AZ EN RU

Kitabxanada “Naxçıvan Muxtar Respublikası - 100” adlı elektron məlumat bazası hazırlanıb

Bu gün Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutmuş, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynamış gözəl diyarı Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Sərəncamdan irəli gələn tədbirləri həyata keçirmək məqsədilə “Naxçıvan Muxtar Respublikası - 100” adlı elektron məlumat bazası hazırlanıb.
Kitabxanadan  bildirilib ki, elektron məlumat bazasında müxtəlif illərdə muxtar respublikaya dair imzalanan rəsmi sənədlər, Naxçıvan diyarının qədim tarixi, inzibati - ərazi vahidləri, mədəniyyət, təhsil, iqtisadiyyat, səhiyyə sahələri, görkəmli şəxsiyyətləri haqqında məlumat verilir. Bazada Naxçıvan Muxtar Respublikası haqqında Azərbaycan və xarici dillərdə qələmə alınan kitabların, məqalələrin biblioqrafik təsvirləri, Naxçıvan Muxtar Respublikası Baş nazirinin sabiq müavini Təranə Quliyevanın “Naxçıvanlılar Heydər Əliyevi, Ulu Öndər isə Naxçıvanı qorumuşdu...”, Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyevin “İlham Əliyevin yeni Naxçıvan modeli”, AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin “Azərbaycanın dövlət müstəqilliyinin Naxçıvan təməli və dərsləri” və Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının baş müəllimi Yunis Xəlilovun “Moskva və Qars beynəlxalq müqavilələri müstəvisində Naxçıvanın hüquqi statusu” məqalələrinin tam mətni təqdim edilir.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan elektron məlumat bazasında “Naxçıvan - İslam mədəniyyətinin paytaxtı - 2018”, “Avtoreferatlar, dissertasiyalar”, “Notlar”, “İzomateriallar”, “Foto və videoqalereya”, “Virtual sərgi” bölmələri də mövcuddur.

“Naxçıvan Muxtar Respublikası - 100” adlı elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib.

Nəşr edilib : 09.02.2024 11:48