AZ EN RU

Kitabxanaçılar üçün seminar keçirilmişdir

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində olan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin kitabxanaçıları üçün seminar təşkil edilmişdir.

Aprelin 29-da Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Daxil olan çap məhsullarının qeydiyyata alınması qaydaları” mövzusunda keçirilən seminarı giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının baş məsləhətçisi Aygun Heydərli açaraq qeyd etmişdir ki, bugün muxtar respublikamızda gedən inkişaf kitabxanalardan da yan keçmir. Kitabxanalar üçün yeni binalar tikilir, inventar və avadanlıqlarla təchiz edilir. Bildirilmişdir ki, seminarın əsas məqsədi sözügedən sahə üzrə kitabxanaçıların kitabxana işi haqqında daha geniş biliklərə yiyələnməsi, müəssisəyə daxil olan çap məhsullarının düzgün işlənmə qaydalarının mənimsənilməsindən ibarətdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Rüstəmova kitabxana işi sahəsində qanunvericilik bazası haqqında tədbir iştirakçılarına məlumat vermişdir. Bütün bunlar ölkəmizdə kitabxana işinin təkmilləşdirilməsinə, kitab nəşrinin və kitabxanaların inkişafına ciddi təkan vermişdir.

“Daxil olan çap məhsullarının qeydiyyata alınması” və “Kitabların kitabxana qaydasına əsasən işlənməsi” mövzularında çıxış edən M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Komplektləşdirmə şöbəsinin müdiri Rahilə Məmmədova və Kitabişləmə və kataloqlaşdırma şöbəsinin müdiri Əzizə Süleymanzadə bildirmişlər ki, digər kitabxanalarda olduğu kimi uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin kitabxanalarında da bütün çap məhsulları kitabxana qaydası ilə işlənməlidir. Bura kitabların ümumi uçota alınması, möhürlənməsi, onlara inventar nömrəsinin yazılması, təsnif edilməsi, müəllif işarəsinin qoyulması, ciblik, müddət vərəqəsi vurulması, kitab formulyarı yazılması, kataloqlar üçün kitabın təsvir edilməsi və s. daxildir.

Seminar iştirakçılarına daxil olan çap məhsullarının qeydiyyata alınması qaydaları əyani olaraq izah edilmiş, onların sualları cavablandırılmışdır.

 

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 29.04.2022 16:29