AZ EN RU

Kompleks quruculuq tədbirləri aparılır

    Son illər həyata keçirilən abadlıq və quruculuq işləri hesabına Culfa rayonu tamamilə görkəmini dəyişib, abad yaşayış məntəqələrindən birinə çevrilib. Bu il də rayonda geniş quruculuq işləri aparılır, yeni inzibati binalar və sosial obyektlərin tikintisi davam etdirilir. 
    Yeni quruculuq ünvanlarından biri də Culfa Rayon İcra Hakimiyyəti üçün tikilən inzibati binadır. Binanın tikintisinə ötən ilin sonlarından başlanılıb. Rayon mərkəzində ulu öndərimizin adını daşıyan prospektdə inşa edilən yeni bina zirzəmi ilə birlikdə beş mərtəbədən ibarət olacaq. 

    Digər bir bina isə rayonda baytarlıq qurumlarının iş şəraitinin yaxşılaşdırılması məqsədilə rayon Baytarlıq İdarəsi üçün inşa olunur. Zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olacaq. Binanın zirzəmisində arxiv, iş otaqları, süni mayalanma avadanlıqlarının və dərmanların saxlanc otaqları, yeməkxana və qazanxana yerləşəcək. Birinci mərtəbədə iş otaqları, laboratoriya, patoloji materialların qəbulu otağı, bakteriologiya və serologiya, süni mayalanma şöbələri, ikinci mərtəbədə isə iş otaqları, baytar həkim, süni mayalanma texniki, epizootik həkim və sahə baytar məntəqəsi üçün otaqlar olacaqdır. 

    Muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatların tərkib hissəsi kimi əhalinin rifahının və kommunal-məişət şəraitinin yaxşılaşdırılması diqqətdə saxlanılır, yaşayış məntəqələrində yeni içməli su sistemləri qurulur. Bu tədbirlərin davamı kimi Culfa rayonunun ən böyük yaşayış məntəqəsi olan Yaycı kəndini içməli su ilə təmin etmək üçün ötən ilin avqust ayından başlanılan içməli su şəbəkəsinin qurulması layihəsi üzrə işlər uğurla davam etdirilir. Qeyd edək ki, rayonda əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına, rifah halının yüksəldilməsinə də xüsusi diqqət göstərilir. Hazırda rayon mərkəzindəki Təbriz küçəsində yerləşən 45 mənzilli yaşayış binasında əsaslı yenidənqurma işləri davam etdirilir.
    Muxtar respublikamızda həyata keçirilən abadlıq və qurucu­luq tədbirlərinin böyük bir hissəsini də şəhərdaxili yolların əsaslı şəkildə yenidən qurulması və təmiri təşkil edir. Bütün bölgələrdə olduğu kimi, Culfa rayonunda da yol infra­strukturunun yenilənməsi istiqamətində görülən işlər şəhər və kəndlərimizin abadlığına, eləcə də insanların rahatlığına xidmət edir. Bu ilin iyun ayından başlanan şəhərdaxili yollardakı quruculuq işləri hazırda rayon mərkəzinin Təbriz, Şəhidlər, Məhərrəm Əsgəroğlu və Xətai küçələrində davam etdirilir. Daha bir quruculuq tədbiri isə Bayraq Meydanının yenidən qurulmasıdır. Culfa-Ordubad magistral yolunun sağ tərəfində, Culfa şəhərinin girişində yerləşən Bayraq Meydanının ümumi sahəsi 20 min kvadratmetrdən çoxdur. Bayrağın ümumi hündürlüyü isə 40 metr olacaq. 

Alim AĞAYEV

Nəşr edilib : 23.08.2022 19:06