AZ EN RU

Komitə sədrinin kitab festivalında çıxışı olub

Naxçıvan şəhərindəki “Saat Meydanı” Turistik İstirahət Mərkəzində keçirilən Kitab festivalının 3-cü günündə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova panel-müzakirədə iştirak edib. Mayın 10-da Fariz Əhmədovun moderatorluğunda keçirilən müzakirənin mövzusu "Bütün nailiyyətlərimizə görə borclu olduğumuz insanlar" olub. Panel-müzakirədə Komitə sədri ilə yanaşı Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini, nazir vəzifələrini icra edən Elxan Nəcəfov və Naxçıvan Müəllimlər İnstitunun rektoru Azad Novruzov iştirak edib. Müzakirələrdə Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətləri, dahi rəhbərin əsasını qoyduğu və ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi, təhsil, ailə, qadın və uşaq siyasətindən danışılıb. Panel-müzakirənin geniş tamaşaçı kütləsi qarşısında baş tutması həm festivala və həm də panel-müzakirəyə olan maraqdan xəbər verir.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 10.05.2024 21:45