AZ EN RU

Klassik universitet, modern uğurlar

Naxçıvan Dövlət Universiteti nəinki ölkəmizin ali məktəbləri, həm də dünya universitetləri sistemində yüksək nüfuzu, hərtərəfli inkişafı, yüksəkixtisaslı kadrların hazırlanması sahəsindəki fəaliyyəti ilə tanınır. Son illər Naxçıvan Dövlət Universitetinin tədris imkanlarının keyfiyyətə doğru şaxələndirilməsi, ixtisaslaşma proseslərinin təkmilləşməsi və ali məktəblərarası qarşılıqlı əməkdaşlıqlar mühüm proritet kimi qəbul edilib. Təsadüfi deyildir ki, Naxçıvan Dövlət Universiteti bir sıra sahələr üzrə ali təhsil müəssisələri arasında öncül yerləri tutmuş, onun fəaliyyəti təqdir olunmuş, klassik universitetlərlə müqayisə edilmiş, regionun elm və təhsil mərkəzlərindən biri kimi nüfuz qazanmışdır. Universitetdə inkişaf etmiş ali təhsil müəssisələri üçün xarakterik sayılan bütün struktur bölmələr yaradılmış, ilk dəfə burada müxtəlif yeniliklər tətbiq olunmuş və onların səmərəli fəaliyyəti təmin edilmişdir. Bunu universitetin istər beynəlxalq əməkdaşlıqlarının daha dinamik olaraq davamlılığında, iqtisadi, sosial, tibbi və digər mövzular üzrə ortaq elmi araşdırmaların uğurla həyata keçirilməsində, elmi konfransların təşkil olunmasında, eyni zamanda daha mütərəqqi layihələrin reallaşmasında daha açıq şəkildə görmək mümkündür.

Bütün bunların nəticəsidir ki, universitetin tələbə və məzunları ötən illərdə uğurlu nəticələrə imza atmışlar. Belə ki, hər il ölkədə və ölkədən kənarda keçirilən müxtəlif istiqamətlərdə tələbələrimiz qabaqcıl yerlər qazanmışdır. Elm, tədris, incəsənət və idman sahələrində tələbələrimiz dəfələrlə ölkə çempionu olmuşdur. Naxçıvan Dövlət Universitetinin “ENACTUS” tələbə komandası 2021, 2022 və 2023-cü illərdə ölkə çempionu olmuş, dünya kubokunda ölkəmizi layiqincə təmsil etmişdir. Tələbələrimiz startap müsabiqələrində hər il yüksək nəaliyyətlər qazanmış, qalib olmuşlar. Dünyanın ən böyük robototexnika festivalı olan Robotex turnirlərində son 2 ildə universitetimizin 10-dan çox tələbə komandası müxtəlif kateqoriyalar üzrə 1-ci yeri tutaraq mükafata layiq görülüb. Antaliya şəhərində keçirilən Robotex dünya festivalında tələbələrimiz ən yüksək yerləri tutaraq ölkəmizi dünyada təmsil etmək şansı qazanıb. Universitetimizin 2 gənc müəllimi Prezident mükafatına layiq görülüb. 2023-cü ildə ali təhsildə yüksək akademik göstəriciləri olan 3 tələbəmiz “Heydər Əliyev təqaüdü” qazanıb. 2023-cü ildə Naxçıvan Dövlət Universitetinin gənc kulinarları V Respublika çempionatının qalibi olub. Naxçıvan Dövlət Universitetinin tələbələri ümumrespublika vergilər olimpiadasında ən yaxşı nəticələr qazanıb. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş müsabiqə-festivalda Naxçıvan Dövlət Universitetinin tələbələri bədii-yaradıcılıq müsabiqə-festivalının qalibi olublar. Azərbaycan ali təhsil müəssisələri arasında yeganə Naxçıvan Dövlət Universitetinə məxsus olan IELTS, SAT imtahan mərkəzlərinin fəaliyyəti nəticəsində son 2 ildə 50-dən çox tələbəmiz yüksək IELTS nəticələrinə sahib olub. 2023-cü ildə 30 məzun tələbəmiz dünyanın ən qabaqcıl universitetlərində, iki məzunumuz “Dövlət proqramı təqaüdçüsü” adını qazanaraq Fransa və ABŞ-da magistratura təhsili qazanıb. 2024-cü ildə Azərbaycan ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən çempionatda tələbə futbol komandamız ölkə çempionu olub.

Müasir təhsil infrastrukturunun, möhkəm maddi-texniki bazanın və güclü kadr potensialının yaradılmasının nəticəsidir ki, son illərdə universitetə təhsil almaq üçün müraciət edən əcnəbi tələbələrin sayında yüksək artım dinamikası müşahidə olunur. Ölkədə NDU əcnəbi tələbələrin sayına görə birincidir. 2021-2022-ci tədris ilində 14 nəfər, 2022-2023-cü tədris ilində 25 nəfər 600-dən yuxarı bal toplayaraq universitetə qəbul olmuş, universitet tarixində ilk dəfə olaraq 2 nəfər Prezident Təqaüdünə layiq görülmüşdür.

Naxçıvan Dövlət Universiteti 2022-2023-cü tədris ilində Tibb ixtisası üzrə ən yüksək – 677 qəbul balına görə ölkə üzrə ilk yerdə qərarlaşmışdır. Son 2 ilin qəbul nəticələrində NDU-nun İngilis dili müəllimliyi, Hüquqşünaslıq, Tibb ixtisaslarında ölkə üzrə yüksək keçid balları müşahidə edilmişdir.

2023-cü ildə Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda yüksək nəticə göstərən məzunlar arasında NDU-nun qabaqcıl yer qazanması da heç təsadüfü deyil. Bütün sahələrdə ilklərə imza atan NDU-nun tələbə və məzunlarının da yüksək uğurlar qazanması son illərdə tətbiq olunmağa başlayan tələbəyönümlü təhsil sisteminə və təlim nəticələrinə əsaslanan yanaşma, tədrisin keyfiyyətinin və elmi fəallığının artırılması, insan kapitalının formalaşdırılması, “Tədqiqat” və uzaq gələcəkdə “Sahibkar” universitet statusu qazanma yolunda inamla addımlaması nəticəsindədir.

Nəticədə, Dövlət İmtahan Mərkəzinin rəsmi açıqlamasında dövlət qulluğu imtahanlarında Naxçıvan Dövlət Universitetinin tələbələrinin ən yüksək nəticəyə sahib olması, dövlət qayğısından bəhrələnərək missiyasını davamlı inkişafa hədəfləmiş ali təhsil ocağının Azərbaycan elm, təhsil və ictimai həyatında uğurlu və nəticəyönümlü fəaliyyətindən xəbər verir.

Arzu ABDULLAYEV

Naxçıvan Dövlət Universitetinin prorektoru

Nəşr edilib : 30.04.2024 10:25