AZ EN RU

Komandalar arasında “Şahin” hərbi-idman oyunu keçirilib

Naxçıvan şəhərindəki hərbi hissədə şəhər tam orta məktəblərinin komandaları arasında “Şahin” hərbi-idman oyunu keçirilib. Tədbirin açılış mərasimində çıxış edən Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Tahir Məmmədli, Naxçıvan “Əlahiddə” Ümumqoşun Ordusunun zabiti, polkovnik leytenant Vahid Məmmədov SHXÇDX-nin Naxçıvan MR Baş İdarəsi üzrə Naxçıvan Şəhər İdarəsinin əməkdaşı leytenant Tufan Abuzərli və Təhsil Şöbəsinin nümayəndəsi Səfər Tağıyev yarış barəsində fikirlərini bildirib, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi haqqında danışaraq "şahinlər"ə uğurlar arzulayıblar. Şəhər üzrə 7 məktəbdən 7 komandanın mübarizə apardığı hərbi-idman oyununda komandalar “Sıra hazırlığı”, “İntellektual müsabiqə”, “Çadırın qurulması”, “Darağa patron doldurulması və boşaldılması”, “Avtomatın sökülməsi və yığılması”, “Fiziki hazırlıq”, “Maneələrin dəf olunması” və “Mülki müdafiə hazırlığı” mərhələləri üzrə öz qüvvələrini sınayıblar. Yarışın yekun nəticəsinə əsasən 1 nömrəli tam orta məktəbin komandası bütün rəqiblərinə qalib gələrək I,  9 nömrəli tam orta məktəbin komandası II,  14 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb. Sonda qalib komandalara təşkilatçılar tərəfindən diplom və kubok təqdim olunub. Naxçıvan “Əlahiddə” Ümumqoşun Ordusu, Gənclər və #İdman İdarəsi, Təhsil Şöbəsi və SHXÇDX-nin Naxçıvan MR Baş İdarəsi üzrə Naxçıvan Şəhər İdarəsinin təşkil etdiyi oyun 15 mart 2024-cü il tarixdə reallaşıb.
Qeyd edək ki, qalib komanda “Şahin” hərbi-idman oyununun muxtar respublika mərhələsində Naxçıvan şəhərini təmsil edəcək.

Nəşr edilib : 15.03.2024 16:08