AZ EN RU

KİV: Bakıda keçiriləcək COP29 qlobal fəaliyyət üçün lakmus kağızıdır

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) iqlim böhranından təsirlənən cəmiyyətlər üçün kritik bir vaxtda baş tutacaq.

Bu barədə Bolqarıstanın FAKTİ nəşrinin “İqlim dəyişikliyi üzrə sammit - 2024: Nə üçün vacibdir və nə təklif edir?” adlı məqaləsində bildirilib.

“Hazırda qlobal temperatur gözləniləndən daha sürətlə yüksəlir, ekstremal hava hadisələri daha tez-tez və şiddətli xarakter alır, dəniz səviyyəsi dəyişir, buzlaqlar əriyir, səhralaşma və havanın çirklənməsinin artması insanların sağlamlığının pisləşməsinə səbəb olur”, - müəlliflər bildirib.

Nəşrdə o da vurğulanıb ki, bu gün dünya ölkələri ərzaq təhlükəsizliyi baxımından bir sıra problemlərlə üzləşirlər: “Kiçik ada dövlətləri üçün bu, hətta ekzistensial xarakter daşıyır və bu, beynəlxalq ictimaiyyətin COP29-da maksimum iştirakının vacibliyini vurğulayır”.

Qeyd edilib ki, COP29-da iqlim dəyişikliyinin dağıdıcı təsirlərinin azaldılması üzrə ümumi məqsədə nail olmaq üçün bir sıra kritik məsələlər müzakirə ediləcək. Bununla belə, gündəmin əsas mövzusu yüksək gəlirli ölkələrdən aşağı gəlirli ölkələrə kömək etmək üçün maliyyələşmə olaraq qalacaq.

Bildirilib ki, çirkləndirici iqtisadi inkişafdan bəhrələnən yüksək gəlirli ölkələrin daha kasıb ölkələrə karbonsuzlaşdırma və kəskin dəyişən iqlimə uyğunlaşması üçün maliyyə dəstəyi göstərməsi ədalətli olardı: “2009-cu ildə verilən son illik 100 milyard dollarlıq maliyyə vədi yerinə yetirilmədi ki, bu da inamsızlığın artmasına və iqlim dəyişikliyi ilə mübarizə üçün onilliklərin boşa getməsinə səbəb olub”.

Müəlliflər onu da vurğulayıblar ki, bütün bunları nəzərə alaraq, noyabrda Azərbaycanda keçiriləcək COP29 konfransı iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal fəaliyyət üçün lakmus kağızı kimi qəbul edilir:

“Azərbaycan ev sahibi ölkə kimi COP29-a inklüziv, şəffaf və qərəzsiz ev sahibliyi etməyi öhdəsinə götürüb. Ölkə COP29 üçün öz baxışını ambisiyaları artırmaq və fəaliyyətləri stimullaşdırmaq kimi təsvir edib. Azərbaycanın əsas prioriteti inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını və prioritetlərini nəzərə almaqla iqlim dəyişikliyinə qarşı mübarizədə maliyyə məsələsinin həll edilməsidir”.

Nəşr edilib : 19.07.2024 15:18