin göstərilməsi üçün elektron məlumat lövhəsi qurulub. Kompleksdə idman ləvazimatlarının satış bölməsi və bufet istifadəyə verilib, iş, soyunub-geyinmə və digər xidməti otaqlar da yenidən qurulub.
    Olimpiya İdman Kompleksinin direktoru Faiq Hacıyev söhbət zamanı bildirdi ki, muxtar respublikada yeniyetmə və gənclər idmana daha çox meyil etməyə başlayıblar. Havaların soyuq olmasına baxmayaraq, hazırda idmanın ayrı-ayrı növlərinə axın müşahidə edilir. Təbii ki, bunun səbəbi kompleksdə yaradılan şəraitdir. Həmçinin idman federasiyalarının fəallığını da vurğulamaq lazımdır. Fərəhlidir ki, uşaq, yeniyetmə və gənc idmançılarla yanaşı, yaşlı nəslin nümayəndələri də burada məşq etməyə gəlirlər. 
    Məşqçi-müəllimlərin mütəmadi olaraq məşq keçmələri, onların inventarlardan səmərəli və düzgün istifadəsi üçün də şərait yaradılıb. Məşq zalları daim istiliklə və isti su ilə təmin olunur. Hətta kompleksə aid sosial şəbəkələrdəki səhifələrimizdə məşqçilərin məşqləri, keçirilən yarışlar barədə tez-tez məlumatlar yerləşdirilir. Kompleks həftənin hər günü səhər saat 900-dan gecə 1200-a kimi fəaliyyət göstərir. Faiq Hacıyev onu da bildirdi ki, hazırda kompleksdə olimpiya və qeyri-olimpiya idman növü üzrə fəaliyyətlər həyata keçirilir. Bura sərbəst güləş, cüdo, boks, kikboksinq, karate, voleybol, basketbol, qadın aerobikası və fitness kimi mühüm idman növləri daxildir.

Görülən iş və qazanılan uğur

    2009-cu ilin avqust ayında ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Şərur Olimpiya İdman Kompleksinin ümumi ərazisi 9 hektardır ki, onun da 4 hektar sahəsində yaşıllaşdırma işləri aparılıb. Kompleksə mehmanxana, idman kompleksi, 142 tamaşaçı yeri olan üzgüçülük hovuzu daxildir. Bundan əlavə, kompleksdə 2400 tamaşaçı yeri olan süni örtüklü stadion, tennis kortları, minifutbol, basketbol və voleybol meydançaları vardır. Üçmərtəbəli, 60 nəfərlik mehmanxanada hər cür rahatlığı olan 30 otaq, iclas zalı, 68 nəfərlik yeməkxana fəaliyyət göstərir. İkimərtəbəli idman kompleksindəki oyun zalında həm minifutbol, həm də boks, güləş, basketbol yarışları keçirmək mümkündür. 
    Ölkədaxili və beynəlxalq yarışları keçirməyə və təlim-məşq üçün əlverişli olan kompleksdə havaların soyuq keçməsinə baxmayaraq, məşqlər davam etdirilir. Kompleksin direktoru Ramil Dadaşovun dediklərindən: “Uzun illərdir, məşqçi və idmançıların ixtiyarında olan Şərur Olimpiya İdman Kompleksində məşqlər vaxtlı-vaxtında aparılır. Burada idmançıların məşq keçmələri üçün hər bir şərait yaradılıb. Havaların soyuq keçməsi ilə əlaqədar olaraq da heç bir çətinliyimiz yoxdur. Çünki kompleksin istilik sistemi daim işlək vəziyyətdədir. Son bir ayda isə kompleksdə badminton üzrə də məşqlərə start verilib. Təbii ki, digər idman növləri üzrə məşqlər də davam etdirilir.
    Ramil Dadaşovun sözlərinə görə, kompleksdən təkcə peşəkar idmançılar yox, həmçinin həvəskar idmançılar da istifadə edirlər. Belə ki, rayonda fəaliyyət göstərən qurumlar, ictimai birliklər, dövlət orqanları, özəl sektoru təmsil edən müəssisələr məşq etmək, futbol oynamaq üçün kompleksdən yararlanırlar. Kompleksin bu cür fəaliyyət göstərməsi, insanların idman sahəsinə hədsiz marağı isə muxtar respublikada bu sahəyə göstərilən diqqətin bariz nümunəsidir.
    Daha bir idman obyektində də olduq. Bu, Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbidir. 2009-cu ildən yeni binada fəaliyyət göstərən məktəbdə sərbəst və yunan-Roma güləşi, cüdo idman növləri keçirilir. Məktəbin direktoru Faiq İsgəndərov söhbətində qeyd etdi ki, muxtar respublikanın istedadlı idmançılarının qazandıqları uğurların sayı ildən-ilə artır. İdmançıların dövlət qayğısı ilə əhatə olunmaları, onların belə qayğıdan düzgün istifadə edərək öz üzərlərində çalışmaları və hərtərəfli bir fərd kimi formalaşmaları diyarımızda aparılan uğurlu idman siyasətinin bəhrəsidir.
    Məktəbin direktoru diqqətə çatdırdı ki, hazırda zalda 12 məşqçi-müəllim sərbəst və yunan-Roma güləşi və cüdo idman növləri üzrə məşqlər aparırlar. İdmançılarımız mütəmadi olaraq ölkədaxili və beynəlxalq turnirlərdə iştirak edir, uğurlar qazanırlar. Təbii ki, bunun da səbəbi zalda yaradılan şəraitdir. Hazır­da zalda havanın temperaturuna uyğun olaraq istilik yaradılıb, idmançıların məşqdən sonra yuyunmaları üçün duşlar işləyir.
    Muxtar respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən digər idman zalları və obyektlərində də mövsümə uyğun olaraq işlər görülüb, idmançıların isti şəraitdə məşq keçmələri üçün imkan yaradılıb.
    Bu günün reallığıdır ki, muxtar respublikamızda idmançılar yüksək qayğı əhatəsindədirlər. Onların sosial, iqtisadi və digər problemlərinin həllinə yönəlmiş fərman və sərəncamlar imzalanır, Dövlət proqramları qəbul olunur, fərqlənənlərin adları “Qızıl kitab”a salınır. Qürur duyuruq ki, bu gün muxtar respublika idmançılarının əldə etdikləri uğurlar, nailiyyətlər beynəlxalq aləmdən eşidilir. Həmçinin qədim diyarımızın möhtəşəm idman yarışlarına ev sahibliyi etməsi, hər bir naxçıvanlıya yüksək ovqat bəxş edir. Arzumuz isə hər bir idmançımızın üçrəngli bayrağımızı iştirak etdikləri beynəlxalq idman yarışlarında daha çox dalğalandırmağa nail olmasıdır.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 02.12.2022 20:49