AZ EN RU

Klinik protokolların təqdimatı keçirilib

    Naxçıvan Muxtar Respublikası  Səhiyyə Nazirliyinin  Tibbi yardımın təşkili şöbəsi və Elmi tibbi şurası tərəfindən kliniki praktikada istifadə olunmaq üçün hazırlanan 73 klinik protokolun Kəngərli və Şərur rayon mərkəzi xəstəxanalarında təqdimatı keçirilib. Səhiyyə nazirinin müavini Samrat Gəncəyeva müxtəlif ixtisaslı həkim və baş mütəxəssislərin birgə əməyi ilə hazırlanan protokollar barədə məlumat verib, onların müayinə və müalicə prosesində əhəmiyyətindən bəhs edib.
    Nazirliyin Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov bildirib ki, 2021-ci il yanvar ayının 1-dən icbari tibbi sığortanın muxtar respublika ərazisində tətbiq edilməsi, vətəndaşların etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərdən yararlanması,  sığortanın xidmətlər zərfinə daxil olan tibbi prosedurlardan yararlanması klinik protokollların zəruriliyini daha da artırıb.Diqqətə çatdırılıb ki, müasir dövrdə dünyanın əksər ölkələrinin səhiyyə sistemi qarşısında duran vəzifə, həyata keçirilən islahat və dəyişikliklərin başlıca məqsədi tibbi yardımın keyfiyyətinin yüksəldilməsidir. Tibb elminin şaxələnməsi, tibbi biliklərin dərinləşməsi, əczaçılıq sənayesinin sürətli inkişafı, yeni müalicə üsullarının və dərman vasitələrinin tətbiqi, ənənəvi müalicə üsulları və istifadədə olan dərman vasitələri haqqında yeni biliklərin meydana çıxması praktiki həkimlərin məsuliyyətini artırıb. Qeyd edilməlidir ki, nazirliyin 26 fevral 2021-ci il tarixli kollegiyasında təsdiq edilən 73 klinik protokol bu günlərdə  “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində hər biri 150 tirajla  nəşr olunaraq  profillər üzrə müvafiq səhiyyə müəssisələrinə paylanılıb.
    Klinik protokolların təqdimatı  həftə ərzində Naxçıvan Muxtar Respublikası  Mərkəzi Uşaq Xəstəxanası, Kardioloji Mərkəz və Naxçıvan Şəhər Poliklinikasında da həyata keçirilib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 23.02.2022 18:40