AZ EN RU

Kollegiya iclasları keçirilib

    Naxçıvan Dövlət Universitetində yarım ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib. Müşavirəni rektor Elbrus İsayev açaraq qeyd edib ki, muxtar respublikada böyük inkişaf ili kimi səciyyələnən 2022-ci il universitet həyatı üçün də əlamətdar olub. 18-21 iyun tarixlərdə I Beynəlxalq Tibbi Forumun keçirilməsi universitet tarixində öz əhəmiyyətliliyi ilə yadda qalıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun  2022-ci il iyunun 10-da “Naxçıvan Muxtar Respublikasında Birinci Beynəlxalq Tibbi Forumun keçirilməsi haqqında” Sərəncamına əsasən Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə Azərbaycan, ingilis və rus dillərində keçirilən forum ölkə tarixində böyük həcmdə təşkil olunan ilk tibbi forum kimi tarixə düşdü. Bildirilib ki, hesabat dövründə bakalavr səviyyəsi üzrə 1332, magistr təhsil səviyyəsi üzrə isə  184 magistrant bitirib, 7544 tələbə təhsilini davam etdirir.    
    Vurğulanıb ki, 2022-2023-cü tədris ilində ali təhsil ocağının bakalavr  və magistr  təhsil  səviyyələri üzrə yeni ixtisaslar üzrə qəbul layihəsi verilib və təsdiq olunub.
    Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 25 iyun tarixdə təsdiq etdiyi “Ali və orta ixitisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq 2022-ci ilin 6 ayı ərzində 18 qurum və təşkilatın hamiliyində olan 22 ixtisas üzrə təhsil alan tələbələr ilə 49 sayda müxtəlif səpkidə tədbirlər keçirilib.
    Pedaqoji və istehsalat təcrübələrindən danışan rektor diqqətə çatdırıb ki, hazırda Tibb fakültəsinin 135 nəfərdən ibarət müəllim, rezident və tələbə heyəti Türkiyə universitetlərində 2 həftəlik təcrübədədir. Cari tədris ilinin I yarısında ali təhsil ocağının Energetika mühəndisliyi ixtisasında təhsil alan tələbələri İtaliyada təcrübədə olublar.
    Bildirilib ki, cari tədris ilində universitetdə tədrisin əyani təşkili üçün yeni kabinə və laboratoriyalar yaradılıb, orta ümumtəhsil məktəblərində 836 sayda nümunəvi dərs keçilib. 
    Vurğulanıb ki, universitetdə fəaliyyət göstərən elmi dərəcəlilərin sayı 173 nəfərdir. Ali təhsil ocağında doktorantura və dissertantura səviyyəsində fəlsəfə doktoru proqramı üzrə 31, elmlər doktoru proqramı istiqamətində  21 ixtisas üzrə kadr hazırlığı aparılır. Hazırda universitetdə fəlsəfə doktoru proqramı üzrə 67, elmlər doktoru proqramı üzrə isə 32 nəfər doktorant və dissertant vardır ki, onlardan bir nəfəri Koreya, biri isə Türkiyə vətəndaşıdır. Vurğulanıb ki, 2022-ci ilin birinci yarısında rezidenturada təhsil alan 3 rezident Almaniyaya, 11 nəfər Türkiyəyə rotasiya olunub. 
    Rektor vurğulayıb ki, 2022-ci ilin ilk altı ayında 2-si Web of Science məlumat bazasına, 1-i Scopus elmi bazasına daxil olan, ümumilikdə, 59 məqalə impakt faktorlu jurnallarda nəşr olunub. Qeyd edilib ki, hesabat dövründə universitet əməkdaşlarının 537 elmi əsəri çap olunub. 
