AZ EN RU

Komitədə gender bərabərliyi ilə bağlı növbəti təlim keçirilib

28 iyun 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində keçirilən təlimə Naxçıvan şəhərində fəaliyyət göstərən bələdiyyələrdə genderə məsul şəxsləri cəlb ediliblər.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova ölkəmizdə gedən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda, demokratiyanın inkişafında qadınların fəal iştirakından danışıb. Bildirilib ki, ölkəmizdə gender bərabərliyi qanunla tənzimlənir və muxtar respublikada da insan hüquqlarının tərkib hissəsi olan gender bərabərliyinin, eləcə də qadın və uşaq hüquqlarının təmin olunması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Eyni zamanda gender bərabərliyi siyasətini səmərəli şəkildə həyata keçirmək üçün nazirlik, komitə, agentlik, xidmət və digər dövlət müəssisə və təşkilatlarında gender məsələləri üzrə məsul şəxslər təyin edilib. Bundan əlavə  bələdiyyələrdə də gender komissiyaları yaradılıb. Bələdiyyələrdə Gender Komissiyalarının yaradılmasının əsas məqsədi yerli idarəetmənin genderə həssas yanaşma və gender bərabərliyi prinsipləri üzərində qurulmasının təşviqi, yerlərdə baş verə biləcək gender əsaslı zorakılıq hallarının vaxtında qarşısının alınması və müvafiq tədbirlərin görülməsidir.
Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin əməkdaşı Həbib Quliyev müvafiq komissiyaların yaradılmasının və fəaliyyətinin əhəmiyyətini qeyd edib. Bildirilib ki, muxtar respublika üzrə fəaliyyət göstərən bələdiyyələrdə gender komissiyaları yaradılıb. Bələdiyyələrdə genderə məsul şəxslərin təlimə cəlb edilməsi müvafiq komissiyaların fəaliyyətində peşəkarlığı daha da artıracaq.
Komitənin aparıcı məsləhətçisi Zərnigar Orucəliyeva təqdimatla çıxış edərək genderə məsul şəxslərin vəzifə və öhdəlikləri barədə ətraflı məlumat verib. Bildirilib ki, qadın və kişilər arasında sosial bərabərlik gender bərabərliyi kimi qəbul edilir. 
Təlimin sonunda broşür və təbliğat materialları iştirakçılara paylanılıb.

 
Naxçıvan Muxtar Respublikası 
Ailə, Qadın və Uşaq Problemləri üzrə 
Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 28.06.2024 16:37