AZ EN RU

Komissiyanın 2021-ci ilin yekunları ilə bağlı iclası keçirilib

    Dünən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın iclası keçirilmişdir. 
    İclası Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın sədri Ramilə  Seyidova  açaraq  bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 15 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası istiqamətində görülən tədbirlərin nəticəsidir ki, 2021-2022-ci tədris ilində, ümumilikdə, ümumtəhsil məktəblərində müvafiq kateqoriyadan olan 992, Distant Tədris Mərkəzində 3-ü birinci sinifdə olmaqla, 15, Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbdə 7, məktəbdənkənar müəssisələrin dərnəklərində 169, şahmat məktəblərində 60, idman məktəblərində 166, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində 80 sağlamlıq imkanları məhdud uşaq təhsil alır. 23 uşaq peşə məktəblərinə cəlb edilmiş, məktəbəqədər təhsil müəssisələrində 22, Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində isə 8 uşaq təlim-tərbiyə alır. Ümumtəhsil məktəblərini bitirən sağlamlıq imkanları məhdud uşaqlardan 2 nəfəri orta ixtisas təhsili müəssisəsinə, 14 nəfəri isə ali təhsil müəssisələrinə qəbul olmuşdur. 
    Vurğulanmışdır ki, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya  Mərkəzinin Defektoloji bölməsinin təlim məşğələlərinə 85, kinect oyunlara 27, musiqi terapiyasına 37, psixoloji dəstək xidmətinə 63, əmək terapiyasına 35 uşaq cəlb edilmişdir. 
    2021-ci il ərzində sağlamlıq imkanları məhdud 1918 uşağa sosial müavinətlər ödənilmiş, müvafiq kateqoriyadan olan 171 uşaqla reabilitasiya tədbirləri aparılmış, 86 uşaq texniki reabilitasiya və digər köməkçi vasitələrlə təmin edilmiş, 68 nəfərə isə protez-ortopedik xidmətlər göstərilmişdir. Həmçinin Naxçıvan Uşaq Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 279 uşağın müalicəsi təşkil olunmuş, 73 nəfərin müalicəsi göndəriş vasitəsilə həyata keçirilmişdir.   
    Qeyd olunmuşdur ki, 2021-ci il ərzində Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankına 3955 uşaq haqqında fərdi məlumatlar daxil edilmiş, bankdakı siyahıdakı uşaqların sayı 36569 nəfərə çatmışdır. Hesabat dövrü ərzində müxtəlif tədbirlər keçirilmiş, aid dövlət orqanları tərəfindən 279 uşağın Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil edilmiş, 15 sentyabr – Bilik Günü ilə əlaqədar xüsusi kateqoriyadan olan 499 uşaq məktəbli paltarı, dərs ləvazimatları və 492 uşaq isə qış geyimi ilə təmin olunmuşdur. 
    Ramilə Seyidova bildirmişdir ki, muxtar respublikada uşaqların sayı 165740 nəfərdir. 2021-ci il ərzində doğulan uşaqların sayı isə 4014-dür. Yeni doğulan uşaqlardan 2714 nəfərin muxtar respublikanın tibb müəssisələrində dünyaya göz açması və onlarla aparılan peyvəndləmə işi barədə məlumat verən komissiya sədri onu da diqqətə çatdırmışdır ki, 2021-2022-ci tədris ilində muxtar respublikanın ümumtəhsil məktəblərində 53028 şagird təhsil alır ki, bunlardan da 25652-si qızdır. Tədris ilində ümumtəhsil məktəblərinin I siniflərində 2513 qız olmaqla, 5060 şagird təhsil alır. 2020-2021-ci tədris ilində ümumtəhsil məktəblərini bitirmiş şagirdlərdən 1621-i ali təhsil müəssisələrinə, 342-si orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş və ali məktəblərə qəbul olunan 261 nəfəri 500-700 arası bal toplamışdır ki, bunlardan da 155 nəfəri qızdır. Heydər Əliyev adına Hərbi Liseyin məzunlarından 124 nəfəri isə ali hərbi məktəbə daxil olmuşdur. 
    Sonra  məruzə ətrafinda çıxışlar olub. 


  Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə

Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 31.01.2022 19:54