    Vurğulanıb ki, ötən ildə ali təhsil ocağı beynəlxalq əməkdaşlıqda bir sıra nailiyyətlərə imza atıb. Universitetin davamlı inkişaf edən beynəlxalq əlaqələrinə Ankara, Qazi,  Atatürk, Van Yüzüncü İl, Yaponiyanın Fujita Universiteti və Britaniya Şurası ilə beynəlxalq əməkdaşlıq məsələlərinin əlavə olunması, I Beynəlxalq Tibbi Forum çərçivəsində universitetin Azərbaycan Tibb Universiteti, Qaradəniz Texniki Universiteti, İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, İstanbul Yeditəpə Universiteti arasında birgə əməkdaşlığa dair müqavilələrin imzalanması  beynəlxalq əlaqələr sahəsində atılan inamlı addımların bariz nümunəsidir. Universitetin Times Higher Education beynəlxalq keyfiyyət və reytinq şirkətinin Yaponiyanın Fujita Health Universiteti ilə əməkdaşlığı çərçivəsində “Gələcəyə baxmaq, akademik istedad yaratmaq!” devizi altında 31 may-2 iyun 2022-ci il tarixlərdə Yaponiyanın Naqoya şəhərində keçirilən Asiya universitetləri sammitinə qatılmasıyla beynəlxalq əməkdaşlıq məsələlərində mühüm bir mərhələnin əsası qoyulub. 2022-ci ilin birinci yarısında universitet ali məktəblərin beynəlxalq nüfuzunu müəyyənləşdirən, dünyanın ən böyük reytinq təşkilatı olan “Times Higher Education” 2022-ci il üçün “THE Impact Ranking” reytinq siyahısında ötən il olduğundan daha yüksək nəticə göstərib. Azərbaycan ali təhsil məkanında ilk dəfə Naxçıvan Dövlət Universitetində IELTS qeydiyyat və imtahan mərkəzi yaradılıb. 
    Bu il ilk dəfə olaraq mərkəzləşdirilmiş qaydada təşkil edilən yazılı imtahanlar, ölkədə ilk dəfə olaraq “İnformasiya texnologiyaları  Bootcamp” layihəsinin həyata keçirilməsi, yeni qurulmuş mail serverin (mail.ndu.edu.az) istifadəyə verilməsi, “TEKNOFEST” Aviasiya, Kosmos və Texnologiya Festivalında 3 layihə ilə iştirak,  “STEAM Təhsil festivalı”nda 3 layihə ilə çıxış etməyimizi İnformasiya-kommunikasiya texnologiyaları və elektron təhsil işinin mövcud standartlara uyğun qurulmasının göstəricisidir. 
    Media, idman sahəsində ali təhsil ocağının qazandığı uğurları diqqətə çatdıran rektor universitetdə birinci yarım il ərzində 6 idman növü üzrə çempionatın keçirildiyini və bu yarışlarda 600-dən artıq tələbənin iştirak etdiyini diqqətə çatdırıb.
    Rektor qeyd edib ki, cari ilin ilk yarısında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən universitetin İncəsənət fakültəsi əməkdaşlarından 5 nəfər, Gənclər üçün  Prezident mükafatlarının verilməsi haqqında Sərəncama əsasən 1 nəfər, Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin verdiyi Sərəncam əsasında bir əməkdaş “Əməkdar müəllim” fəxri adı ilə təltif edilib.
    Müşavirə məruzə ətrafında çıxışlarla yekunlaşıb.

***

    Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında qarşıya qoyulan vəzifələrə və yarım ilin yekunlarına həsr olunan kollegiya iclası keçirilib.
    Kollegiya iclasını təhsil naziri Rəhman Məmmədov giriş sözü ilə açaraq bildirib ki, 2022-ci ilin birinci yarısında muxtar respublikada bütün sahələrdə əldə olunan uğurlar təhsildən də yan keçməyib. Belə ki, ötən müddət ərzində Şərur rayonunun Çərçiboğan kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib, maddi-tədris bazası gücləndirilib. Hazırda Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyin, Naxçıvan şəhərində STEAM Təlim-Tədris Mərkəzinin, Naxçıvan şəhər 8 nömrəli Körpələr evi-uşaq bağçasının,  Şərur rayonunun Alışar, Həmzəli, Vərməziyar, Babək rayonunun  Sirab, Vayxır, Nehrəm qəsəbə 3 nömrəli, Ordubad rayonunun Pəzməri, Xanağa, Unus, Azadkənd, Kələki kənd tam orta məktəblərinin, Babək və Şahbuz  rayonlarında məktəbdənkənar tərbiyə müəssisələrinin binalarında tikinti işləri davam etdirilir. 
    Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən bu günədək 106 təhsil müəssisəsində STEAM kabinəsi yaradılıb, zəruri avadanlıqlarla təmin olunub. Hazırda növbəti 50 məktəbdə yeni kabinələrin və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim Tədris Mərkəzinin yaradılması istiqamətində işlər davam etdirilir. STEAM təhsil metodunun muxtar respublikada uğuru tətbiqinin nəticəsidir ki, ümumtəhsil məktəblərinin  şagirdləri Bakı şəhərində keçirilən “TEKNOFEST-2022” festivalında iştirak edib, iyunun 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “STEAM təhsili: reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans, iyunun 11-də isə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “STEAM Təhsil Festivalı” keçirilib.  
    Diqqətə çatdırılıb ki, cari ildə muxtar respublikanın ümumtəhsil məktəblərinin XI sinfini bitirən 2990 məzun üçün, aprelin 30-da isə ümumtəhsil məktəblərinin IX sinfində təhsil alan 4187 şagird üçün buraxılış imtahanı keçirilib. Cari ilin məzunlarının buraxılış imtahanında göstərdiyi nəticələr əvvəlki illərlə müqayisədə daha da yüksək olub. Belə ki, tədris ilinin yekunlarına uyğun olaraq tam orta təhsil bazası üzrə məktəbi bitirən məzunlardan 19-na Qızıl, 22-nə Gümüş nişana, 64-nə tam orta təhsil bazasından, 55-nə ümumi orta təhsil bazasından olmaqla, ümumilikdə 119-na Fərqlənmə attestatı verilib.  
    Bildirilib ki, istedadı ilə fərqlənən şagirdləri aşkara çıxarmaq məqsədilə cari tədris ilində Amerikan beynəlxalq riyaziyyat müsabiqəsi, Məktəblilərin respublika fənn olimpiadası, Lütfi Zadə adına Məntiq Olimpiadası və VII Respublika Fənn Müsabiqəsi, həmçinin şagirdlərin riyaziyyat fənninə motiviasiyasını artırmaq məqsədilə ilk dəfə olaraq SASMO beynəlxalq riyaziyyat olimpiadası da keçirilib. Keçirilən olimpiada və müsabiqələrdə, ümumilikdə, muxtar respublika üzrə 2426 şagird iştirak edib, onlardan 239-u qalib olub. “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində 2021-2022-ci tədris ili ərzində IX-XI siniflərdə təhsil alan 37 şagirdin və 24 elmi rəhbərin iştirakı ilə 28 layihə işlənib hazırlanıb. Ölkə üzrə keçirilən “Sabahın alimləri” layihəsində 7 şagird 4 layihə ilə iştirak edib, 3 layihə beynəlxalq qurumların mükafatlarına layiq görülüb. Bununla yanaşı, beynəlxalq səviyyəli müsabiqələrdə 36 şagird I dərəcəli diplom və medala, 1 şagird III dərəcəli diplom və medala, 3 şagird isə müxtəlif konfranslarda sertifikatlara layiq görülüb.
    Rəhman Məmmədov bildirib ki, Təhsil Nazirliyi tərəfindən cari ilin aprel ayı “Mütaliə aylığı” elan edilib, keçirilən tədbirlərə, ümumilikdə, 20 mindən çox şagird cəlb olunub.
    Sonra məruzə ətrafında çıxışlar olub. 

***

    2022-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələr mövzusunda Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində keçirilən iclası nazir Ramil Hacı açıb. Bildirib ki, nazirlik tərəfindən 2022-ci ilin birinci yarım ili ərzində yeniyetmə və gənclərin intellektual bilik və bacarıqlarının yüksəldilməsi, Vətənə sevgi, dövlətə sədaqət ruhunda tərbiyə olunması, tariximizin öyrənilməsi, təhlili və gələcək nəsillərə çatdırılması, qədim diyarımızın tanıdılmasında rollarının artırılması, yaradıcılıq potensiallarının inkişaf etdirilməsi və asudə vaxtın səmərəli təşkili məqsədilə bir sıra tədbirlər keçirilib. Nazirliyin əməkdaşları “Könüllülərlə İş üzrə İdarəçilərin İnkişaf  Proqramı”, Fransanın Strasburq şəhərində keçirilən “Gənclərin hüquqlara çıxışı” adlı təlimlər və Türkiyə Respublikasında keçirilən mütəxəssis mübadiləsi proqramında iştirak edib, 2 nəfər gəncin könüllü qismində Bakı şəhərində təşkil edilən V Etnoidman Forumunda, 1 nəfər könüllü gəncin Tovuz rayonunda keçirilən “Gənclərin davamlı inkişafı” layihəsi çərçivəsində “Bilikdən bacarığa” adlı təlimdə iştirakları təmin edilib. İlin birinci yarısında Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbovun Naxçıvan gəncləri ilə görüşü təşkil olunub, həmçinin Ağbulaq İstirahət Mərkəzində muxtar respublikanın rayonlarından olan fəal gənclərlə Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin görüşü keçirilib. 
