AZ EN RU

Komitə tərəfindən uşaqların maarifləndirilməsi davam etdirilir

07 iyun 2024-cü il tarixdə Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbdə “Ekoloji təmiz mühitdə yaşayaq” mövzusunda şagirdlər arasında maarifləndirici tədbir keçirilib. Tədbir Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı “Təbliğat-100” layihəsi, “Yaşıl dünya naminə həmrəylik ili” və “18 İyun Azərbaycanda İnsan Hüquqları Günü” ilə əlaqədar “İnsan hüquqları aylığı” çərçivəsində baş tutub.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyətinin əməkdaşı Orxan Məhərrəmov, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Gülər Əhmədova, Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Ceyran Məmmədova, Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin direktoru İlahə Fərəcova çıxış edərək ekologiya və ətraf mühitin mühafizəsi məsələsinin aktuallığından danışıblar. Bildirilib ki, ekoloji təmizliyə riayət edib, havanın, suyun çirklənməsinin qarşısını almaq, məişət tullantılarının daşınması, yandırılması işində müəyyən olunmuş qaydalara riayət etmək, bütün vətəndaşların, xüsusilə də bu işlərə məsul olan aidiyyəti orqanların ümdə vəzifəsidir. Bu baxımdan keçirilən tədbirin də məqsədi ətraf mühitin mühafizəsi və təbii resurslara qənaətlə bağlı uşaqların məlumatlılıq səviyyəsini artırmaqdır. 
Diskussiya şəraitində keçən tədbirdə uşaqlar ətraf mühitin təmiz saxlanması üçün öz fikir və təkliflərini bildiriblər.
50 nəfərin yararlandığı tədbirin sonunda iştirakçılara 40 ədəd broşür paylanılıb.

Naxçıvan Muxtar Respublikası 
Ailə, Qadın və Uşaq Problemləri üzrə 
Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 07.06.2024 20:07