AZ EN RU

Klub müəssisələrinin fəaliyyətinin artırılması və xalq yaradıcılığı nümunələrinin çəkilişlərinə hazırlıqla bağlı seminar-müşavirə keçirilib

Sentyabrın 7-də Naxçıvan Dövlət Film Fondunda “Klub müəssisələrinin fəaliyyətinin artırılması və xalq yaradıcılığı nümunələrinin çəkilişlərinə hazırlıq”la bağlı seminar-müşavirə keçirilmişdir. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı Şəfəq Qurbanova açaraq bildirmişdir ki, muxtar respublikamızda milli-mədəni, mənəvi irsimizin qorunması və yaşadılması daim diqqət mərkəzində saxlanılır. Belə ki, 2012-ci il Naxçıvan Muxtar Respublikasında “Milli Dəyərlər İli” elan olunmuş, bununla bağlı geniş tədbirlər planı hazırlanmışdır. Ötən illər ərzində muxtar respublikamızda beynəlxalq rəsm, folklor və muğam festivalları, ədəbi tədbirlər, xalq yaradıcılığı günləri, yaradıcılıq təşkilatları üzrə müsabiqələri, ailə dəyərlərinin qorunub saxlanılması ilə bağlı seminarlar keçirilmiş, milli dəyərlərin əsas daşıyıcısı olan xalq yaradıcılığının müxtəlif sahələri üzrə kurslar təşkil olunmuşdur. “Naxçıvan abidələri ensiklopediyası”, “Naxçıvan mətbəxi” və “Naxçıvan tikmələri”, “Naxçıvanın Türk-İslam mədəniyyəti abidələri”, “Yallılar: dünəndən bu günə” və digər kitab və ensiklopediyalar nəşr olunmuş, xalq yaradıcılığının qədim izlərini özündə yaşadan “Şərur yallıları”ndan ibarət disk buraxılmışdır.

Vurğulanmışdır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı xalq yaradıcılığı nümunələrinin araşdırılması, təbliği və tədqiqi sahəsində görülən işlərə böyük təkan vermişdir.

Seminar-müşavirədə Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin direktoru Səyyar Məmmədov “Klub müsəssisələrində dərnəklərin, folklor qruplarının yaradılması və fəaliyyətinin artırılması. Xalq yaradıcılığı nümunələrinin çəkilişlərinə hazırlıq”, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin şöbə müdiri Məhəmməd Məmmədov “Klub müəssisəsilərinin əməkdaşları tərəfindən folklor nümunələrinin toplanması işinə diqqətin artırılması, bu istiqamətdə konkret fəaliyyətin bərpa edilməsi”, Naxçıvan Dövlət Film Fondunun direktoru Mirakif Seyidov “Xalq yaradıcılığı nümunələrindən ibarət səhnəciklərin və ifaların hazırlanması zamanı qarşıya qoyulan tələblər” mövzusunda çıxış etmişdir.

Sonda tədbir iştirakçılarının rəy və təklifləri dinlənilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 07.09.2022 16:21