    Bəhs olunan dövr ərzində futbol üzrə Naxçıvan Region Liqası II dövrə oyunları, “Coca-Cola məktəbli kuboku” turniri, aşağı yaş qrupları arasında futbol üzrə Naxçıvan Muxtar Respublika turniri keçirilib, “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun 55 illik yubileyi ilə bağlı “1 uşaq-1 top” festivalı  təşkil edilib. Bununla yanaşı, əlamətdar günlərin qeyd edilməsi məqsədilə futzal, boks, 18 yaşadək fiziki imkanları məhdud uşaqlar arasında stolüstü tennis, yeniyetmələr arasında cüdo, 10 yaşadək şahmatçılar arasında şahmat, atletikanın qaçış, nizəatma və nüvəitələmə idman növləri üzrə Naxçıvan Muxtar Respublika birincilikləri, həmçinin ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Beynəlxalq şahmat turniri, “Heydər Əliyev kuboku” uğrunda müxtəlif idman növləri üzrə muxtar respublika birincilikləri təşkil edilib.
    Nazir Ramil Hacı vurğulayıb ki, birinci yarım il ərzində idmançılarımızın ölkə və beynəlxalq səviyyəli yarışlarda iştirakı təmin edilib, idmançılar ölkə səviyyəli yarışlarda 152, beynəlxalq turnirlərdə 26, Avropa çempionatında 30, dünya çempionatlarında 2 medal olmaqla, 210 medal qazanıblar. Qazanılan medallardan 84-ü qızıl, 43-ü gümüş, 83-ü isə bürüncdür.
    Sonra məruzə ətrafında çıxışlar olub, qərar layihəsi oxunub və təsdiq edilib.

***

    Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasından irəli gələn vəzifələr və Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi, onun yerli orqanları tərəfindən 2022-ci ilin birinci yarısında görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunan iclas keçirilib. 
    İclası giriş sözü ilə komitənin sədri Vaqif Rəsulov açaraq bildirib ki, cari ilin ötən dövründə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq edilmiş sərəncamların icrası istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir. “Statistik  Məlumatlar Sistemi”nin normal fəaliyyəti diqqətdə saxlanılmış, yeni proqram təminatlarının yaradılması, mövcud proqram təminatlarında yeniliklərin aparılması təmin edilmişdir. Bununla yanaşı, yerli statistika orqanlarında iş şəraitinin yaxşılaşdırılması istiqamətində Şahbuz Rayon Statistika İdarəsinin yerləşəcəyi inzibati binanın tikintisi davam etdirilmişdir. Muxtar respublikada əmək bazarında muzdlu işçilərin sayı və orta aylıq əməkhaqqı göstəricilərinin təhlili aparılmış, 2022-ci ilin yanvar-iyun ayları üzrə təsərrüfat subyektlərində açılmış yeni iş yerləri haqqında məlumat əldə edilmişdir. Ev təsərrüfatları, müəssisə və təşkilatlar tərəfindən cari ilin ötən dövründə yeni salınmış meyvə bağlarının uçotu aparılmışdır.
