AZ EN RU

Kollegiya iclası keçirilib

2024-cü il 25 yanvar tarixdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il ərzində gördüyü işlər barədə kollegiya iclası keçirilib.

İclası giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, hesabat dövrü ərzində muxtar respublikada ailə, qadın və uşaqların hüquqlarının qorunması, həmçinin qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrası diqqətdə saxlanılıb, beynəlxalq günlər qeyd edilib, konfrans, tədbir, təlim, festival, seminar, görüş, ekskursiya və monitorinqlər keçirilib, sərgi-satışlar təşkil olunub. Komitədə ailə, qadın və uşaqlar haqqında məlumat bazası yaradılmış və aidiyyəti orqanlardan muxtar respublikada yaşayan ailələr, qadınlar və uşaqlar haqqında statistik məlumatlar alınaraq yaradılmış bazaya əlavə edilmiş və müqayisəli təhlilləri  aparılmışdır. 2023-cü il 01 iyul tarixə olan məlumata əsasən muxtar respublikada ailələrin sayı 99 370 nəfər olmuşdur ki, bu da ötən illə müqayisədə 618 ailə çoxdur. Bunlardan 47-i çoxuşaqlı (5 uşaqdan yuxarı), 1216-sı ailə təsərrüfatçısı olan, 276-sı məcburi köçkün, 538-i şəhid ailəsidir. Muxtar respublika əhalisinin 233 954 nəfərini qadınlar təşkil edir ki, bu da ötən illə müqayisədə 1777 qadın çoxdur. Bu qadınlardan 9735-i sahibkar, 8203-ü əlil, 413-ü məcburi köçkün, 249-u sosial xidmətdə olan ahıl, 3-ü Ahıllar Evində yaşayan, 307-si şəhid ailəsi sayılan, 221-i bələdiyyə üzvü, 10-u bələdiyyə sədri olan qadınlardır.

Muxtar respublikada 120 337 uşaq yaşayır. Bu da əhalinin 26%-ə yaxını təşkil edir. 81 uşaq valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan, 2056-sı sağlamlıq imkanları məhdud, 47-si şəhid uşaqlarıdır.

Hesabat dövrü ərzində gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə etibarlı monitorinq mexanizminin yaradılması məqsədilə Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) icra hakimiyyətləri yanında qanunvericiliyə uyğun olaraq məişət zorakılığının qarşısının alınmasına məsul olan dövlət orqanlarının nümayəndələrindən ibarət müvafiq monitorinq qrupu, muxtar respublikada fəaliyyət göstərən dövlət müəssisələrində genderə məsul şəxslərin  yaradılması məqsədilə tədbirlər görülmüş, monitorinq qrupları və məsul şəxslər yaradılmış və onlar üçün təlimlər təşkil edilmişdir.

Hesabat dövrü ərzində “Zəhmətkeş qadınların özünüməşğulluğunun dəstəklənməsi: layihələr və nəticələr” adlı kitab hazırlanmış, təqdimatı ilə bağlı tədbir keçirilmişdir. Həmçinin 3 adda maarifləndirici buklet hazırlanmış, özünüməşğulluğunu təmin etmiş sosial qayğıya ehtiyacı olan qadınların əl işlərinin satışına köməklik göstərilməsi məqsədilə 223 şəxsin 15 844 manat dəyərində 1528 əl işi və istehsal etdikləri məhsulların satışı həyata keçirilmişdir.

Kollegiya iclasında aparatın Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin müdiri Könül Babayeva, Maliyyə-təsərrüfat və kar­gü­­zar­lıq şöbəsinin müdiri Vüsalə Vəliyeva, ictimaiyyətlə əlaqələr və informasiya təminatı üzrə baş məsləhətçi Məhəmməd Əliyev 2023-cü il ərzində gördüyü işlər və qarşıda duran vəzifələr barədə çıxış etmişlər.

  Kollegiyanın iclasının yekununda Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü ilə dair İş Planı və Kollegiya iclasının qərarı təsdiq edildi.

Naxçıvan Muxtar Respublikası

 Ailə, Qadın və Uşaq Problemləri

üzrə Dövlət Komitəsinin

mətbuat xidməti

 

Nəşr edilib : 26.01.2024 10:53