AZ EN RU

Komitə tərəfindən sosial şəbəkələrlə bağlı təlim keçirilib

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı “Təbliğat-100” layihəsi çərçivəsində “Sosial şəbəkələrin gələcəyimizə təsiri” mövzusunda növbəti təlim baş tutub. 
Uşaq, yeniyetmə və gənclərin zərərli informasiyalardan qorunması istiqamətində təşkil olunan maarifləndirici təlim Babək rayonunun Yarımca kəndində keçirilib. 
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Babək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən təlimdə gələcəyimiz olan şagirdlərin informasiya təhlükəsizliyi sahəsində və internetin imkanlarından düzgün istifadə ilə bağlı maarifləndirilməsinin əhəmiyyəti qeyd edilib, məktəblərdə müəllimlərin və evdə də valideynlərin uşaqlara nəzarəti gücləndirməsinin vacibliyi vurğulanıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Gülər Əhmədova informasiyaların əldə edilməsi üçün sosial şəbəkələrdə yaş limitinin qorunmadığını və bütün bunların da uşaqlarda aqressiya, fobiya kimi fəsadların yaranmasına səbəb olduğunu deyib. Sosial şəbəkələrdə çox vaxt keçirmək və yaşa uyğun olmayan oyunlar oynamaq şagirdləri təhsildən uzaqlaşmağa vadar edir. Buna görə də sosial şəbəkələrdən istifadə yetkin yaşda, ən tezi isə 16-17 yaşdan sonra olmalıdır. 
Sonda təlim iştirakçılarının sualları cavablandırılaraq broşürlar paylanılıb.

Naxçıvan Muxtar Respublikası 
Ailə, Qadın və Uşaq Problemləri üzrə 
Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 16.05.2024 12:04