    Vurğulanıb ki, Azərbaycan Respublikası Prezidentinin “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” 2016-cı il 7 sentyabr tarixli Fərmanına əsasən 2019-cu ilin oktyabr ayında keçirilmiş əhalinin növbəti siyahıyaalınmasından əldə olunmuş yekun məlumatları özündə əks etdirən üç cilddən ibarət toplunun ilkin variantı hazırlanmış  və hazırda kütləvi nəşri istiqamətində işlər davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının  2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Naxçıvan Muxtar Respublikası üzrə nəzərdə tutulmuş tədbirlərin icra vəziyyətinə dair məlumatlar və müvafiq Dövlət proqramının əhatə etdiyi dövr üzrə bəzi göstəricilər rüblük dövrdə hazırlanaraq aidiyyəti üzrə təqdim olunmuşdur.
    Ötən dövr ərzində şəhər və rayon statistika idarələri ilə birlikdə, ümumilikdə, 10914 statistik vahiddən 37739 sayda hesabat yığılmışdır. Hesabatlar komitə aparatının aidiyyəti şöbələri tərəfindən ümumiləşdirilərək analiz edilmiş, muxtar respublika üzrə iqtisadi, sosial, demo­qrafik və ekoloji sahələrin vəziyyətinə dair göstəricilər əldə olunmuşdur. 
    2022-ci ilin 6 ayında statistik vahidlərin Dövlət reyestrində qeydiyyatda olan 2043 statistik vahidin göstəricilərinin aktuallaşdırılması nəzərdə tutulmuş vaxtda başa çatdırılmışdır. Bu dövr ərzində hesabat intizamına cəlb olunmayan hüquqi şəxs qalmamışdır. Cari ilin ötən dövründə sosial-iqtisadi inkişafa dair aylıq məruzələr hazırlanaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə, Nazirlər Kabinetinə və digər aidiyyəti orqanlara təqdim olunmuşdur.
    Komitə sədri Vaqif Rəsulov kollegiya iclasına yekun vuraraq bildirib ki, Dövlət Statistika Komitəsi aparatının, şəhər və rayon statistika idarələrinin əməkdaşları altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasından irəli gələn vəzifələri icra üçün rəhbərliyə alacaqlar. 
    Sonra məruzə ətrafında çıxışlar olub

***

    Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində bununla bağlı keçirilən kollegiya iclasını cəmiyyətin sədri Yəhya Allahverdiyev açaraq bildirib ki, görülən tədbirlər nəticəsində 2022-ci ilin birinci yarısında muxtar respublika ərazisində yerləşən və 303,5 milyon kubmetr su tutumuna malik olan sututarlarına 146 milyon kubmetr su ehtiyatı toplanıb. Su istifadəçilərinə mexaniki üsulla və öz axını ilə 112,3 milyon kubmetr suvarma suyu verilib, bunun müqabilində təkrar suvarma ilə 93982 hektar torpaq sahəsi su ilə təmin olunub.
    Qeyd edilib ki, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması hesabına suvarılan torpaq sahələrinin genişləndirilməsi məqsədilə 2022-ci ilin birinci yarısında Babək rayonunun Nehrəm qəsəbəsi ərazisində 250 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilib, müxtəlif diametrli borularla 18,9 kilometr xətt çəkilib, 187 ədəd paylayıcı hovuz quraşdırılıb. Bu işlərin davamı olaraq Babək rayonunun Güznüt, Çeşməbasar kəndləri ərazisində 240 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisinə başlanılıb. Torpaqların su təminatını yaxşılaşdırmaq üçün 2022-ci ilin birinci yarısı ərzində Kəngərli rayonunda 2200 hektar torpaq sahəsini suvarma suyu ilə təmin etmək üçün Araz çayından qidalanan yeni nasos stansiyası və təzyiqli boru xəttinin tikintisi başa çatdırılıb. Həmçinin Kəngərli rayonunda 3200 hektar torpaq sahəsini suvarma suyu ilə təmin etmək üçün yeni nasos stansiyası və təzyiqli boru xəttinin tikintisinə başlanılıb. 
    Diqqətə çatdırılıb ki, muxtar respublikada əhalinin içməli su təminatını və kommunal şəraitini yaxşılaşdırmaq üçün 3 kilometr yeni içməli su xətti çəkilib, müxtəlif diametrli 11,9 kilometr mövcud xətlərdə təmir-bərpa işləri yerinə yetirilib, 1927 metr kaptaj təmir olunub, 378 metr yeni kaptaj tikilib, 1237 metr kanalizasiya xətti çəkilib, 1180 metr kanalizasiya xətti təmir olunub. 
