AZ EN RU

Kollegiya iclası keçirilib

    Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 2023-cü ilin I yarım ilinə dair kollegiya iclası keçirilib. Kollegiyanı giriş sözü ilə komitə sədri Ramilə Seyidova açaraq bildirib ki, 2023-cü ilin I yarım ili ərzində komitə öz fəaliyyətini 2023-cü il üçün təsdiq olunmuş İş planına uyğun qurub, həmçinin ailə, qadın və uşaq hüquqlarının qorunması ilə bağlı qəbul edilmiş Dövlət proqramlarından irəli gələn vəzifələrin icrası diqqətdə saxlanılıb, hesabat dövrü ərzində bir sıra müvafiq mövzularla bağlı tədbirlər keçirilib.   
    Diqqətə çatdırılıb ki, Heydər Əliyev Sarayında “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda tədbir keçirilib, 2022-ci il ərzində muxtar respublikanın ictimai-siyasi həyatında fəal iştirak edən, müxtəlif nominasiyalar üzrə səmərəli fəaliyyətlərinə görə fərqlənən 35 qadına diplom verilib, istedadlı qadınların rəsm və əl işlərindən, eləcə də qadınlar tərəfindən nəşr olunan kitablardan və ailə təsərrüfatı ilə məşğul olan qadınların istehsal etdiyi məhsullardan ibarət sərgi təşkil olunub. 
    Hesabat dövrü ərzində “Liderliyə gedən yol” mövzusunda  rayonlarda 150 uşağın iştirakı ilə görüşlər  keçirilib.
    Komitə tərəfindən “Ailələrimizi tanıyaq” layihəsi çərçivəsində yeniyetmə və gənclərin iştirakı ilə uzunömürlü nümunəvi ailələrlə görüşlər keçirilib, sağlamlıq imkanları məhdud aztəminatlı  ailələrə baş çəkilib, ailələrə ehtiyaclarına uyğun ərzaq yardımı və tibbi ləvazimat verilib. Bundan başqa, Gənclər Fondu və Rəssamlar Birliyi ilə birgə muxtar respublika üzrə uşaqlar, gənclər və digər şəxslər arasında “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda X muxtar respublika yazı və rəsm müsabiqəsi elan etmiş, müxtəlif nominasiyalar üzrə 23 nəfər müsabiqənin qalibi olub.
    Komitə tərəfindən, həmçinin “Azərbaycan ailə siyasətinin təminatçısı Ulu Öndər Heydər Əliyev” mövzusunda tədbir keçirilib. Tədbirdə müvafiq mövzuda videoçarx təqdim edilib, çıxışlar olub, “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda X muxtar respublika yazı və rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb, müsabiqə qaliblərinin əsərlərindən ibarət sərgiyə baxış olub. Bununla yanaşı, “Heydər Əliyev və ailə dəyərləri” mövzusunda film və foto müsabiqəsi elan olunmuşdur.
    Hesabat dövründə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birgə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi ilə əlaqədar “Elmdə qadınlar” adlı konfrans, “İstedadlı uşaqlar-2023” adlı festival, 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda tədbirlər keçirilib.
   Komitə sədri qeyd edib ki, ümumilikdə, hesabat dövrü ərzində keçirilən 64 maarifləndirici  tədbirdən 37 ailə və 1860 nəfər yararlanıbş, 1653 təbliğat materialı, o cümlədən broşürlər paylanılıb. Naxçıvan Muxtar Respublikasında tək qadınların və ailə başçısı olan qadınların peşəyönümlü fəaliyyətə yönləndirilməsi ilə bağlı 40 qadının məlumatları aid nazirliklərə göndərilib, 6 rayonda aztəminatlı ailənin üzvü olan gənc qızlar və qadınlar üçün dekorativ-tətbiqi sənətin bədii tikmə sahəsinin öyrənilməsi ilə bağlı 6 dəfə təlim keçirilib. Təlimlərdən 126 nəfər yararlanıb.
    Vurğulanıb ki, ümumilikdə, hesabat dövrü ərzində özünüməşğulluğunu təmin etmiş sosial qayğıya ehtiyacı olan qadınların əl işlərinin satışına köməklik göstərilməsi məqsədilə 48 istedadlı qadının 6514 manat dəyərində 632 əl işi və istehsal etdikləri məhsulların satışı həyata keçirilib.
    Bəhs olunan dövrdə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın iclası keçirilib. Ümumilikdə, hesabat dövrü ərzində uşaq hüquqlarının qorunması ilə bağlı 54 monitorinq aparılıb.
    Məruzə ətrafında  çıxışlar dinlənilib, kollegiyanın qərarı qəbul edilib.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə 
Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 08.08.2023 19:40