AZ EN RU

Komitənin təşkil etdiyi növbəti tədbir Culfada baş tutub

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı "Təbliğat-100" layihəsi çərçivəsində “Qız övladlarını milli dəyərlərə bağlı böyüdək” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib. 
Dəyirmi masa ətrafında təşkil olunan  maarifləndirici tədbirdə Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşı Elçin Məmmədəliyev Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunan tədbirin əhəmiyyətindən danışıb. 
Culfa Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova bildirib ki, ölkəmizdə ailə dəyərlərinin qorunması, qadın və qızların təhsilinə önəm verilməsi, onlar üçün əlverişli şəraitin yaradılması, məşğulluq, sağlamlıq, təhsil, sosial və digər sahələrdə gender bərabərliyinin inkişaf etdirilməsi istiqamətində görülən işlər ailə, qadın və uşaq siyasətinin uğurla keçirildiyinin göstəricisidir. Eləcə də cəmiyyətimizdə təhsilli gənclərin, xüsusilə də təhsilli qızların sayının artması bir daha sübut edir ki, təhsil qızlarımızın gələcək həyatının qarantıdır.
Komitənin aparıcı məsləhətçisi Zərnigar Orucəliyeva təqdimatla çıxış edərək ailədə valideyn-övlad münasibətləri, bəzi ailələrdə qız övladlarına ayrı-seçkiliyin qoyulması, onların təhsilinin və milli-mənəvi dəyərlər əsasında tərbiyəsinin təşkil olunması, qızlarımızın erkən nikahdan qorunması, qızların ailə qurmağa, nikaha daxil olmağa hazır olması, sosial şəbəkələrin ailələrə və uşaqlara təsirləri haqqında ətraflı məlumat verib.
Sonda tədbir iştirakçıları arasında mövzu ilə əlaqədar yazılı sorğu keçirilib, broşürlar paylanılıb. Tədbirdən ümumilikdə 50 nəfər yararlanıb.

Naxçıvan Muxtar Respublikası 
Ailə, Qadın və Uşaq Problemləri üzrə 
Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 21.05.2024 18:55