    Vurğulanıb ki, 2022-ci ilin yanvar-iyun ayları ərzində 7 kəhrizdə təmir-bərpa işləri başa çatdırılıb, 5 kəhrizdə təmir-bərpa işləri davam etdirilib, quyularda 323 metr təmizləmə işi aparılıb, 189 metr çalagərdan hörgü işi yerinə yetirilib, 3305 metr kürə lildən təmizlənib, 360 metr saybənd hörülüb. Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının 31 ədədinə yeni nasos quraşdırılmaqla 395 ədədi təmir olunub. Bundan əlavə, “Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Kəngərli rayonunun Qarabağlar kəndində 2 ədəd subartezian quyusunun tikintisi başa çatdırılıb, Culfa rayonunun Yaycı kəndində müxtəlif diametrli borularla 28,56 kilometr içməli su xətti çəkilib, 183 evin su xəttinə birləşmə aparılıb, 1151 su sayğacı və    6 ədəd yanğın hidrantı quraşdırılıb. Sədərək rayonunda isə içməli su və kanalizasiya şəbəkəsinin tikintisi uzun müddət fasilədən sonra cəmiyyətin Su Təmir-Tikinti İdarəsi tərəfindən davam etdirilir.
    Sonra çıxışlar dinlənilib, qarşıda duran vəzifələr müəyyənləşdirilib. 

***

    Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində keçirilən kollegiya iclasını komitənin sədri Hicran Rüstəmov açaraq bildirib ki,  2022-ci ilin birinci yarısında muxtar respublikada Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xətti ilə 67 milyon 539 min manat həcmində inşaat işləri yerinə yetirilib ki, bunun da 55 milyon 942 min manatını və ya 82,8 faizini tikinti-quraşdırma işləri təşkil edib.  
    Qeyd olunub ki, hesabat dövründə Şərur rayon Çərçiboğan kəndində 540 şagird yerlik tam orta məktəb binasının yenidən qurulması, uşaq musiqi məktəbi binasının tikintisi başa çatdırılıb, Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının yaradılması, Naxçıvan şəhərində Kimya Biologiya Təmayüllü Lisey binasının tikintisi, 210 yerlik uşaq bağçası binasının tikintisi, Alışar, Vərməziyar, Həmzəli kənd­lərində tam orta məktəb binalarının yenidən qurulması, Babək şəhərində məktəbdənkənar təhsil müəssisələri üçün binanın, Nehrəm qəsəbəsində, Sirab kəndlərində tam orta məktəb binalarının tikintisi, Vayxır kəndində orta məktəb binasının yenidən qurulması, Pəzməri kəndində ümumi orta məktəb binasının, Xanağa, Kələki kəndlərində tam orta məktəb binalarının yenidən qurulması, Azadkənd kəndində 270 şagird yerlik tam orta məktəb binasının, Şahbuz şəhərində məktəbdənkənar təhsil müəssisələri üçün binanın tikintisi davam etdirilir. Həmçinin Şərur rayonunun Çərçiboğan kəndində həkim ambulatoriyası binasının tikintisi başa çatdırılıb, Axura kəndində, Babək rayonunun Vayxır kəndində həkim ambulatoriyası binasının tikintisi, Culfa rayon Darıdağ Arsenli Su Müalicə və İstirahət Kompleksinin tikintisi davam etdirilir. 
    Ötən dövrdə Şərur şəhərində Mədəniyyət Sarayının tikintisi başa çatdırılıb, Naxçıvan şəhərində Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası binasının, “Zəfər” Parkının tikintisi, Şərur şəhərində Mərkəzi və Uşaq Kitabxanası binasının yenidən qurulması, Kəngərli rayonunda Tarix-Diyarşünaslıq Muzeyi binasının tikintisi davam etdirilir. Babək rayonunun Cəhri qəsəbəsində məscidin tikintisi başa çatdırılıb, Naxçıvan şəhərində məscidin tikintisi, Ordubad şəhərində isə Cümə məscidinin yenidən qurulması davam etdirilir.   
