AZ EN RU

Komitə tərəfindən şagirdlər maarifləndirilib

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı “Təbliğat-100” layihəsi çərçivəsində “Milli dəyərlər və uşaqlar” mövzusunda növbəti tədbir keçirilib. 

19 aprel 2024-cü il tarixdə Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbdə dəyirmi masa ətrafında keçirilən tədbirdə şagird və müəllimlərlə yanaşı valideynlər də iştirak ediblər.

Naxçıvan Şəhər İcra Hakimiyətinin əməkdaşı Orxan Məhərrəmov tədbirdə çıxış edərək deyib ki, milli xüsusiyyətlərin yad təsirlərə məruz qaldığı qloballaşma əsrində uşaqların milli dəyərlər əsasında düzgün tərbiyə olunması və sağlam mühitdə yetişməsi əhəmiyyətli məsələdir.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Gülər Əhmədova bildirib ki, Azərbaycanın qədim tarixi, elmi, mədəniyyəti, ədəbiyyatı və incəsənəti, dövlətçilik ənənələri, tarixi şəxsiyyətləri, dövlət rəmzləri milli-mənəvi dəyərlərimizin uşaqlara aşılanmasında müstəsna əhəmiyyət kəsb edir. Xüsusilə də uşaq, yeniyetmə və gənclərin tərbiyəsində, mənəvi aləmlərinin zənginləşməsində milli ideologiyamızın təbliğ və təşviq edilməsinin önəmi qeyd olunub.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Gülənbər Nuriyeva çıxış edərək ümumtəhsil məktəblərində şagirdlərin mənəviyyatca zəngin, ideyaca mətin, yüksək əxlaqlı şəxsiyyət kimi formalaşmasında milli-mənəvi dəyərlərimizin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. 

Diskussiya şəraitində keçən tədbirin sonunda iştirakçılara 50 ədəd broşür paylanılıb.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 19.04.2024 20:00