AZ EN RU

Kollegiya iclasında Naxçıvanla bağlı məsələlər də müzakirə olunub

Martın 14-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin növbəti kollegiya iclası keçirilib. İclasda Naxçıvan Muxtar Respublikasının gənclər və idman nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Məcid Seyidov da iştirak edib.
Nazir Fərid Qayıbovun sədrliyi ilə keçən iclasın gündəliyinə əsasən bir sıra məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib. O cümlədən, Naxçıvanda müvafiq sahədə görülmüş işlərə töhfə olaraq muxtar respublikanın 100 illik yubileyi ilə əlaqadar tədbirlərin keçirilməsi, hər iki qurum arasındakı əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, vətəndaş qəbulu çərçivəsində ictimaiyyət nümayəndələri ilə görüşlərin keçirilməsi istiqamətindəki planlar nəzərdən keçirilib. 
2024-cü ilin təqvim planı, idman növləri üzrə yığma komandalar, məşqçi və idmançı heyətlərinin siyahısına stronqmen idman növü üzrə əlavələrin edilməsi müzakirə olunaraq səsvermə ilə qəbul edilib. İclasda həmçinin "Şahin" hərbi-idman oyunu ilə bağlı məsələlər müzakirə olunub və müvafiq qərar qəbul edilib. İclasın sonunda gənclər və idman naziri Fərid Qayıbov "İdman həftəsi" çərçivəsində keçirilən tədbirlərin təşkilindəki xidmətlərinə görə regional gənclər və idman idarələrinin rəislərinə təşəkkürnamə təqdim edib və fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd edək ki, Kollegiya iclasında Nazirlər Kabinetinin 12 mart 2024-cü il tarixli, 132 nömrəli qərarı ilə kollegiya üzvü statusu qazanmış regional gənclər və idman idarələrinin rəisləri ilk dəfə iştirak ediblər.

Nəşr edilib : 15.03.2024 15:24