    Diqqətə çatdırılıb ki, cari ilin birinci yarısında Şərur rayon Çərçiboğan kəndində xidmət mərkəzi binasının tikintisi başa çatdırılıb, Şərur rayonunun 2, Babək rayonunun 1, Ordubad rayonunun 5 kəndində xidmət mərkəzi binasının tikintisi davam etdirilir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin inzibati binasının, Şərur şəhərində icra nümayəndəliyi binasının, 1-ci Sərhəd Komendantlığı binasının, Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Babək rayon şöbəsinin inzibati binasının yenidən qurulması, Çərçiboğan kəndində inzibati ərazi dairəsi üzrə nümayəndəlik binasının, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin Kəngərli Rayon İdarəsinin inzibati binasının tikintisi başa çatdırılıb, Naxçıvan şəhərində 4 mərtəbəli inzibati binanın, “ASAN xidmət” Mərkəzi binasının, Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin inzibati binasının, Naxçıvan Muxtar Respublikası STEAM Tədris Mərkəzi binasının, Oksigen İstehsalı Müəssisəsi binasının, İplik İstehsalı Müəssisəsi binasının, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya, Meşələrin inkişafı və meşə təsərrüfatı idarələri üçün inzibati binanın, “DOST” Mərkəzi binasının, Dəmiryol Nəqliyyatında Polis Şöbəsinin inzibati binasının tikintisi, Naxçıvan Dövlət Universitetinin Rektorluq binasının, Duzdağ Radio-Televiziya Ötürücü Stansiyasının inzibati və texniki binasının yenidən qurulması, Şərur şəhərində Sənaye Məhəlləsinin, Avtovağzal binasının tikintisi, Axura kəndində inzibati ərazi dairəsi üzrə nümayəndəlik binasının yenidən qurulması, Həmzəli kəndində, Babək rayonunun Vayxır, Ordubad rayonunun Unus, Kələki, Azadkənd, Xanağa kəndlərində inzibati ərazi dairəsi üzrə nümayəndəlik binasının, Pəzməri kəndində kənd mərkəzi binasının, Culfa rayonunda İcra Hakimiyyətinin inzibati binasının, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin Culfa Rayon İdarəsinin inzibati binasının, Şahbuz rayonunda Maliyyə Şöbəsinin və Statistika İdarəsinin inzibati binasının, “Naxçıvanterminalkompleks” Birliyi Sədərək Tır parkında yardımçı binanın tikintisi davam etdirilir. Həmçinin enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının, 15,6 meqavat gücündə Tivi Su Elektrik Stansiyasının, Culfa rayonunda 132/110/35 kilovat elektrik yarımstansiyasının tikintisi davam etdirilir. 
    Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin direktoru Bəhruz Əsgərov çıxışında bildirib ki, 2022-ci ilin birinci yarısında tikintisinə ötən il başlanılan Şərur rayon Çərçiboğan kənd avtomobil yolunda tikinti-quraşdırma işləri başa çatdırılaraq təhvil verilib, rayonun daxili avtomobil yollarında cari təmir, Xanlıqlar-Aşağı Daşarx-Yuxarı Daşarx və Xanlıqlar-Şərur-Dəmirçi, həmçinin bu ildən tikinti işlərinə start verilən Şərur Rayon Sənaye Məhəlləsi, Həmzəli-Axura, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 5 saylı Sərhəd Zastavası və Alışar kənd avtomobil yollarının yenidən qurulması davam etdirilib. Bununla yanaşı, Babək rayonunun Sirab və Vayxır kəndlərində, Cəhri-Aşağı Buzqov, Uzunoba gölü ətrafında, Babək şəhərindəki Hüseyn Cavid küçəsində avtomobil yollarının yenidənqurulması və rayondaxili avtomobil yollarında cari təmir işləri həyata keçirilib. Həmçinin Culfa rayonunda Gömrük İdarəsi ətrafında asfalt-beton örtüyünün təmiri işləri, rayondaxili avtomobil yollarında isə cari təmir, Culfa-Ordubad magistral avtomobil yolunda çat təmiri işləri həyata keçirilib. Ordubad rayonunda isə rayondaxili avtomobil yollarında asfalt-beton örtük, Vənənd kəndində isə körpü təmir olunub, tikintisinə ötən il başlanılan Vənənd-Pəzməri avtomobil yolunda inşaat işləri davam etdirilib, Azadkənd avtomobil yolunun yenidən qurulmasına başlanılıb. Şahbuz rayonunda da rayondaxili avtomobil yollarında cari təmir, Şahbuz şəhərində “N” hərbi hissədə 44 mənzilli yaşayış binasının ətrafında asfalt-beton işləri davam etdirilib. 
    Sonra çıxışlar olub.

***

    Naxçıvan Muxat Respublikası “Naxçıvanpoçt” publik hüquqi şəxsdə 2022-ci ilin birinci rübündə görülən işlər və qarşıda duran vəzifələr barəsində kollegiya iclası keçirilib. Tədbirdə çıxış edən “Naxçıvanpoçt” publik hüquqi şəxsin direktoru Səxavət Bağırov bildirib ki, 2022-ci ildə də poçt xidməti sahəsinə hərtərəfli dövlət qayğısı göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 9 fevral 2022-ci il tarixli Qərarı ilə “Naxçıvanpoçt” publik hüquqi şəxsin yeni ştat cədvəli təsdiq olunmuş, əməkhaqları artırılmış, əməkdaşların maddi rifahlarının yaxşılaşdırılması təmin olunmuşdur.
    Çıxışda 2022-ci ildə Naxçıvan Muxtar Respublikasında aparılan quruculuq işlərindən “Naxçıvanpoçt” publik hüquqi şəxsin də öz töhfəsini almasından bəhs olunub. Bildirilib ki, 2022-ci ilin ilk altı ayı ərzində əhalidən istehlak edilmiş elektrik enerjisinə görə 4 milyon 178 min 808 manat və ya ötən illə müqayisədə 32 faiz çox, istehlak edilmiş təbii qaza görə  8 milyon 744 min 544 manat və ya ötən illə müqayisədə 27 faiz çox, istehlak edilmiş suya görə 1 milyon 326 min 373 manat və ya ötən illə müqayisədə 11 faiz çox, internet istifadəçilərindən isə 1 milyon 131 min 754 manat və ya ötən illə müqayisədə 8 faiz çox, bələdiyyə ödənişlərindən 151 min 913 manat və ya ötən illə müqayisədə 108 faiz çox, məişət tullantısının yığılmasına görə əhalidən  90 min 549 manat və ya ötən illə müqayisədə 14 faiz çox, üzvlük haqlarından 538 min 382 manat və ya ötən illə müqayisədə 22 faiz çox vəsait yığılmışdır. 2022-ci il ərzində 4 milyon  531 min 239  manat pul baratı qəbul olunmuş, 3 milyon 753 min 492 manat pul baratı ödənmişdir. İlin altı ayı ərzində “Naxçıvanpoçt” publik hüquqi şəxs tərəfindən 47 min 181 manat dəyərində bağlama qəbul edilmişdir ki, bu da ötən illə müqayisədə 56 faiz çoxdur. Hesabat dövründə 15 min 245 manat dəyərində məktub qəbul olunmuşdur ki, bu da ötən illə müqayisədə 12 faiz çoxdur. “Naxçıvanpoçt” publik hüquqi şəxsin Xüsusi rabitə bölməsi üzrə bu ilin 6 ayı ərzində 9 min 618 manat dəyərində xidmət göstərilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz artım deməkdir. Sözügedən dövr ərzində muxtar respublika üzrə 1 milyon 372 min 388 manat və ya ötən illə müqayisədə 34 faiz çox olmaqla pensiya ödənişi aparılmışdır. Xidmətin səviyyəsinin artırılması əhali arasında xidmətə inamı artırmış və nəticədə,  104 nəfər pensiyaçı öz pensiyalarını poçt bölmələri vasitəsilə almaq üçün müraciət etmişdir.
    Səxavət Bağırov bildirib ki, “Naxçıvanpoçt” publik hüquqi şəxsin göstərdiyi xidmətlər üzrə hər bir filial, şöbə və bölmələr mütəmadi təhlillər aparmalı, xidmətin səviyyəsinin yüksəldilməsi və gəlirlərin artırılması istiqamətində təkliflərə müraciət etməlidirlər.
    Sonda məruzə ətrafında çıxışlar dinlənilib. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 28.07.2022 20:04